525.Az

"Əgər məmurun övladı zirəkdirsə..."


 

ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏRİ NƏZƏRDƏ TUTAN NÖVBƏTİ LAYİHƏDƏ SAHİBKARLARA DƏSTƏKLƏ BAĞLI MƏQAMLAR ÖZ ƏKSİNİ TAPA BİLƏR

"Əgər məmurun övladı zirəkdirsə..."<b style="color:red"></b>

"Sahibkarlığın inkişafına kömək etmək, onlara dəstək vermək borcumuzdur. Prezident İlham Əliyev də həm son müşavirədə, həm də regionlarla bağlı axırıncı konfransda bir daha bu məsələyə toxundu və hamını sahibkarlara kömək etməyə çağırdı".

Bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 28-də keçirilən iclasında sözügedən komitənin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığa münasibət dəyişməlidir:

"Onlar haqqında az qala oğru, quldur obrazı yaradılmışdı. Sahbkarlara sovetlər dövründə olan münasibət vardı, hamı onlara qolçomaqlar kimi baxırdı. İndi bu münasibətin dəyişdirilməsinə ehtiyac var.

Prezidentin bütün çıxışlarında da bu məsələ qaldırılır, sahibkarlar kömək, dəstək göstərilməsi üçün çağırışlar edilir və müvafiq addımlar atılır. Prezdent deyir ki, sahibkarın başından vurmayaq, onlara "əl uzadan" məmurun əlindən vuraq.

Ona görə biz də parlament və komitə olaraq bu çağırışa, sahibkarlara dəstək verməliyik, qanunvericiliyimizdə nə lazımdırsa, onu da etməliyik".

H. Rəcəbli deyib ki, yaxın zamanlarda Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan növbəti layihənin ortaya qoyulması gözlənilir.

"Çalışacağıq ki, elə həmin Məcəllədə sahibkarlıqla bağlı məsələləri də nəzərdə tutaq. Bəzən məmur övladlarının sahibkarlıqla məşğul olmasına da narazılıq edən, buna başqa cür don geyindirməyə çalışanlar var. Əgər məmurun övladı zirəkdirsə, qanuni şəkildə sahibkarlıqla məşğuldursa, onu niyə başqa cür yozaq?

Təbii ki, əgər kiminsə əməlində korrupsiya elementləri varsa, bununla işimiz yoxdur, bununla aiddiyyatı orqanlar məşğul olmalıdırlar, amma bütövlükdə bu mənfi tendensiya aradan qaldırılmalıdır"-deyə, H. Rəcəbli daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





29.01.2016    çap et  çap et