525.Az

"Dərmanların yenidən ƏDV-yə cəlb edilməsi qıtlıq yarada bilər"


 

"Dərmanların yenidən ƏDV-yə cəlb edilməsi qıtlıq yarada bilər"<b style="color:red"></b>

"İdxal olunan dərmanların yenidən Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb olunması ilə bağlı bir müddət öncə Vergilər Məcəlləsinə edilmiş düzəlişə heç bir ehtiyac yoxdur".

Bunu millət vəkili Kəmaləddin Qafarov parlamentin Səhiyyə komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 28-də keçirilən iclasında çıxışı zamanı dilə gətirib. 

Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində idxal olunan dərmanlar ƏDV-dən azad edildiyi halda, ötən ilin payızında parlamentdə Vergilər Məcəlləsinə düzəliş yolu ilə idxal olunan dərmanlar yenidən ƏDV-yə cəlb edilib:

"Hesab edirəm ki,  bu dəyişiklik geriyə doğru atılmış addımdır. Hazırda ölkədə dərman qıtlığı yoxdur. Amma bu düzəliş aradan qaldırılmazsa, ölkədə dərman qıtlığı yarana bilər".

Sözügedən komitənin sədr müavini Musa Quliyev də deputat həmkarının fikirlərini dəstəkləyib:
 
"Dünyada xəstəlik və xəstələr hesabına büdcənin doldurulması deyilən bir anlayış, bir praktika yoxdur. Dünya ölkələrinin əksəriyyətində idxal olunan dərmanlar ya tam ƏDV-dən azad olunublar, ya da cüzi şəkildə bunu saxlayıblar. Ona görə bu düzəliş təcili aradan qaldırılmalıdır"

Adıçəkilən komitənin sədri  Əhliman Əmiraslanov öz növbəsində deputatların fikirlərinə dəstək verib və qeyd edib ki, bu işlə tək komitə yox, bütövlükdə səhiyyə ictimaiyyəti və Səhiyyə Nazirliyi də məşğul olmalıdır:
 
"Biz mütləq bir yerdə bu məsələyə baxmalı və həmin dəyişikliyin Vergilər Məcəlləsindən çıxarılmasına nail olmalıyıq".

Kamil HƏMZƏOĞLU

 





29.01.2016    çap et  çap et