525.Az

"2016-cı il üçün yeni islahatlar başlandığını tam şəkildə demək olar"


 

"2016-cı il üçün yeni islahatlar başlandığını tam şəkildə demək olar"<b style="color:red"></b>

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxundu, bəzi mühüm göstəriş və tapşırıqlar verdi.

Dövlət başçısı əldə edilmiş uğurları qeyd edərək, hazırda bütün dünyada cərəyan edən iqtisadi böhranın təsirlərini Azərbaycanda azaltmaq üçün iqtisadi sahədə islahatlara ehtiyac olduğunu vurğulayıb.  Prezident konfransda bildirdi ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha dərinləşdi, ancaq Azərbaycan bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlayıb. Keçən il  iqtisadiyyat   1,1 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. 2015-ci il "Cənub Qaz" dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılıb. Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir.  İri həcmli investisiyalar, əlverişli biznes mühiti sayəsində Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib. Tarixi "İpək Yolu" bərpa edilir. Artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya yüklər Azərbaycan ərazisindən getməyə başlayıb.

Dövlət başçısı 2015-ci ildə bütün sosial proqramların  icra edildiyini vurğulayıb. Eyni zamanda 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tarixi hadisə və tarixi nailiyyət olduğunu əlavə edib. Azərbaycan son 12 il ərzində böyük, şərəfli inkişaf yol keçib, iqtisadiyyat 3 dəfədən çox artıb, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 70 faizə çatıb. Son illər qeyri-neft iqtisadiyyatında, xüsusilə qeyri-neft sənayesində sürətli inkişaf müşahidə olunur.

Dövlət başçısı 2016-cı ilin çox ciddi iqtisadi islahatlar ili olacağını vurğulayıb: "2016-cı il çox ciddi iqtisadi islahatlar ili olacaqdır. İslahatların dərinləşdirilməsinə xidmət edən əlavə hüquqi aktlar qəbul ediləcəkdir.Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməməlidir".

Prezidentin çıxışında irəli sürdüyü tezislərə, qarşıya qoyduğu vəzifələrə münasibət bildirən ekspertlər, millət vəkilləri hesab edirlər ki, Azərbaycan ictimai-siyasi sabitliyin qorunub saxlanması ilə inkişaf edir. Bundan çıxış edərək Azərbaycanın  2016-cı il üçün yeni islahatlara başlandığı tam rahat şəkildə  demək olar.

Milli Məclisin deputatı Elman Məmmədov  deyib ki, ilk növbədə müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi, iqtisadiyyatımızı möhkəmləndirmək üçün ölkə daxilində ictimai-siyasi sabitliyimizi qoruyub saxlamalıyıq. Bu istiqamətdə həmişə ölkədə ciddi iş aparılır. E.Məmmədov bildirib ki, Azərbaycanda mövcud olan multikulturalizm dünya üçün bir nümunədir: "Azərbaycanda mövcud olan dini tolerantlıq nümunəvi bir formadadır. Azərbaycan çox millətli bir dövlətdir və bu baxımdan Prezident İlham Əliyev bu sahəyə həmişə böyük diqqət verir". Deputat vurğulayıb ki, Azərbaycanda millətlərarası ziddiyyət olmayıb: "Biz daxili sabitliyimizi qoruyub saxlamalıyıq və inkişaf etdirməliyik. Azərbaycan fərqli mədəniyyətlərin qorunub saxlanması, birgə yaşayış istiqamətində çox yüksək uğurlara nail olub. Biz bunu bir nümunə kimi dünyaya göstəririk. Azərbaycan bu istiqamətdə inkişaf edir və bu, düzgün yoldur. Biz ictimai-siyasi sabitliyi qoruyub saxlayaraq ölkəmizi, iqtisadiyyatımızı inkişaf etdiririk".

Millət vəkili Tahir Rzayev isə deyib ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə iqtisadiyyatının inkişafı, idxaldan asılılığın azaldılması ilə bağlı mühüm məsələlərə toxundu. T.Rzayev bildirib ki, çıxışı zamanı qeyd olundu ki, Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir: "Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır. Biz nəinki əhalinin tələbatını ödəməli, müəyyən məhsulları xarici ölkələrə ixrac da etməliyik".

Millət vəkili qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev daim bu məsələni diqqətdə saxlayır və Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu istiqamətdə ciddi tapşırıqlar verdi. Deputat bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək əsas tədbirlərdən biri də kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir: "Bu proses bütün regionlarda həyata keçirilməlidir: "Taxılçılıq, bitkiçilik, pambıqçılıq, arıçılıq, üzümçülük inkişaf etdirilməlidir. Azərbaycan elə bir iqlimə malikdir ki, burada çox sayda məhsullar becərmək, yetişdirmək olar. Yerli məhsulların istehsalını inkişaf etdirərək xaricə ixracını genişləndirə də bilərik".

İqtisadçı ekspert Nicat Hacızadə bildirib ki, Azərbaycan iqtisadiyyatının 80%-i özəl sektorun payına düşür. Bütün bunlar ölkənin bazar iqtisadiyyatı şəraitində inkişafda olmasını göstərən indikatorlardır. Onun sözlərinə görə, 2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat olub: "Əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi 5703,7 manat, yaxud 5558,7 ABŞ dolları təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunub, onun ÜDM-də xüsusi çəkisi 69,3 faizədək yüksəlib". N.Hacızadə əlavə edib ki, bu dövrdə ümumi daxili məhsulun 33,93 faizi sənayedə, 12,14 faizi tikintidə, 10,00 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,40 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,71 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99 faizi informasiya və rabitə sahələrində, 19,31 faizi isə digər sahələrdə istehsal edilib: "Məhsula və idxala xalis vergilər ÜDM-in 8,29 faizini təşkil edib. Bütün bunlar göstərir ki, özəl sektorun, xüsusilə qeyri neft sektoru daha da inkişaf etdirilməlidir. Ölkə prezidentinin "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı  nitqi bir daha 2016-cı ilin ciddi islahat ili olmasını özündə ehtiva etdi".

Ekspert Emin Əliyev isə vurğulayıb ki, ölkə başçısı qeyd edilən konfransda qlobal dünya iqtisadi böhranı, neftin qiymətinin düşməsinin inkişafda olan ölkələrinin iqtisadiyyatlarına təsiri, dünya güclərinin maraqları, Avropada miqrasiya böhranı, multikulturalizm və digər aktual mövzulara toxundu.

Onun sözlərinə görə, Azərbaycan qlobal siyasətə, iqtisadiyyata inteqrasiya olunduğu üçün təbii ki, baş verən proseslər ölkəmizə təsirsiz ötüşmədi: "Ötən il Azərbaycanın ümumi daxili məhsulunun artımı 1.1% təşkil edib. Təbii ki, keçən illərlə müqayisədə bu rəqəm böyük deyil. Lakin nəzərə alınsa ki, neftin qiyməti son 20 ay ərzində 149 ABŞ dollarından 30 dollaradək enib, əldə olunmuş artım tempi müsbət göstəricidir. İnkişafda olan digər ölkələrdə ÜDM artması deyil,  resessiya (geriləmə) müşahidə olunur, iqtisadiyyatları kiçilir". E.Əliyev bildirib ki, bu kontekstdə digər bir məqam qeyri-neft sektorunun artmasıdır:

"Statistik göstəricilərə əsasən, bu sektor 8.4% artım nümayiş etdirdi. Şübhəsiz ki, 2016-cı ildə bu rəqəmin artması səbəbləri artıq bu gün liberal iqtisadi islahatların aparılması və ölkə rəhbərliyinin üzərində çalışdığı iri regional layihələrin reallaşdırılması kontekstində olacaq.
 
Ölkə başçısı bu istiqamətləri bir daha vurğuladı və prioritetləri müəyyənləşdirdi:

"Kənd təsərrüfatı sektorunda artım 6.6 faiz təşkil edib. Bu göstərici onu sübut etdi ki, hətta böhran şəraitində bu istiqamət təşəkkülünü tapıb. Energetika sektoruna toxunsaq, "Cənub Qaz" dəhlizi layihəsi"nin reallaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu strateji istiqamətdə "Şahdəniz", "Cənub Qafqaz boru kəməri", "TANAP", "TAP" seqmentləri üzrə 2016-cı ildə həlledici mərhələlərdən olacaq. Azərbaycan ötən il özünün tranzit potensialını nümayiş etdirdi. İnfrastruktura investisiya olunmuş vəsaitlər özünün bəhrəsini verməyə başladı. Bu seqmentin inkişafı Azərbaycanı 2016-cı ildə loqistik mərkəzə çevrilməsi istiqamətində töhfəsini verəcək".

O əlavə edib ki, ölkə başçısı göstərilən istiqamətlər ilə yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Maraqlı məqam ondan ibarət oldu ki, dövlət rəsmiləri ilə yanaşı, konfransda ölkənin qeyri-neft sektorunda çalışan iş adamları iştirak etdilər. Konfransın formatı biznes yönümlü oldu və bu da Prezidentin mesajlarını bir daha vurğuladı".

PƏRVANƏ

 





29.01.2016    çap et  çap et