525.Az

Prezident sahibkarları sosial məsuliyyətə dəvət etdi


 

MUSA QULİYEV: "SAHİBKARLAR MƏNSUB OLDUĞU MİLLƏTİN, DÖVLƏTİN MÜƏYYƏN QƏDƏR YÜKÜNÜ ÖZ ÜZƏRİNƏ GÖTÜRMƏYİ BACARMALIDIRLAR"

Prezident sahibkarları sosial məsuliyyətə dəvət etdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.

Ölkə rəhbəri çıxşında qlobal iqtisadi böhran şəraitində yaranmış ölkədaxili problemlərin həlli ilə bağlı fikrilərini bildirib, işsizliyin aradan qaldırılması, sahibkarlığın inkişafı istiqamətində ciddi addımların atılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Bu məqsədlə konfransda maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak ediblər.

Həmçinin, Prezident çıxışında yerli istehsalın artırılması, sahibkarlığa dəstək, məhsulların qiymətinin süni şəkildə qarşısının alınması istiqamətində görülən işlərdən danışıb, əhalinin sosial rifah halının yaxşılaşdırılması, ərzaq təminatının gücləndirilməsi, korrupsiya və rüşvətxorluğunun aradan qaldırılmasının dövlətin qarşısında duran preoritet məsələr olduğunu diqqətə çatdırıb. Bu mənada, ölkə başçısı məmurları daha məsuliyyətli olmağa çağırıb, heç bir özbaşınalığın cəzasız qalmayacağını xatırladıb.

İlham Əliyev bildirib ki, sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir:
 
"Sahibkarlığın inkişafı üçün yeni yanaşmalar lazımdır. Ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır.

Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir.

Sahibkarlar yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. İş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşıb, işsizləri işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr, ümumi işimizə töhfə verərlər".

Prezident deyib ki, 2016-cı il vergi uçotu və statistika sahəsində dönüş olmalı, maliyyə, uçot-statistika aparıcı ölkələrin səviyyəsinə uyğun qurulmalıdır:

"Ölkəyə turist axını təmin edilməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artıb. Biz bundan istifadə etməliyik. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələri icra edilməlidir. Bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalı, ayrılacaq sahələrlə bağlı konkret təkliflər verilməlidir. Rayon icra hakimiyyətlərinin fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq: nə qədər investisiya cəlb etmisən, sahibkarlara nə qədər şərait yaratmısan, nə qədər müəssisə, yeni iş yeri açılıb?! 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm veriləcək".

Prezident səviyyəsində həyata keçirilən islahatlarla bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev "525"ə bildirib ki, ölkə başçısı son 1 ayda 3 müşavirə keçirib.
 
Onun sözlərinə görə, Prezidentin sədrliyi ilə keçən bu toplantılarda diqqət mərkəzində duran əsas məsələlər qlobal iqtisadi böhranın ölkəyə təsirlərinin minimuma endirilməsi, qeyri-neft sektorunun inkişafı, işsizliyin aradan qaldırılması ilə vətəndaşların sosial-iqtisadi problemlərinin həlli ilə bağlı idi:
 
"İlham Əliyev ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, sosial proqramların icrası ilə bağlı tapşırıqlar verib, aparılan islahatların davamlı olacağını bildirib. İstər əhalinin sosial vəziyyətinin gücləndirilməsi, istər biznesin inkişafı, istərsə də korrupsiya, rüşvətxorluq və monopoliyanın aradan qaldırılması istiqamətində onlarla fərman imzalayıb. Bütün bunlar Azərbaycan iqtisadi-maliyyə münasibətlərinin tam yeni müstəvidə qurulmasına gətirib çıxaracaq".

Millət vəkili qeyd edib ki, Prezidentin "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıq və göstərişlər birbaşa olaraq Azərbaycanda sahibkarlığın inkişafı və regionların öz resursları və potensialı hesabına özünü təmin etməsinə zəmin yaradacaq.
 
Ölkə başçısı sonuncu müşavirədə bir sıra məsələlərə toxunub. Onlardan ən başlıcası sosial proqramların ardıcıl şəkildə həyata keçirilməsi, vətəndaşların məşğulluğunun təmin olunması, yerli istehsalın stimullaşdırılması və regionlarda sənaye mərkəzlərinin yaradılması ilə bağlı səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələrdir. Ümumilikdə, sahibkarlara geniş imkanların yaradılması və lazım gələrsə, qanunvericilikdə dəyişikliklərin edilməsi, xarici investisiyaların cəlb olunması bütövlükdə Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi dəstək olacaq".

Manatın devalvasiyasından danışan M.Quliyev deyib ki, 1 aydan bir qədər artıq müddətdir milli valyutamızın ikinci dəfə devalvasiyası baş verib:

"Bunun ölkədə yaratdığı psixoloji şok artıq arxada qalıb, ölkənin iqtisadi-maliyyə sistemi öz əvvəlki axarına qayıdır. Vətəndaşlar devalvasiyanın baş vermə səbəblərini və nəticələrini  anlayırlar. İndi ikinci etap - sabitləşmə dövrü başlayır. Bu 3-4 ay çəkə bilər. Bundan sonra isə biz Azərbaycanın qeyri-neft sektorunun inkişafını görəcəyik. Buna nail olmaq üçün ölkə rəhbərinin verdiyi bütün tapşırıq və göstərişlər sözsüz yerinə yetirilməlidir.
 
Təəssüflər olsun ki, ölkədə hələ də məmur-vətəndaş, məmur-sahibkar münasibətlərində problemlər var.

Dövlət başçısı bu problemləri vergi sisteminin timsalında diqqətə gətirdi. Bildirildi ki, uçot dəqiq aparılmadığına, sahibkarların gəlirləri, müəssisənin aylıq dövriyyəsi nəzərə alınmadığına görə, məmurlar qeyri-real rəqəmlərlə vergilər tələb edirlər. Bu tamamilə yolverilməzdir və aradan qalxmalıdır. Bundan əlavə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi üçün vergi güzəştləri tam şəkildə təmin olunmalı, şəffaflıq yaradılmalı, vergi yoxlamaları mimimuma endirilməlidir. Təbii ki, biz görürük ki, bununla dövlət büdcəsinə daha çox gəlir gəlir. Lakin eyni zamanda, bu sahibkarların biznesinin çökməsinə gətirib çıxarır".

Millət vəkili xatırladıb ki, təxminən iki ay bundan əvvəl Milli Məclisdə verginin sadələşdirilməsi ilə bağlı qanun layihəsi qəbul olunub. Onun sözlərinə görə, bununla yanaşı bu yaxınlarda gömrükdə müəyyən xidmət rüsumları endirilib.



M.Quliyev hesab edir ki, həm gömrük, həm də vergidə bəzi mallara da tətbiq olunan rüsumlar endirilməlidir:
 
"Kənd təsərrüfatı məhsulları, bütövlükdə prosesin özü vergidən azad olunmalıdır. Hazırda yerli istehsal vergidən azad olunsa da, onun satışı, daşınması, xaricə çıxarılması əlavə dəyər vergisi tələb etdiyindən sahibkarları bir o qədər də özünə cəlb etmir. Ona görə də, ümumilikdə proses stimullaşdırılmalı və vergidən azad olunmalıdır.
 
Həmçinin, investisiya yatırımları edən sahibkarlar bu sahəyə cəlb olunmalı və onların fəaliyyəti dəstəklənməlidir. Biz anlamalıyıq ki, dövlət bu məsələləri qarşıya qoymaqla qeyri-neft sektorunu inkişaf etdirmək, ölkədə işsizlik problemini həll etməkdə israrlı olduğunu göstərir. Ona görə də, hər bir məmur Prezidentə dəstək olmalı, qarşıya qoyulan vəzifələri mütləq şəkildə icra etməlidirlər. Eyni zamanda, bütün icra başçıları üzərilərinə düşən məsuliyyəti tam dərk etməli, sahibkarlara qeyri-qanuni əngəllər törətməkdənsə, birbaşa dəstək verməlidirlər".

Millət vəkili Prezidentin ictimai nəzarətinin gücləndirilməsindən danışdığını xatırladaraq qeyd edib ki, lazım gələrsə, bu məsələ ilə bağlı ölkə qanunvericiliyinə də dəyişikliklər edilməlidir:
 
"İctimai nəzarətin mexanizmi hazırlanmalıdır. Müəyyənləşdirilməlidir ki, kimlər ictimai nəzarəti aparmalı və hansı qaydaya, kimə hesabat verməlidirlər".

M.Quliyev vurğulayıb ki, İlham Əliyev 2016-cı ilin ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi islahatlar ili olacağını deyib. Onun sözlərinə görə, təsadüfi deyil ki, ölkə başçısı bu yaxınlarda özünə iqtisadi məsələlərlə bağlı köməkçi təyin edib: "Bu çox vacib məsələdir. Prezidentin qeyd etdiyi kimi, biz neft sektorunu arxa plana çəkərək, qeyri-neft sektorunun inkişafına diqqət yetirməli və dövlətimizin inkişafını təmin etməliyik."

Sahibkarlıq subyektlərində ixtisarların dayandırılması, bunun əvəzinə prosesə sosial məsuliyyət hissi ilə yanaşıb vətəndaşları yeni iş yerləri ilə təmin etməyin vacibliyi haqqında ölkə rəhərinin dediyi fikirlərə toxunan millət vəkili bildirib ki, sahibkarların sosial məsuliyyəti olmalıdır:

"İş adamları başa düşməlidirlər ki, bu şəraiti onlara dövlət yaradıb. Onlar bu imkandan istifadə edərək öz bizneslərini qurub, inkişaf etdirib, varlanıblar. Ona görə də, sahibkarlar mənsub olduğu millətin, dövlətin müəyyən qədər yükünü öz üzərinə götürməyi bacarmalıdırlar. Buna sosial məsuliyyət deyilir. Bu məqsədlə sahibkarlar çalışmalıdırlar ki, iş yerləri bağlanmasın, işçilər ixtisar olunmasın və yaxud da vətəndaşların işsiz qalmaması üçün yeni iş yerləri açsın, onları başqa işlə təmin etsinlər. Bununla da əhalinin məşğulluq problemləri öz həllini tapa bilər".

M.Quliyev əlavə edib ki, sahibkarlar xeyriyyəçilik fəaliyyətlərini genişləndirməlidirlər:

"Təəssüf ki, Azərbaycanda xeyriyyəçilik institutu kifayət qədər inkişaf etməyib. Biz indiki vaxtda bir-birimizə dəstək olmalıyıq. Bundan ötrü də sahibkarların geniş imkanları olmalıdır. Regionlarda icra başçıları sahibkarların hansı imkanlara malik olduqların və müqayisədə nə qədər sosial aksiyalar həyata keçirdiklərini və keçirə biləcəklərini yaxşı bilirlər. Ona görə də, bu məsələlərdə icra başçılarının da üzərinə böyük məsuliyyət düşür".

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib ki, lazımsız dövlət qurumları birləşdirilməli və ya ləğv edilməli, daha effektiv idarəçilik sisteminə keçirilməlidir:

"Məncə, bu ərəfədə dövlətin yükünün azaldılması üçün bələdiyyə seçkiləri keçirilməli və icra hakimiyyətlərinin səlahiyyətləri azaldılaraq bələdiyyə institutu gücləndirilməlidir ki, lokal səviyyədə vətəndaşların problemləri ilə məşğul olan real qurum mövcud olsun. Ümumiyyətlə, icra hakimiyyət başçısının yeni obrazı barədə düşünülməlidir. Artıq asfalt çəkən, park salan, büdcəni talayan icra başçısı obrazından intellektual hazırlıqlı başçı obrazına keçilməlidir.

Diqqət edirsinizsə, rayonlardakı aksiyalarda kütlənin qarşısına çıxan icra başçıları şikayətçilərə təqribən eyni təklifi verirdilər: "Gələrsən yanıma, danışarıq". Əslində bu cəmiyyətə bütöv şəkildə müraciət edə bilməyən rəsmi şəxslərin necə eyniyyət təşkil etdiyinin göstəricisidir. "Gəlmişəm yanınıza dinləyib, danışam" deyən icra başçısı obrazına ehtiyac günün tələbinə çevrilməkdədir".

Ceyhun ABASOV

 





29.01.2016    çap et  çap et