525.Az

“Yeni iqtisadi şəraitə, yeni sistemə keçmişik”


 

ELDAR İBRAHİMOV: “KƏND TƏSƏRRÜFATI KOOPERASİYASI HAQQINDA” QANUN “TORPAQ İSLAHATI HAQQINDA” QANUN KİMİ İNQİLABİ QANUNDUR”

“Yeni iqtisadi şəraitə, yeni sistemə keçmişik”<b style="color:red"></b>

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi inqilabi bir sənəddir”.

Bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov sözügedən komitənin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 29-da keçirilən iclasında dilə gətirib.

O deyib ki, bu sənəd öz əhəmiyyətinə görə heç də  “Torpaq islahatı haqqında” qanundan  geri qalmır: “Bilirsiniz ki, “Torpaq islahatı haqqında” 1996-cı ildə qəbul olunan qanun çox inqilabi bir qanun idi. O vaxta kimi MDB dövlətlərinin heç birində belə bir sənəd qəbul olunmamışdı, ölkəmiz də müharibədən yenicə çıxmışdı. Yəni, o zaman bu qanunu qəbul etmək, torpaq islahatlarına başlamaq heç də asan məsələ deyildi. Cəmiyyətdə buna birmənalı münasibət yoxuydu.

Ancaq Heydər Əliyevin qətiyyəti sayəsində bu qanun qəbul olundu və çox qısa bir zamanda da uğurla icra olundu. Bu baxımdan,  kooperasiya haqqında qanun da inqilabiliyinə görə həmin qanundan geri qalmır. Eyni zamanda, biz məlum proseslərlə əlaqədar hazırda yeni iqtisadi şəraitə, yeni sistemə keçmişik. Yeni iqtisadi şəraitdə, sistemdə də  belə bir qanunun olması çox vacibdir”.

Komitə sədrinin bildirdiyinə görə, bununla ölkədəki xırda təsərrüfatların birləşərək iri təsərrüfatlar,  kooperativlər yaratması prosesi sürətlənmiş olacaq: “Bildiyiniz kimi, ölkə başçısı tərəfindən 50 iri təsərrüfatın yaradılması ilə bağlı göstəriş verilib. Hazırda da bu istiqamətdə işlər görülür. Konkret olaraq Ağcabədidə, Qəbələdə belə iri təsərrüfatlar yaradılıb və onların uğurlu fəaliyyəti göz önündədir. Bir neçə il öncəyə qədər ölkədə dükanlarda, supermarketlərdə əsasən  Almaniyanın, Baltikyanı ölkələrin istehsalı olan süd məhsulları satılırdı. Ancaq indi Azərbaycan bazarını öz süd məhsullarımız təmin edir. Özü də çox keyfiyyətli məhsullardır. Yəni, demək istəyirəm ki, iri təsərrüfatların, kooperativlərin yaranması çox vacib addımlardandır. Bu, həm də ölkədə qeyr-neft sektorunun inkişafına böyük təkan deməkdir.

Dövlət başçısı da öz çıxışlarında qeyri-neft sektorunun inkişafını daim  vacib məsələ kimi qaldırır. Ona görə bu məsələləri hüquqi cəhətdən tənzimləmək üçün belə bir qanunun qəbuluna ciddi ehtiyac var. Hazırda da onun üzərində işlər gedir. Komitəmizin əməkdaşları, parlamentin müvafiq şöbəsi Prezident Administrasiyasının müvafiq şöbəsi ilə bunun üzərində işləri davam etdirir. Bu baxımdan hesab edirəm ki, bu işləri başa çatdırdıqdan sonra onu aprel ayında ikinci və üçüncü oxunuşun müzakirələrinə çıxarıb qəbul etmək olar”.

Komitənin üzvü Novruz Aslan da indiki durumda belə bir qanun qəbulunun həddindən artıq vacib olduğunu bildirib: “Bu qanun bizim övladımızdır. İlk gündən onun hər nöqtə-vergülünə bələdik, tanışıq və ona görə hesab edirəm ki, bu qanunun qəbulu xalqımız, dövlətimiz üçün çox vacibdir”.

Kamil HƏMZƏOĞLU

 





30.01.2016    çap et  çap et