525.Az

Ağaca dönən Zərdüşt!


 

Ağaca dönən Zərdüşt!

“Yaxşı yazmaq bir az da ölüm
kimidi - 
Sonra hamı sənə rəhmət
oxuyur...”
  Zərdüşt Şəfi

 “Başqa adamlar” kitabının təqdimat mərasimində düşündüklərimdən  yazmaq istəyirəm. Kiminsə sevincinə şərik olmaq, xoş hadisələrdən yazmaq daha rahatdı, ona görə. Niyyətim gerçəklikdən qaçmaq deyil. Yaxşı başa düşürəm ki, ölüm geri qaytarılması mümkün olmayan kino lentidir. İtkiyə ağlamaq lazım olduğunu da bilirəm. Ən azından içindəki ağrını yuyub təmizləmək üçün. Əslində  ölümə yazılan əsərlərin məğzində bu durur: Ağlatmaq! Xalq da ağılar qoşub, yas mərasimlərinə “ağladan”lar çağırmaqla bilir nə edir... Amma bütün bunlar yaxınımız, dostumuz haqqında xoş söz demək üçün ölümü gözləməyimizə bəraət qazandırmır. Hə, Zərdüştün nə qədər fərqli və müsbət auralı olduğunu “Başqa adamlar”ın təqdimatında deməli, kitabı oxuyanda yazmalı, Şabrandakı imza günündə çıxışımda vurğulamalıydım. Məhz müsbət. İnsan beynində çox qəribə bir filtr var. Yeni mühitə düşürsən, hamını eyni rəngdə görürsən, hər kəsə eyni cür baxırsan. Amma bir müddət keçir, dəyirman işə düşüb yeni tanışları arıtlayır - müsbətləri, mənfiləri hərəsini öz yerinə qoyur. Əvvəlcə bunun fərqində olmursan, amma birdən özünə hesabat da verirsən. Və əslində “Adamseçmə” cihazını kiçik hadisələrin, ani məqamların hərəkətə gətirdiyini   anlayırsan...

...”Gənc Ədiblər Məktəbi”nə qoşulduğum ilk vaxtlarda Zərdüşt başqalarından o qədər də seçilmirdi. Yəni onun “Başqa adam” olduğunu bir neçə ay sonra müşahidə edəcəkdim. Əyri-üyrü yerişi, saqqal saxlamağı, bəzən eynəkdən yaxşı görmək yox, xarizmanı artırmaq  üçün istifadə etməyi ilk baxışdan özünəvurğun yeniyetmə təəssüratı yaradırdı. Amma birinci Milli Kitab Mükafatının təqdimetmə mərasimində ona aid fikirlərim tamam dəyişildi. “Park İnn” otelindəki tədbirdə yanaşı oturmuşduq. Elxan Qaraqanın qalib gələcəyi ilə bağlı qızğın müzakirələr edirdik. Müsabiqənin onluğuna düşən əsərlərdən danışanda Zərdüşt elə bir cümlə işlətdi ki... “Əgər mən yazmağa başlamazdan əvvəl Fəxri Uğurlunu oxusaydım, əlimə heç vaxt qələm almazdım...” Paxıllar cəmiyyətində, gənclərin az qala Nizamiyə, Füzuliyə “Dahidir, amma məndən sonra...” dediyi bir zəmanədə belə fikir eşitmək Abşeronun neft mədənlərinin ortasında yamyaşıl meşə görmək kimi idi... Zərdüşt təəccübdən ayılmağa imkan vermədən “Vallah yazmazdım!” - deyə əlavə etdi. Fəxri Uğurlunun hekayələrindən şövqlə, heyranlıqla xeyli danışdı, ağızdolusu təriflədi. Sonralar Zərdüştün yazılarında da yaxşını görə bilmək, dəyərləndirmək, qızırğanmadan təbliğ etmək xüsusiyyətini duydum. Elə Fəxri Uğurlu haqqında da düşündüklərini təkcə mənə, 3-5 dostuna deməklə kifayətlənməmişdi. “525-ci qəzet”də çap olunan “Fəxrini oxumasaq” məqaləsində də yazmışdı: 

“...Mən onsuz da Fəxrini oxuyandan sonra bildim ki, məndən yazıçı olmaz. Ancaq əzizlərim, Fəxrini oxumasanız, sizdən də oxucu olmayacaq...”

Zərdüşt kimisə özündən daha istedadlı görə bilirdi... Elə bu xasiyyətiylə də Başqa idi... Sonralar onun yaxınının, dostunun xoş gününə sevinməsini,  son dərəcə tərbiyəli, iddiasız, sakit, təmkinli davranışını müxtəlif tədbirlərdə, səfərlərdə müşahidə etmişdim. O, “Modelyani” filminin rejissoru Maykl Devis haqqında hansı rəğbətlə danışardısa, gələcəkdə ona rəqib ola biləcək birimizin uğurlu hekayəsini də eyni “tonallıqda” tərifləyərdi... “Sevimli...Zərif...Mənim”in çap olunduğu şənbə Zərdüşt 2 dəqiqəlik təbrik zəngi ilə hekayəmə münasibətimi tamam dəyişmişdi.

Amma Zərdüştü daha yaxşı tanımaq imkanım Şabranda onun “Başqa adamlar” və mənim “Qar yağacaq” kitabımın imza günündə yarandı. Təəssüf ki, mən onun həmin günki davranışının mahiyyətini ölümündən sonra anladım. Ukraynada bir neçə ay “vuruşub” qayıtdığı xəstəliyi barədə sual veriləndə  mövzunu dəyişirdi. Rəşad müəllimin artıq öyrəşdiyimiz “yazın”, “oxuyun”, “tənbəllik etməyin” əmrlərini o qədər nikbin, həm də itaətkarlıqla qarşılayırdı ki, kimsə onun əslində nə düşündüyünü təsəvvürünə gətirməzdi. Yolboyu zarafatları, dünya kinosuna, ədəbiyyatına adi dedikləri, oxumaq istədiyi kitablardan, baxmaq planlaşdırdığı filmlərdən, yazmalı olduğu hekayələrdən necə həvəslə danışması heç yadımdan çıxmır. Necə də uydururmuş hamısını... Ölümün görüşünə hazırlaşdığını ustalıqla gizlədirdi! Rəşad müəllimin yazmaq tələb edəcəyini də hesablamışdı. “Bir müddət yazılardan dincəlib rejissorluq öyrənmək istəyirəm...” - deyirdi. Bir sözlə onun danışığından, jestindən, davranışından, vida əhval-ruhiyyəsi zərrə qədər duyulmurdu. Yolüstü Şabran Diyarşünaslıq Muzeyini də ziyarət etmişdik. Əyalət muzeyinin əməkdaşları üçün Bakıdan gənc yazarların gəlişi maraqlı idi deyəsən. Qızlar xüsusi canfəşanlıqla eksponatları göstərir, məlumat verir, bizimlə bərabər şəkillər çəkdirirdilər. Muzeydən çıxanda Zərdüşt fotoaparatımdakı şəkillərə baxıb gülə-gülə dedi: “Pərvin, 20 il sonra biz çox məşhur yazıçı olacağıq, camaat bu şəkillərə baxıb yanımızdakı adamları axtaracaq...”
20 il yaşamaq planlaşdırırmış həmin gün! 

... Rejissorluq öyrənməsinə ehtiyac yox imiş. Artıq həmin gün Zərdüşt əsl sənətkar idi. Baş qəhrəmanı olan xəstəliyi gizlətmək üçün onu elə qrimləmişdi, o qədər gözəl fon, rənglər seçmişdi ki... Kimsə bu qrimin altından ölümün çıxacağını, al-əlvan fonun an içində tündləşəcəyini, ssenarinin ortada qırılacağını ağlına gətirməzdi. Bəlkə elə Əzraili də qəzəbləndirən bu idi...

“... belə bir gecəyə düşdünsə, qorxma, ölməyəcəksən, ən azından ona görə ki, sabaha qədər davam edən bu əzab Əzrailə daha çox ləzzət verir, nəinki sənin canını almaq...”  

Ölümündən üç il əvvəl “Əzrailin ləzzət aldığı gecə” essesində yazmışdı bunu. Gecədən sübhə kimi özünə yer tapa bilməyən, əzab çəkən adamın halını təsvir edib, sonda bu nəticəyə gəlmişdi. Bəlkə də təklikdə, kimsənin başı üstündə olmadığı saysız-hesabsız gecələrdə bu cür ləzzəti Əzrailə çox yaşatmışdı. Amma bu əzabını, dərdini heç bölüşmədi bizlərlə.
Zərdüştün ölüm xəbərini oxuyanda Azərbaycanda deyildim. Nə yas mərasimində iştirak edə bildim, nə dostlara qoşulub ağlamaq imkanım oldu... Saytlardan birində meşədəki son mənzilinin şəklini gördüm. “Gənc Ədiblər Məktəbi”nin əklili vardı qəbri üstündə. Qoderzi Çoxeli yadıma düşdü. Zərdüştün sevdiyi yazıçı idi. Ötən il onun haqqında “Su üzündə hekayələr” essesini yazmışdı:

“Qoderzinin hekayələri içində bir çox hekayənin əsas mövzusu insanın insanlıqdan imtina etməsi və təbiətin bir hissəsinə çevrilmək istəməsidir. Bu bəzən qəhrəmanın ruh halı ilə bağlı olursa, bəzən də cəmiyyətin mənfi yükləri artıq qaldırıla bilməyəcək hala gələndə baş verir.

 İnsan özündən çıxıb başqa nəyəsə çevrilmək istəyir və çevrilir: balığa, marala, qartala, ağaca. Qoderzinin hekayələrində bu ildırım qədər təbii hadisə kimi görünür...”   

Esseni yenidən oxudum və anladım! Buna görə nikbin imiş Zərdüşt. Bilirmiş ki, ölməyəcək. Sadəcə, Bum kəndindəki meşədə bir ağaca çevriləcək.

Ruhu şad olsun!  

 





22.09.2012    çap et  çap et