525.Az

"Sənə güvənirik, Vətən əsgəri!"


 

"Sənə güvənirik, Vətən əsgəri!" <b style="color:red"></b>

Dünənki sazaq, şaxta sovuşub. Elə bil payızın son ayıdı. Təbiət tərtərlilərin bayram ovqatının nizamını pozmaq istəməyib...

Bir qədər aralıda qarlı dağlar görünür...

Tərtər rayonunda bayram ovqatı yaşanır. Gəncliyə, gənclərə ad olan bayramdı. Bu bayramın işığı bir azdan 20 il əvvəl keçirilmiş respublika gənclərinin Birinci Forumunun işığına qarışacaq.

Bir azdan başlanacaq tədbirdə Vətənə xitabən "Sən varsan, biz varıq" kəlamı səslənəcək. Şeir biçimində səsləndiyindən duyğuları coşduracaq. İnamla, sevgilərlə səslənərək, qışın sazağında bir ocağa dönəcək. İstisi düşmənlə üzbəüz səngərlərdə də hiss olunacaq, şübhəsiz. Tədbir bir azdan başlayacaq...

Niyə məhz Tərtərdə? Bu düşündürücü sualın cavabı aparıcıların (Abdulla Qurbani, Xalq artisti Pərvanə Qurbanova) təqdimatındadı:  qədim, çox qədim tarixə malikdi, Borsunlu kurqanı onun hələ də açılmayan daş yaddaşıdı, Qarabağ müharibəsində ağır döyüşlərə mərdliklə sinə gərib, iki sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 380 nəfər şəhid, 900 nəfərə yaxın əlil olub. Mübariz İbrahimov düşmənə Azərbaycan əsgərinin qətiyyətini burda, Çaylı kəndinin yaxınlığında tanıdıb. Bir də Aleksandr Dümanın bir kəlamını xatırladacaq aparıcı: "Yalnız Tərtəri görməyən İsveçlə öyünə bilər"...

Gənclik böyük qüvvədir. Həm də dönməz qətiyyətə, qədərsiz güvəncə, inama söykənən böyük qüvvədir. Bir neçə ay əvvəl "Sənə inanırıq, ölkə rəhbəri. Sənə güvənirik, Vətən əsgəri!" deyənlər də, onların səsinə səs verənlər də, qışın sazağını yarıb "Heydər Əliyev parkı"na tələsənlər də, burdan uzaqlarda ürəyi burayla, bu günlə döyünənlər də bir deyimin cazibəsindədi: "Ordu gəncləri böyük qüvvədir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də respublika gənclərinin bir qrupu ilə görüşündə dediyi fikirləri bir azdan başlanacaq tədbirin leytmotivi bilirik. Mən də, tədbirə gələnlər də, qətiyyətini, duruşunu-baxışını gözlərimə köçürdüyüm əsgərlər də...

Parkın sağ tərəfində daşlardan dağ massivi yaradılıb. Müxtəlif silahlı əsgərlər dayanıb "dağlıq ərazidə". Döyüş növbəsindədilər sanki. Toplaşanlar əhalini, o əsgərlər ordunu təmsil edir Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi bu tədbirdə. Yüksək bədii təfəkkürün - tədbirə yaradıcı münasibətin təzahürü olan ssenariyə görə, bu yozum ordu ilə xalqın birliyinin rəmzidi, şübhəsiz. Əsgərlərin duruşu-baxışı sanki dil açasıdı: "Biz varıq. Vətəni göz bəbəyi kimi qoruyacağıq!..".

Bir ana gözlərini  əsgərlərdən çəkə bilmir. Qürrəylə baxır, sevgilərlə baxır. Baxır və pıçıldayır: "Boyunuza qurban olum, ay oğul!". Bu biçim sevgini ümumən tədbirə necə ad eləməyəsən, necə?..

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anası Mahı nənə də burdadı. İki oğlu şəhid olub: Vəzir, Əlyar. Dözümlü anadı. 96 yaşı var.

- Bunlar da mənim oğullarımdı, - əsgərləri göstərir. - Vətən dağı oğul dağından ağırdı, ay oğul. Əsgərlərimiz bu dağı anaların ömründən-günündən siləcək. Mütləq siləcək!..

"Bəşəri məhəbbətsiz Vətən sevgisi mövcud deyil", - deyir aparıcı. Gənclikdə qazanılan biliyin yaşlaşanda müdriklik olduğunu xatırladan aparıcının "Həqiqi vətənpərvər olmayan layiqli vətəndaş deyil!" kəlamı da düşüncələrin qırışığını açır...

Gənclər öz bayramlarına, yaşlılar torpaqlarımızı işğaldan azad edəcək oğullara ad olan bayramın işığına toplaşıb...

Bir azdan müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana müvafiq olaraq, Müdafiə Nazirliyi və Tərtər rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla Azərbaycan gənclərinin Birinci Forumunun 20 illiyinə və Gənclər Gününə həsr olunmuş "Ordu gəncləri böyük qüvvədir" devizi ilə kütləvi gənclik və vətənpərvərlik bayramı keçiriləcək. Son vaxtlar keçirilən vətənpərvərlik tədbirlərinin  hər biri eyni mahiyyətin şaxəsi olsa da, hər biri özəl xüsusiyyətləri ilə mükəmməl bir əsər kimi tarixləşib. Bu düşüncələr içində tədbirin başlayacağı məqamın həsrətindəyik...

...Tədbirdə müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Azərbaycan Respublikasının Dövlət himni ürəkləri coşdurur: "...Səndən ötrü can verməyə cümlə qadiriz!..".

Cəmiyyət gəncliyə güvənir, gənclik özünə, özünün timsalında əsgərlərə. Bu cazibədəyik. Aparıcılar sözün qüdrətiylə gəncliyi günümüzün göyqurşağına çevirir. Bu göyqurşağının yozumu mənəvi kamillikdi, azərbaycançılıqdı, dövlətə, dövlətçiliyə sədaqətdi, bir də torpaqlarımızın işğaldan azad ediləcəyinə dönməz inamdı...

Aparıcılar qonaqları salamlayır, çox qədim tarixə malik olan Tərtərdə tərtərliləri salamlayır, gəncliyini döyüş səngərlərində keçirmiş veteranları salamlayır, gəncləri salamlayır, bu günün işığına gəlmiş yeniyetmələri salamlayır, əsgərlərimizi salamlayır...

Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir möhtəşəm tədbirin Tərtərdə keçirildiyinə görə müdafiə nazirinə təşəkkürünü bildirir. Ali Baş Komandanı, qonaqları əmin edir ki, tərtərlilər də döyüş əmrinə bir nəfər kimi hazırdırlar.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbir iştirakçılarına, müxtəlif bölgələrdən gəlmiş əsgərlərə, tərtərlilərə müdafiə nazirinin təbrikini çatdırır, ordu gənclərini və tərtərli gəncləri əlamətdar gün münasibəti ilə təbrik edir.

General-mayor Hikmət Həsənov ordu ilə xalqın birliyindən, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsindən. danışır. 

Zaman-zaman mükalimələşmədə şeir daha təsirli olub. Şeir musiqi biçimində təqdim ediləndə, emosionallıqla qoşalaşan mətləb duyğuları cazibəsinə salır. Abdulla Qurbaninin Nailə Mirməmmədlinin musiqi yozumunda məzmunu qayəsi, poetik dəyəri ilə səciyyəvi "Çağırış" şeiri gizir Ağabala Abdullayevin ifasında bayramın çağırışına dönür: "Üçrəngli bayrağımızı Şuşa qalasında dalğalandırmaq vaxtıdı!". Şeir (musiqi, ifa) bu gün minləri bir boy da dikəldir, sabah milyonları dikəldəcək!..

Şəhidlər Xiyabanında yandırılıb Tərtərə gətirilən məşəl həm də  rəmzdi, bugünkü tədbir dövlətçiliyimiz naminə ürəyini şam-çıraq eləyənlərə ad olan tədbirdi. Məşəl elə əzəmətlə alovlanır ki!

İkiqat paralimpiya çempionu, 1-ci Avropa Oyunlarının qalibi İlham Zəkiyevin də tədbirdə iştirak etməsi toplaşanları duyğulandırır. Bu gəliş toplaşanlara nə deyir? - Məqamında keçmiş döyüşçülər də əsgərlərimizin sırasında olacaq! Bu məşəl qığılcımını ordu ilə xalqın birliyindən alıb!..

lll

Bayram "Heydər Əliyev muzeyi"ndə davam edir. Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev müxtəlif bölgələrdə xidmət edən bir qrup hərbi qulluqçuya "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edir.

General-mayor Rasim Əliyev bir qrup tərtərli gəncə və keçmiş döyüşçülərə yeni təsis olunmuş "Fədai" medalını təqdim edir.

 





04.02.2016    çap et  çap et