525.Az

Səlim Müslümov Kürdəmirdə görüş keçirdi


 

Səlim Müslümov Kürdəmirdə görüş keçirdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

Bu barədə "525"ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

S.Müslümov ötən dövrdə prezident İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin stimullaşdırılması üçün güclü əsasların formalaşdığını vurğulayıb:

"Son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğu, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın qoyulduğu respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi  prosesləri uğurla həyata keçirilib. Qeyri-neft sektorunun çəkisi ümumdaxili məhsulda 70 faizə çatdırılıb və artıq son illərdə ölkədə iqtisadi artımı əsasən bu sektorun inkişafı təmin edir. Bu güclü əsaslar qlobal iqtisadi böhranın dərinləşdiyi, dünya bazarında neftin qiymətinin dəfələrlə düşdüyü, regionda geosiyasi və iqtisadi təzyiqlərin artdığı bir vəziyyətdə də Azərbaycanda iqtisadi və sosial inkişafın davam etməsinə imkan yaradıb. Azərbaycanın ötən ilə dair bütün makroiqtisadi göstəricilərinin müsbət olması bunun real təsdiqidir".

S.Müslümov mövcud iqtisadi şəraitdə də əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla əmək haqlarının, dövlət tərəfdən sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin artırıldığını qeyd edib:

"Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, prezident İlham Əliyev tərəfindən 25 yanvar 2016-cı il tarixli Sərəncam imzalanıb ki, bununla da ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılıb".

Nazir həmçinin işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirildiyini diqqətə çatdırıb:

"Dövlət başçısının tapşırığına uyğun olaraq dövlətə məxsus şirkətlərdə vakant iş yerləri yaradılmaqdadır.

Müsbət haldır ki, ayrı-ayrı özəl şirkətlər də artıq bu prosesə qoşulublar. Yaradılan iş yerlərinə işçilərin qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən həyata keçiriləcək.

Digər tərəfdən, biz artıq respublikada cari il üçün Əmək yarmarkalarının keçirilməsinə başlamışıq. Bütün şəhər və rayonlarda, o cümlədən, Kürdəmir rayonunda bu tədbirlər keçiriləcək. Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq. Yəni işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün bütün mümkün tədbirlər görüləcək".

S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, rayonda sosial cəhətdən həssas qruplardan olan şəxslərin də sosial təminatının daim gücləndirildiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib.

Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən, xüsusən son vaxtlarda bu məqsədlə növbəti Fərman və Sərəncamların imzalanmasından, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasından, yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Rayon sakinləri sosial müdafiə sahəsinə yüksək diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

SAMİRƏ

 





05.02.2016    çap et  çap et