525.Az

Yenidən yaşanan ömür yolu


 

"KASPİ" QƏZETİNİN BİR NÖMRƏSİ ƏTRAFINDA DÜŞÜNCƏLƏR

Yenidən yaşanan ömür yolu<b style="color:red"></b>

Vaqif Səmədoğlu köçdü, getdi. Dünənin, bu günün, sabahın oxucusuna çox əsər qoyub getdi.
 

Yüz-yüz şeir sətrinin, yüz-yüz fikri içində belə bir deyimi də qaldı: "Həyatın yeganə həqiqəti ölümdür". Bu da sənətkarın bu qədər çabalarından sonra gəldiyi həqiqətdir. Amma bu həqiqətin bir təkzib məqamı da var: "Əsl sənətkar heç vaxt ölmür". Bu sonuncu həqiqətə ritorika kimi də baxmaq olar, bir az fikrə gedib əsl sənətkarları, yaddaşlarda əbədi yaşamaq səlahiyyəti qazanmışları xatırlayıb da bunun həqiqət olduğunu anlamaq da.

Vaqif Səmədoğlu köçdü, getdi. Bu köç anından bir il keçdi. Bu bir il bir ana oxşadı. Bu bir ili düşünən kəslər üçün çox istedadlı alimlərimizdən biri olan Rafael Hüseynovun şairin köç zamanına yaxın günlərində ona həsr olunmuş bir gecənin gecə anı sanki dünən idi, sanki bu gündü və ya elə bil o gecə hələ sabah baş verəcək. O gecə indi televiziyanın arxiv materialları içindədir və yəqin ki, hələ bundan sonra neçə-neçə dəfə biz o televiziyanın efirində içi Vaqif Səmədoğlu dolu o gecəni yenidən yaşayacağıq. Şəxsən mənə bu ümidi - Vaqif Səmədoğlu yaradıcılığına tez-tez baş verəcək qayıdışı "Kaspi" qəzetinin 30 yanvar-1 fevral tarixli nömrəsi verdi. "Sənətkar ölmür, sənət ölmür"- xalq misalına çevrilmiş bu postulatın həqiqət anını özünün "Ədəbiyyat" səhifələrində neçə illərdən bəri sübuta yetirən "Kaspi" qəzeti 24 səhifəlik bu nömrəsinin 15 səhifəsini Xalq şairi Vaqif Səmədoğlunun ölümsüzlüyünün bir illik dönəminə həsr elədi. Mən milli ədəbiyyatımızın və dünya ədəbiyyatının korifeylərini daimi olaraq xatırlayan, xatırladan bu qəzetin bu sahədəki fəaliyyətini bir az bundan əvvəl öləziməkdə olan bədii söz dünyasına ümumoxucu qayıdışının məhvəri kimi baxıram. Vaqif Səmədoğluna qayıdış anı da ədəbiyyata sədaqət nümunəsi olan bu qəzetin tarixə düşəcək xidmətləri sırasındadır.

Xüsusi qeyd etmək istərdim ki, Vaqif Səmədoğlu kimi orijinal, ayrıca məktəb səviyyəsinə yüksəlmiş bir sənətkarın xatırlanmasına həsr olunmuş bu qəzet nömrəsini hazırlamaq məsuliyyətini hər adama etibar etmək olmazdı. Bu xüsusi nömrənin məsuliyyətini məsuliyyətlə daşıyan jurnalistin özü də təkcə Vaqif Səmədoğlu yaradıcılığına deyil, onun qələm dostlarının da söz sənətinə yaxından bələd olmalıydı və onun özü də orijinal yaradıcılıq üslubu ilə seçilməliydi.

Bu məsuliyyət "Kaspi" qəzetinin əməkdaşı Fərid Hüseynin çiyninə düşdü. Elə "Kaspi"nin bu xüsusi nömrəsi də Fərid Hüseynin essesi ilə başlayır: "Onsuz...". Və bu "Onsuz..." essesində belə bir orijinal abzas da var:

"Onun bəzi şeirləri Minimalist poeziyamızın bir ayrı səhifəsidir. Vaqif Səmədoğlu böyük fikirləri az sözlə ifadə etməyin ustası idi. Ənənə ilə müasirlik onun şeirlərində bir-birinə yad görünmürdü. Poetik yenilikləri uzunömürlülüyə hesablamışdı. Vaqif Səmədoğlu özünəqədərki sərbəst şeirin  səslənişini, qafiyə lüğətini dəyişdi... Poeziyamızın səmimiyyət arealını genişləndirdi".

Qəzetin Vaqif yaradıcılığı ətrafında söz demiş və hələ bundan sonra neçə-neçə illər söz deyəcək adamları dəqiqləşdirməsi və onları bir araya gətirməsi, bir tematikada birləşdirməsi qəzetçinin yüksək peşəkarlığından xəbər verir. Bu yaradıcı şəxsiyyətlərin hər biri Vaqif Səmədoğlu haqqında fikirlərində öz yaradıcılığında olduğu qədər səmimidir, ustad sənətkar haqqında ustad sətirlər müəllifidir. Bu mənada ustad sənətkarımız Anarın "Vaqif sənətinin təkrarsızlığı" adlı yazısı bir oxucu kimi mənə də çox doğma və səmimi göründü. Ona görə doğma ki, Vaqifin ədəbi mühitə təzəcə gəldiyi illər və o illərdə bu cavan şairin poetik üslubu ilə bağlı yaranan mübahisələr, müzakirələr haqqında Anarın fikirləri mənim tələbəlik illərimə düşüb və Anarın o illərlə bağlı xatirələrinin canlı şahidlərindən biriyəm. Və mən o illərin yeni poeziya məktəbinə səviyyəsiz hücumları xatırlayanda Anarın bu yazısındakı elmi-publisistik həqiqətin nə qədər həqiqət olduğunu bildirmək istəyirəm.
Bu həqiqət Anarın aşağıdakı sətirlərindədir: "Mühafizəkar ədəbi mühitdə ən çox nifrəti məhz ən çox heyrətləndirən şairlər qazanır. İllər keçdikcə o vaxtlar Vaqifə və bir neçə başqa istedadlı və bənzərsiz şairə hücumlar normal şüura istehza kimi, bədii məntiqə karikatura kimi səslənir indi". Anarın bu dəqiq qənaəti "Kaspi"nin bu xüsusi buraxılışında söz demiş hər kəsin fikirləri ilə üst-üstə düşür və elə bu an fikirləşirsən ki, bədii söz sənətinə yeni baxışı ilə seçilən Hüseyn Caviddən tutmuş  Pasternaka, Rəsul Rzayadək hər kəs bu taleyi yaşamaq zorunda qalmışdır...

Vaqif Səmədoğlu haqqında yazıların hamısında həyat, ömür, ölüm və bu anlayışlara fəlsəfi münasibət var.

Ona görə ki, bunlar Vaqif poeziyasının özündən gəlir. Vaqif Səmədoğlunun təkcə yaradıcılığına deyil, şəxsi həyatına da yaxından bələd olan və bununla bağlı bitmiş, bitməmiş kitabların müəllifi İradə xanım Musayevanın "Ana bətninin zülmətindən qəbrin zülmətinə...", Pərvinin "Şeir kimi ölən şair" sərlövhəli yazıları birbaşa Vaqif Səmədoğlunun ölüm tematikasına köklənmişdir.  İradə xanım Musayevanın yazısındakı Vaqif və ölüm münasibətləri, əslində, insan və ölüm kimi əbədi bir problemin ümumiləşmiş ifadə tərzidir. Amma bu anda həm də sənətkar və ölüm problemi daha irəli çəkilir: "...ən ağır durumunda da şair kimi yaşamaq və soyuqqanlılıqla, ənənəvi üslubuna xələl gətirmədən təsvir etmək bütün həyatı boyu dəyişməyən Vaqif Səmədoğlu özünəməxsusluğu idi". Və mən İradə Musayevanın bu sətirlərini oxuyan anda jurnalist Mirşahinin şairin bəlkə də lap son günlərini yaşadığı vaxtlarda ondan aldığı telemüsahibəni xatırladım. Jurnalist - şair söhbətinin o anlarında da Vaqif Səmədoğlu insan və ölüm haqqında həyatın ən sərt qanunları qarşısında belə səmimiyyət göstərirdi.

Müasir ədəbi prosesin istedadlı təhlilçisi Cavanşir Yusiflinin "Ömür bəhanəsi, yaxud..." həyat ayrılıq imiş insanla ölüm arasında" sərlövhəli yazısı da eyni tematikadadır. Əlbəttə, Cavanşir Yusifli Vaqif Səmədoğlu poeziyasının fərqlilik faktları üzərində daha çox dayanır, amma elə yazının lap ilk sətirlərindən o da şairin həyat, kədər, insan probleminə münasibətindən yan keçə bilmir. "Onun şeirlərində iki iş birdən, eyni zamanda icra olunur: kədəri elə yerindən  vurub oyandırır ki, biz bunu məlhəm sayırıq və ürəyimizdə gəzdirdiyimiz yaranın üstünə salırıq, sarıyırıq, ancaq ikinci tərəfdən o yaranın qaysağını qoparır, yara qövr edir,  insan yaşadığını hiss edir və bu hiss bütün ömrü boyu keçirdiyi hisdən milyon dəfələrlə güclü olur, demək, məqsəd yaddaşın, yaranın içindəki dərinliyə çatmaqdır. Xalis poeziya o dərinlikdədir. Ora qədər yoldur".

Bu yazıdan sonra oxucu keçid alır Nərgiz Cabbarlının "Vaqif Səmədoğlu koloriti"nə və bu növbəti yazının da ilk sətirləri şairin ölümə münasibətindən başlayır: "… bilmək istəyirəm kim nə deyəcək mən öləndə…"

İnanırsınız, bu həqiqətən də, onu maraqlandırırdı… Ölümün maraqlandırdığı kimi... Tanrının maraqlandırdığı kimi... Ruhun-İnsanın maraqlandırdığı kimi... Elə bu səbəbdən də Ölüm də, Tanrı da, Ruh-İnsan da onun yaradıcılığının əsas mövzusu oldu... Və indi də əminəm ki, bu yazılanları haradansa- olduğu O yerdən görür, oxuyur və hər şeydən xəbərdardır... Kim nə deyir, desin, mən buna əminəm..."

Bütün bunlar Vaqif Səmədoğluda niyə belədir? Niyə ölüm, həyat, insan fəlsəfəsi onun poeziyasının leytmotividir? Məncə, bu suala mənim çox istedadlı şair dostum Rüstəm Behrudi özünün "Yaddaşlarda şeir kimi qalmaq" yazısında dəqiq elmi cavab vermişdir: "Füzulidə şeir dua, Nəsimidə etiraz - üsyan, Caviddə sevda və dünyada nə varsa, hamısının sintetik analizi, yəni fəlsəfədir. Daha doğrusu, şeir insanın Allah, ölüm, zaman və əbədiyyətlə qarşılaşma anından doğan heyrətinin ifadəsidir. Bu da şeir haqqında tam və mükəmməl tərif deyir... Günah bəndə ilə Allah arasındakı məsafənin ölçüsü olduğu kimi, şeir də Allah və bəndə arasındakı uçurumların üstündəki uçub-dağılmış körpüdü".

Vaqif Bəhmənli də bu kontekstin müəllifidir. "Mən burdayam, İlahi!" adlı yazısında Vaqif Bəhmənli Vaqif Səmədoğluna bağlı poetik hisslərini təqdim edir, amma bu şeir toplusunun lap əvvəlində yenə də "Şair və ölüm" anı önə çəkilir:

"5 iyun 2014-cü il, axşam saat 19:00
"Azdrama" ağzına kimi dolu...

Xalq Vaqif Səmədoğlunun 75 illik yubiley təntənəsinə yığışıb.

O isə şairdən daha çox amansız ölümlə hamının əvəzinə çarpışan cəngavərə bənzəyir. Sanki hamını bir kənara itələyib, siz bu işə qarışmayın deyə yeddibaşlı xərçəngin üzərinə təkbaşına yeriyir...

O axşam şair bu qeyri-bərabər döyüşdə qalıb gələcəyinə bütün salonu inandırdı. Hamı "Azdrama"dan arın-arxayın ayrılıb evinə döndü. Mən də...

Bununla belə o gecənin sehri dörd ay dörd gün içimi tərk etmədi".

Bu sətirlər şairin şairdən nigarançılıq məqamıdır və bu anda şairin şairdən nigarançılığı insanın insandan nigarançılığı kimi ümumiləşdirilmiş görünür.

Yazı müəlliflərinin hamısında qabarıq görünən şair və ölüm məsələsi bir tərəfdən Vaqif Səmədoğlunun öz yaradıcılığından irəli gəlirsə, digər tərəfdən əsl sənətkar adlana biləcək bu müəlliflərin də məsələyə öz münasibətlərindən doğur.

Yaxşı, bütün bunlara inana bilərik. Bəs onda mənim gənc ədəbiyyatşünas alim kimi yaxşı tanıdığım Elnarə Akimova niyə özünün "Uşaq təbəssümlü şeirlər" məqaləsini də "ölümdən" başlayır: məqalə müəllifi əvvəlcə şairin öz ölümünə bağlı şeiri ilə başlayır və şairin ölüm günündən aldığı ağrının ardınca deyir: "Həmin günə qədər V.Səmədoğlu qafiyələrinə qarışan uşaq təbəssümü  bu dəfə şairin ölümü ilə bağlı üzücü xəbərə qarışıb sanki hamını ayaqda durmağa təpərli edirdi. Ömrün vəfasızlığını, faniliyini uşaq çılğınlığı kimi qavrayıb, ölümünə də uşaq təbəssümü ilə cavab verməyi umurdu bizdən. V.Səmədoğlu bütün ömrü boyu bizi bunun belə olmasına inandırmağa çalışdı. Bəlkə bu üzdən dünyasını dəyişəndə yazdığı şeirlər irəli çıxıb şairin ölümü ilə bağlı bütün təəssüf nidasına köklənən mətnlərin qarşısını kəsdi.

Onlar ölümü hamıdan daha yaxşı anladırdılar və bunun belə olması üçün Vaqif Səmədoğlu bir ömür nisar etmişdi, ölümü əzizləmiş, süsləyib-bəzəmişdi. İndi onların qabağına çıxıb müəllifini ölümsüzlük qatında vəsf etmələrinin sırası gəlmişdi. V.Səmədoğlu bu işdə hamını qabaqlamışdı. Onu yaşadan da bu poeziyası olmuşdu, indi, dünyasını dəyişəndən sonra ona yas tutub ağlayanı da".

Vaqif Səmədoğlunu ən səmimi fikirlərlə xatırlayan müasir yazarların "Kaspi"dəki fikirləri bir daha sübut edir ki, Vaqif Səmədoğlu dünənin də, bu günün də, sabahın da müasiridir. Qan Turalının bir çox həqiqətləri - sırasında "60-cılar" nəslinin gəncliyə açılan qapısıydı Vaqif Səmədoğlu", Aysel Əlizadə Vaqifin "hardasa ayağıyalın bir adam üçün" özündən sonra qoyub getdiyi bir cüt ayaqqabının sehrini və ünvanladığı sahibini axtarması ilə ürəyimizə həzin bir kədər gətirir. Cəlil Cavanşir Vaqifin cavan nəslə sevgisini ifadə edən bir cümlə də işlədir: "Ona "ustad" deyirdim, o da "Cəlilcan" deyə müraciət edirdi mənə... elə istiqanlı davranırdı ki, bəzən bu səmimiyyətdən utanırdım..." Vüsal Nuri çoxdan klassikləşmiş bu şairin Yazıçılar Birliyinin pilləkənlərində nəfəsini dərəndə qolundan tutub kömək etdiyi anlardakı duyğusunu belə ifadə edir :  "...Qolundan tutub kömək elədim. İstəyirdim o pillələr qurtarmasın. Ən sevdiyim bir şairin qolundan tutmuşdum və hiss edirdim ki, fərəhdən uçuram".

Vaqif Səmədoğluna həsr olunan bir qəzet səhifəsi də var. Bu qəzet səhifəsində doqquz şairin doqquz şeiri yığılıb. Elə bil bu doqquz şeir qəm dolu bir çiçəkliyin içindən yığılıb. Onların hər birinin poeziya məkanında özünəməxsus söz rəngi var və bu rənglər Vaqif Səmədoğluna ünvanlananda daha əlvan görünür. Qəribədir, kiminsə kimsə haqqında söz deməsinə də gərək mənəvi haqqı olsun. Sona xanım Vəliyeva,  Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Fikrət Qoca, Mahir Qarayev, Səlim Babullaoğlu, Adil Mirseyid, Paşa Qəlbinur, Ağamalı Sadiq Əfəndi. Bu şairlərin hər birinin həmişəyaşar, diri, üslubu var. Fikrət Qoca Vaqif Səmədoğluna o qədər yaxındır və onlar o qədər bir yerdə olublar ki, "danışdıqları danışmadıqlarından çoxdur". Vaqif  Bayatlının gümanına görə "bəlkə dünyanın ən bədbəxt adamının üzünə hamıdan çox baxır Tanrı?". Ramiz Rövşən hər şeyi vaxtın taleyində axtarır: bu vaxt ölçüsü "dünyanın əzəl vaxtı", "Hər şeyin susan vaxtı", "Balıqların uçan vaxtı, quşların üzən vaxtı", "dünyanın gözəl vaxtı" kimi zaman bölgüsüdür və bu zaman bölgüsünün hər birinin öz ovqatı var. Mahir N.Qarayevin poetik sətirləri sağalmayan yaralara bürünüb və s.

Bu səhifədəki doqquz şairdən biri də Sona xanım Vəliyevadır. Özünün orijinal poetik üslubu ilə oxucuların ürəyinə çoxdan yol tapmış Sona xanım "Kaş "yarı"lar qala" şeirində bütün sətirlər Vaqif Səmədoğlu üslubunu qəsdən xatırladan ritmdə qələmə alınıb. Vaqifin "... Allah, məni yarı öldür, yarı saxla ağlamağa" misralarının epiqraf kimi alındığı bu şeirin "Qərib şəhərin qərib ünvanı", "dumana bürünüb, ölümə qoşulub getmək", "ölümün təmtərağı", "özü özüçün darıxmaq", "ruhun kimsəsizliyi" kimi ifadələri adamda qəribə bir ovqat yaradır.

Və bir də bu qəzet nömrəsinin dörd  səhifəsində Vaqif Səmədoğlu özü. Vaqifin özünə aid 10-cu səhifədə onun gündəliyindən səhifələr. Bu gündəliklər tarixi bəlli, günü məlum anların gündəliyi deyil. Bunlar şairin haçansa, hansısa naməlum bir gündə, anda, məqamda, içində çəkdiyi ağrıların zamansız ifadələridir. "Ömür dərddi, dərd gələndə batmanla gəlir", "Özgə yolundan keçmək üçün gərək öz yolundan çıxasan", "Rənglənmiş yuxular", "Mən ancaq sözlərdən palaz toxuyub salıram öz altıma", "Mən o dünyada bu dünyadan şikayət etməyəcəyəm" və s. sətirləri mən kontekstdən çıxarıram, amma onların hər birində şairin qəfil gəlmiş bitkin fikirləri var. Vaqifin növbəti səhifəsindəki deyim və oforizmləri də ömrü bədii narahatlıqdan keçən bir insanın bu dünyada qoyub getdiyi nigarançılıqlardır.

Və şairin öz ixtiyarında olan daha iki səhifə. Bu iki səhifə şeir dolu mücrüyə bənzəyir:

Cümlədə nöqtədək axtarma məni,
İtənlər içində itən olmuşam.
Dünyaya borc sanıb, qaytarma məni,
Gedənlər getməzdən gedən olmuşam...

Yaxud:

Ötən bir qışın
Beli sınmış arzusu,
Canı yanmış arzusu.
Belə olur, belə...
Yay arzularını
Qar dondurur,
Qış arzularını
Günəş külə döndərir...


Bu şeirlərin hamısı beləcə fəlsəfi düşüncələrə bürünüb, oxucuya yeni nəfəs, yeni ovqat verir. Həm də ona görə yeni ki, bu şeirlər ilk dəfə "Kaspi"də dərc olunur...

Və mən lap sonda bu qəzetin bu nömrəsinin ən maraqlı janrda - esse janrındakı bir yazı barəsində fikir demək istərdim. Bəlkə də bütün həyata esse gözü ilə baxan yazıçı, tədqiqatçı Pərvinin "Şeir kimi ölən şair" essesi. İlk baxışda adama elə gəlir ki, bu sərlövhə bir ağı notundadır. Ölümündən cəmi bir il ötən sənətkar barədə essenin sərlövhəsi ağı notunda da ola bilər. Amma Pərvinin essesindəki "ölüm" leksikonu əvvəldən axıradək özünü göstərsə də, bu yazıda qəribə bir optimizm var. Burda ölümdən sonrakı həyatın özü elə həyatın özü qədər, bəlkə də ondan bir az da artıq əzizdir. Çünki "ölüm əlçatmaz varlıq" kimi maraqlı idi Vaqif Səmədoğlundan ötəri. Çünki "tale ona yarımçıq ömrünü şair kimi, sənətkar kimi başa vurmaq üçün əlavə vaxt vermişdi". Çünki Vaqif Səmədoğlu "sənət içində doğulmuşdu, sənətlə yaşayırdı, ölümünü də sənətə çevirdi". Çünki "əsl sənətkar, kişi, vətəndaş səadəti yaşayıb Vaqif Səmədoğlu". Çünki "onun ən böyük fərqi, "üstünlüyü" ölümü də sənətkar kimi qarşılaması, öz ölümünü də sənətkar kimi yaşaması olub..."
Pərvinin bu sətirlərindən doğan çox optimist, şairin sevənlərinə əbədi bir təsəlli verən məntiq alınır: ustad şair, məktəb şair ölümündən sonrakı həyatı yaşamaqdadır. "Kaspi" qəzetinin bu möhtəşəm nömrəsindəki bütün yazıların ruhundan belə bir nida qopur.

 





05.02.2016    çap et  çap et