525.Az

Viktor Pelevin: "Putin mənə Muzilin bir personajını xatırladır: obrazsız adam"


 

Viktor Pelevin: "Putin mənə Muzilin bir personajını xatırladır: obrazsız adam"<b style="color:red"></b>

Viktor Pelevin Zalsburq festivalında “Xarici proza” nominasiyası üzrə “Nonino” mükafatına layiq görüldükdən sonra italyan qəzetlərindən birinə (“Corriere Della Sera”) müsahibə verib.

Müsahibəni news.list.ru portalı rus dilində dərc edib. Həmin müsahibəni sizə təqdim edirik:

Keçid dövründə formalaşmış rus gəncliyi Pelevini “kult yazıçı” adlandırır. Onun Şərq fəlsəfi cərəyanları üzərində formalaşmış individual yanaşma tərzi qısa zaman ərzində bütün idealogiyalardan məhrum olmuş bu gənc nəslin diqqətini cəlb etməyə başladı. O, reklamı və kütləvi informasiya vasitələrini amansızcasına tənqid edərək hər kəsin mübarizə aparmalı olduğu düşmənin yerini nişan verdi.

– Viktor Oleqoviç, necə oldu ki, siz avia-mühəndislik fakültəsini bitirməyinizə baxmayaraq, yazıçı olmaq qərarına gəldiniz?

– Çünki səhərlər tezdən oyanıb işə getməyə həvəsim yox idi…

– Demək, axşamlar işləmək sizinçün daha rahatdır?

– Məndən olsaydı, heç, ümumiyyətlə, işləməzdim, amma bu cür də alınmır. Əslində, hər səhər tezdən oyanmaq lazım gəlir, çünki səhərlər yazmaq üçün ideal vaxtdır; küçə – sakit, hava – təmiz. Həm də bununla əlavə üstünlük qazanmış oluram: əl-ayağıma dolaşan olmur.  Xasiyyətim elədir ki, məcburi ünsiyyətlərə dözə bilmirəm. Amma onu da deyim ki, insanlarla ünsiyyətə girməkdə çətinlik çəkmirəm, bu, məndə yaxşı alınır.

– Sizi özünüzün “Vavilon” romanınızda “P nəsli” – axırda da məlum olur ki, “P” elə “Pepsi-Cola” demək imiş – adlandırdığınız nəslin yazıçısı hesab etmələri xətrinizə dəymir ki?

– Bilirsiz, bu “nəsil” anlayışının özü həddindən artıq amerikansayağı səslənir. Amerikda nəsil var. Rusiyada isə hansısa nəslin yazıçı olmaq istəyirsənsə, gərək, əvvəlcə o nəsli özün uydurasan.

– Siz uydurduğunuz kimi?

– Yox. Mənim kitabım hansısa nəsil haqqında deyil, o, daha çox KİV və reklam haqqındadır. Mənim əsərim istehlakçı mədəniyyətin Rusiya kimi kasıb ölkədə necə kök atması haqqındadır.

– Rusiya kasıb ölkədir?

– Əgər Moskvadan 200-cə km uzaqlaşsanız, görərsiz ki, Rusiya necə də kasıb ölkədir, amma paytaxtın iki addımlığından keçən Rublevski şossesi ilə gedə-gedə ətrafdakı villaları seyr etsəniz, düşünəcəksiz ki, varlı ölkədir. Çox şey situasiyadan asılıdır. Məsələn, Sovet dönəmində yaşayış səviyyəsi, ola bilsin ki, indikindən bir o qədər də fərqli deyildi. Amma Qərb göstəriciləri ilə müqayisədə bu, çox aşağı hesab edilirdi. Məsələ burasındadır ki, kütlənin bundan xəbəri yox idi, ona görə də, özlərini kasıb saymırdılar.

– Bəs siz özünüz Rusiyanı necə görürsüz?

– Mən Rusiyanı görmürəm, mən Rusiyada yaşayıram. Mənimçün Fransa, BöyükBritaniya və ya İtaliya haqqında təəssüratlarımı bölüşmək daha asandı, çünki bu ölkələrdə gec-gec oluram. Rusiya mənimçün obyekt deyil, əksinə, mühitdir. Mühitdən zövq də almaq olar, onunla mübarizə aparmaq da. Mənimçün “Rusiya” – siz jurnalistlər onu belə qəbul edirsiz – mücərrəd anlayışdır. Mənimçün “Rusiya” – yaşadığım ev və velosiped sürməyə getdiyim meşədir.

– Hər halda, ölkənizdə gedən proseslər haqqında nəsə bir söz deyə bilərsiz, düz deyil?!

– Yox, deyə bilmərəm. Artıq iki ildir ki, nə televizora baxıram, nə də qəzet oxuyuram. Televiziya dözülməzdi, qəzetlər isə ondan da betərdi. Qərblə müqayisədə Rusiya qəzetləri daha iyrəncdirlər, neqativ enerji ötürməkdən başqa bir işə yaramırlar.

– Belə de! Axı indi Rusiyada mətbuat azaddır, amma siz bu cür danışırsız… Sizə elə gəlmirmi ki, bu, snobizmdir?

– Yox, bu, snobizm deyil. Bəzi adamlar heroindən asılı olduqları kimi, elə adamlar da var ki, informasiyadan asılıdırlar, özlərində kəskin şəkildə informasiya izləmək ehtiyacı hiss edirlər. KİV elə təəssürat yaratmağa çalışır ki, guya biz hansısa ciddi dəyişikliyin bir addımlığındayıq. İnformasiya hər dəqiqə, hər an sizin diqqətinizi cəlb edir. Soruşsan ki, tutalım, təxminən, son bir ayda hansı ciddi hadisə baş verib, məlum olacaq ki, vur-tut iki-üç ciddi informasiya veriblər. Sonra soruşsan, son bir ildə hansı fövqəladə hadisə baş verib, aydın olacaq ki, bu bir il ərzində baş verən yeganə ciddi hadisə bu olub: sən daha bir yaş qocalmısan.

– Yəni, doğrudanmı, sizinçün əhəmiyyəti yoxdur ki, Yeltsin istefaya gedib, əvəzidə isə Putin prezident seçilib?

– Yeltsin istefaya gedəndə mən Koreyada, dzen-buddist monastırında idim; orda düz üç ay informasiyalardan uzaq xoşbəxt həyat sürdüm. Seula gələndə mənə dedilər ki, prezident dəyişib. Mən o adamı tanımırdım, amma buna baxmayaq, qətiyyən əhvalım korlanmadı…

– Reklam nədir?

– Bəs nə reklam deyil?

– Sizə elə gəlmirmi ki, bu, çox sadə məsələdir?!

– Reklam zamanı okkultizmə və qara magiyaya bənzər mexanizmlərdən istifadə edirlər. Reklam insanı pessimizmə sürükləyir, bu hiss isə, öz növbəsində, faşizmi alovlandırır. Yaxşı yadımdadır, 1998-ci ilin iqtisadi böhranı zamanı “orta təbəqə” deyilən sinif bir-neçə günün içindəcə məhv oldu. Əslində isə, bu təbəqə reklamın məhsulu idi. Bəs onda Qaydar və ya Yavlinski kimi məşhur şok-terapiya tərəfdarı olan rus siyasətçiləri nə işlə məşğul idilər?! Sadəcə reklam sloqanlarını təkrarlamaqla!

– Mənə elə gəldi ki, siz Qorbaçov islahatlarının tərəfdarısız…

– Qorbi (M.Qorbaçov nəzərdə tutulur – Tərc.) mənim fəxr elədiyin yegənə rus siyasətçisidir. Bu gün əlimizdə olan bütün yaxşı şeylərə, məsələn, söz azadlığına görə Qorbaçova borcluyuq. Yeltsin isə adicə “mafiya babası” idi.

– Bəs Putin?

– O, mənə Muzilin bir personajını xatırladır: obrazsız adam. Görkəmində yeganə diqqət çəkən əlamət – insanda heç bir emosiya yaratmamasıdır.

– Bəs  rus klassikləri – Tolstoy, Dostoyevski, Çexov haqqında nə fikirdəsiz?

– Onlar ölüblər, mənsə sağam.

Sim-sim.az
Tərcümə: İkinci Mahmud

 





05.02.2016    çap et  çap et