525.Az

Bir teleproqramdan yaranan təəssürat


 

Bir teleproqramdan yaranan təəssürat<b style="color:red"></b>

Vəsilə MƏMMƏDOVA
Goranboy

Azərbaycan telekanalları ətrafında son vaxtlar maraqlı diskussiyalar, elmi, bəzən də qeyri-elmi söhbətlər gedir. Əlbəttə, bizim televiziyalar barədə ümumi sözlərlə danışıb və bu ümumi sözlərlə radikal münasibət sərgiləyənlər də var. Lakin bütün bunlar- istər elmi, istərsə də radikal mövqeli fikirlərin hamısı, əslində televiziyanın daha da düzgün istiqamətdə fəaliyyətinə  təkan verir. Qəzet səhifələrində bizim televiziyalar barədə pessimist fikirlər də özünə yer tapır və bu fikirlər çox zaman qeyri-obyektivliyə də yol açır. Bizim fikrimizcə, bu gün fəaliyyət göstərən “Xəzər” TV-nin “Xəzər-xəbər”, ATV-nin “ATV-xəbər” informasiya proqramlarına öz operativliyi və hadisələri obyektiv təqdim etmələrinə  görə irad tutmaq insafsızlıq olardı. O cümlədən, məsələn, İctimai Televiziyanın analitik  proqramlarının da maarifləndirmə funksiyasının səmərəliliyini inkar etmək çətindir. Biz bu məqamda İTV-nin “Açıq dərs” proqramının maarifçilik vəzifəsini uğurla yerinə yetirdiyini xüsusi qeyd etmək istərdik. Bu proqram uzun müddətdir ki, efirdədir və həftədə bir dəfə günün baxımlı saatında tamaşaçılara təqdim olunur. Azərbaycan elminin və Azərbaycan təhsilinin bir çox problemləri bu proqramın əsas mövzusunu təşkil edir. Həmişə maraqla qarşılanan bu proqramı biz orta məktəblərimizin sinif otaqlarında, ayrı-ayrı regionlarda təhsilin problemləri ilə bağlı canlı telekörpülərdə  və s. yerlərdə görmüşük.

“Açıq dərs” yeni – 2013-cü ilə daha  ciddi mövzularla qədəm qoyub. Son üç həftədə proqramın hər buraxılışında qoyulan mövzuların canlı müzakirəsi problemlərin həllinə birbaşa təsir edir. Proqramın aparıcısı Cəsarət Valehovun verilişə dəvət etdiyi qonaqlar, bir qayda olaraq, innovasiya meylli, öz sözü, orijinal fikri olan mütəxəssislərdir. Biz proqramın yanvarın 23-də efirə gedən buraxılışı ətrafında dayanmaq istərdik. Proqramda müasir dövrün çox maraqlı bir mövzusu qoyulmuşdu: sinergetika. Doğrusu, sinergetika bir anlayış kimi heç də adi tamaşaçıya aydın deyil. Lakin aparıcı bu anlayışın çox aydın bir izahını verdi və məlum oldu ki, proqramda söhbət elmlərarası  münasibətin ümumi qanunauyğunluqlarından gedəcək. Azərbaycanın 2020-ci ilə qədərki inkişaf proqramı mövzunun əsas hədəfi seçildi və ekspertlər- fəlsəfə elmləri doktoru Fizuli Qurbanovun, Mərkəzi Bankın departament müdiri Emin Hüseynovun, fəlsəfə doktoru Roida Rzayevanın və Bakı Dövlət Universitetinin müəllimi Tural Əliyevin qonaq olduğu bu proqramda, Azərbaycanda elmin inkişaf perspektivləri, bu inkişafa mane olan problemlər, dünya elminə inteqrasiya, akademiya və universitetlərin elmi birgəliyi və s. məsələlər ətrafında çox ciddi polemika getdi. Doğrusu, bankın departament müdiri, iqtisadçı Emin Hüseynovun açıqlamaları, proqnozları və cəsarətli fikirləri tamaşaçıda belə bir inam da yaratdı ki, artıq bizdə çox səviyyəli kadrlar meydana çıxmışdır. Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digər ekspertlər proqramda axıradək səmimi oldular və bir çox mətləbə fəlsəfi yanaşma ilə aydınlıq gətirdilər.

Proqramın aparıcısı Cəsarət Valehovun səriştəli və cavabı tam obyektivlik tələb edən sualları verilişin səmərəsini, maarifçilik məqsədinin gerçəkləşdirilməsini təmin etdi.

Mən adi bir rayon sakiniyəm. Bu verilişə qədər sinergetika mənim üçün də qaranlıq bir anlayış idi. Amma bu proqram mənə terminin geniş mənasını anlamağa və Azərbaycan elminin müasir istiqamətlərindəki uğurlarını, nöqsanlarını dərk etməyə kömək göstərdi.

 





28.01.2013    çap et  çap et