525.Az

Qərbdə radikallaşma meyllərinin dünya nizamına təsiri


 

Qərbdə radikallaşma meyllərinin dünya nizamına təsiri<b style="color:red"></b>

Tarixən bəşəriyyət müxtəlif güc mərkəzlərinin fərqli dəyərlər sistemi və buna uyğun olaraq fərqli ideologiyaları üzərində qurulan dünya nizamına malik olmuşdur.

Fərqliliklər üzərində formalaşan dünya nizamı bu fərqli dəyərlərin ahəngdarlığından asılı olaraq zaman-zaman kəskin qütbləşmələrə və böyük ziddiyyətlərə gətirib çıxarmışdır. Tarixə nəzər saldıqda daha çox Şərq-Qərb qarşıdurmasına rast gəlirik. Doğrudur bunda klassik tarixin daha çox Qərb mənbələrinə istinadən yazılmasının da böyük rolu var. Belə ki, bizim öyrəndiyimiz tarix Çin mənbələri əsasında yazılsa idi, daha fərqli qarşıdurmaların tarixinin şahidi olardıq. Misal üçün, Çin prizmasından yanaşdıqda Qədim Çin-Türk və ya Çin-Hind sivilizasiyalar arası münasibətləri daha mühüm rol oynamışdır.

Şərq-Qərb münasibətlərini isə 2 mühüm mərhələyə ayırmaq olar: islamaqədərki dövr və İslam Şərqinin yaranmasından sonrakı dövr. Hər iki mərhələ üçün bu iki qütb arasında siyasi sistemdən tutmuş ailə kodeksinə qədər əksər dəyərlərdə uyğunsuzluq müşahidə olunur. Yəni, Şərq-Qərb dəyərlər sistemindəki fərqlər münasibətlərin xarakterini də müəyyənləşdirmişdir. Hələ ellinizm dövründə Qədim Yunan-İran qarşıdurması, sonrakı mərhələdə ellin mədəniyyətinin Şərqdə yayılması və ya Roma imperiyasının - Şərqə ancaq barbar mədəni səviyyə olaraq baxış bucağı fərqli qütblərin barışmaz mövqeyini əks etdirirdi.

İslamın yaranmasından sonra isə Şərq-Qərb münasibətlərində yeni bir mərhələ və qırılma anı olmuşdur. Məlum olduğu kimi, islam bir din olaraq yaranana qədər xristianlıq Yaxın Şərqdə geniş yayılmışdı. Bütün səmavi dinlərin vətəni olan Yaxın Şərq islama qədər daha çox xristianlıqla bütpərəstliyin və atəşpərəstliyin mübarizə meydanı idi. Bu coğrafiyada xristianlıq Bizans imperiyasının timsalında hakim din və eyni zamanda hakim ideologiya olmuşdur. Qeyd etməliyik ki, islam bu regionda tam yayıldıqdan sonra da xristianlıq əvvəlki səviyyədə olmasa da müəyyən nüfuz dairəsini saxlamışdır. Hətta ərəb dünyasında belə xristian ərəblər Livanda siyasi hakimiyyətin bir sütunu kimi, Fələstin, Suriya və digər ölkələrdə isə dini azlıq kimi mövcudiyyətlərini bu gün də saxlayırlar.

Digər tərəfdən hələ qədim dövrlərdən başlayaraq yerli xristian icmalarından əlavə avropalıların Şərqdə kompakt yaşayan koloniyaları mövcud olmuşdur. Bu proses Makedoniyalı İsgəndərin Şərq ölkələrinə doğru yürüşü ilə böyük iz qoymuş, səlib yürüşləri zamanı isə dini-siyasi faktor olub. Makedoniyalı İsgəndərin yürüş etdiyi ölkələrə köçürdüyü avropalılar və hərbi koloniyalar sonradan ellinizmin Şərqdə əsas daşıyıcıları idilər. Səlib yürüşləri zamanı Yaxın Şərqə mühacirət edən avropalılar uzun əsrlər boyu bu regionda Avropa dövlətlərinin və xristianlığın bastionu rolunu oynamışlar. XI-XIII əsrlərdə davam edən səlib yürüşləri böyük fəlakətlərə, çoxlu insan itkilərinə səbəb olsa da, İslam Şərqində xristianlığa qarşı dözümsüzlüyə səbəb olmadı. Xristianlıq regionda hərbi gücünü itirsə belə yerli xristian icması və Avropa ticarət koloniyaları sonrakı əsrlərdə də bu coğrafiyada mövcudiyyətlərini davam etdirdilər.

Həmin dövrün tarixinə nəzər saldıqda Şərqdə və Qərbdə tolerantlığa nə qədər fərqli münasibət olması özünü göstərir. Müqayisə üçün qeyd etmək olar ki, orta əsrlərdə avropalıların kompakt yaşadıqları ticarət koloniyalarına İslam Şərqinin bir çox ərazilərində rast gəlinir, xristianlar müsəlman cəmiyyətində özünəməxsus yer tutur və hətta müsəlman dövlətlərində bir çox vəzifələr xristian və yəhudilər üçün nəzərdə tutulurdu. Bu daha çox maliyyə və diplomatik sahələri əhatə edirdi. Lakin “Qoca qitə”də həmin dövrdə müsəlmanlara qarşı analoji münasibət haqqında danışmaq belə mümkün deyil. Orta əsrlərdə Avropanın hər hansı bir yerində müsəlmanlara bu cür tolerant yanaşmaya, eyni zamanda müsəlmanların yaşadığı ayrıca kvartala rast gəlmək mümkün deyil. Həmin dövrdə Avropaya üz tutan çox azsaylı müsəlman alimlərin, səyyahların, diplomatların isə xristianlığı qəbul etməsinin (və ya etdirilməsinin) şahidi oluruq. Avropada müsəlmanların öz dinlərinə sadiq qalaraq kompakt yaşaması XX əsrdə başlamışdır.

Əslində bu Qərb sivilizasiyasının təkcə islam dünyasına deyil, digər sivilizasiyalara qarşı münasibətində də özünü göstərir. Belə ki, Qərb- Çin sivilizasiyalar arası münasibətlərində də eyni hal müşahidə olunur. Orta əsrlərdə Çində və ümumiyyətlə Uzaq Şərqdə portuqal, holland, ingilis və digər avropalılar “şəhər içərisində şəhər olan” özləri üçün ayrıca kvartallar yaratmışdılar. Qeyd etməliyik ki, çinlilərin planetin bir çox yerlərində öz dünyalarını yaratdıqları “çaynataunlar” isə Avropada yalnız XX əsrin məhsuludur. Beləliklə, xristian dünyası digər bütün sivilizasiya daşıyıcılarına qarşı uzun əsrlər boyu dözümsüzlük nümayiş etdirmişdir.

Qərb sivilizasiyası - xristian klubu

Xristianlıq ümumilikdə Qərb sivilizasiyasının nüvəsini təşkil etməklə digər mədəniyyət daşıyıcıları ilə münasibətlərində məhək daşı rolunu oynamışdır. Məhz dini dəyərlər Qərb dünyası üçün ilkin olaraq birləşdirici faktor və eyni zamanda fərqli sivilizasiyalar üçün bir baryer olmuşdur. Belə ki, Roma imperiyasının dövründə katolik kilsəsinin əhatə dairəsi Avropanın və hətta imperiyanın hüdudlarını aşsa da, fərqli mədəniyyətlərin simbiozuna səbəb ola bilmədi. Qərb tarixində “qaranlıq əsrlər” adlandırılan dövrdə isə Vatikan müxtəlif Avropa xalqlarının birgəyaşayışını təmin etmək üçün öz qüdrətini itirmiş imperiyaların da vəzifələrini yerinə yetirirdi. Lakin bu əsrlərin niyə qaranlıq adlandırıldığına diqqət yetirdikdə yenə başqalarına qarşı dözümsüzlük özünü göstərir.

Belə ki, əslində bu əsrlər iddia olunduğu kimi qaranlıq deyildi, sadəcə intibah inkişaf Qərbdə yox, İslam Şərqində təşəkkül tapmışdır. Bəlkə də, həmin dövrdə Amerika qitəsində yerli xalqların mədəniyyətində də intibah dövrü olmuşdur. Sadəcə bütün bunlar Avropada baş vermədiyi üçün Qərb sivilizasiyası XIV-XV əsrlərə qədər olan dövrü cəhalət dövrü adlandırırdı. Halbuki təkcə İslam dünyasında həmin dövrdə elmə qazandırılan kəşfləri, ixtiraları, yenilikləri sadaladıqda bəşəriyyətin inkişafında nə qədər böyük yol keçildiyi açıq-aydan görünür. Sadəcə Qərb qəbul edə bilmir ki, Bağdadda, Dəməşqdə, Təbrizdə şəhər əhalisinin sayı milyonlarla olanda, mükəmməl şəhər infrastrukturu olanda London, Paris və digər Avropa ölkələrinin paytaxtları hələ kənd statusunda idilər. Belə görünür ki, Qərb mentaliteti üçün “Qoca qitə”də intibah yoxdursa demək bəşəriyyət qaranlığa qərq olunmuşdur, təfəkkürü hökm sürür və bu daim belə qəbul edilir.

Xristian dini dünyagörüşünün Qərb sivilizasiyasının digərlərinə münasibətdə oynadığı rola toxunan Henri Kisenger “Dünya nizamı” kitabında yazır: “1550-1551-ci illərdə Müqəddəs Roma imperatoru V Çarlz (1519-1556) tərəfindən çağırılmış dini şura belə bir qənaətə gəldi ki, yalnız Qərb yarımkürəsində yaşayan insanlar ruha malikdirlər və bunun sayəsində dini nicat üçün uyğundurlar. Bu teoloji nəticə istila və məcburi xristianlaşdırmaya bəraət qazandıran əsas prinsip oldu. Avropalıların maddi sərvətlərini artırmaq və eyni zamanda vicdanlarını xilas etmək imkanı tanındı. Onların ərazilərə nəzarət uğrunda qlobal rəqabəti beynəlxalq nizamın təbiətini dəyişdirdi”.

Dinin rolunu Avropada təkcə hökmdarlar deyil elmi dairələr də xristianların digərləri üzərində üstünlüyündə görürdülər. Böyük fransız filosofu Jan Jak Russo yazırdı: “Bizə deyirlər ki, həqiqi xristianlardan ibarət xalq təsəvvür oluna bilinən ən mükəmməl cəmiyyəti təşkil edə bilər. Bu fikirdə mən yalnız bir böyük çətinlik görürəm: həqiqi xristian cəmiyyəti artıq insan cəmiyyəti olmayacaq”.

Beləliklə müşahidələr göstərir ki, dini dəyərlər üzərində formalaşan Qərb sivilizasiyası orta əsrlərdə olduğu kimi müasir dövrümüzdə də fərqli dəyər daşıyıcılarını qəbul etmir. XX əsr boyunca Avropa ölkələrinin həyata keçirdiyi miqrasiya siyasəti və ideologiya bunu bir daha təsdiq edir. Məlum olduğu kimi, II Dünya müharibəsindən sonra Avropa ölkələrinin iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Əhalinin yaşlaşması və kənarda ucuz işçi qüvvəsinin olması Qərb ölkələrinin keçmiş müstəmləkələrindən immiqrasiyaya üstünlük verməsinə səbəb oldu. “Qoca qitə”nin yeni sakinləri üçün Qərb üçün indiyədək xarakterik olmayan multikultural cəmiyyət formalaşdırılmağa başlandı. Bu mərhələdə elan olunan multikulturalizm yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olmasına yönəlmiş ideologiyaya xidmət edirdi.

Lakin fərqli mədəniyyət daşıyıcılarını universal modelə uyğunlaşdırmaq təbii olaraq mümkün olmadı. Qərb cəmiyyəti hadisələrin bu cür axınına hazır deyildi və buna görə də miqrantlara münasibətdə dözümsüzlük müşahidə olunmağa başladı. Qərb ölkələrinin rəhbərləri multikulturalizm siyasətinin iflasa uğradığını bəyan etdilər. İmmiqrant müsəlmanların Avropada öz dini dəyərlərinə sadiq qalmaları, bundan başqa islamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətində birmənalı qəbul olunmur. Nəticədə müəyyən dairələr üçün islam bir fobiya olaraq görünür. Günümüzdə azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərb cəmiyyətinin qarşısında duran əsas çağırışdır.

Avropaya artan miqrant axını yerli əhali arasında işsizlik və zəif sosial təminata səbəb olur. Belə bir fikir formalaşdırılır ki, multikulturalizmin Avropa modelinin məğlubiyyətə uğramasının səbəbi miqrantların universal Qərb həyat tərzinə daxil ola bilməmələri, demokratik prinsipləri və insan hüquqlarının aliliyini rəhbər tutan Avropa qanunlarının isə mülayim olması ilə əlaqədardır. Bütün bunlar isə Avropada ifrat millətçilik ideologiyasının və ultra sağçı siyasi partiyaların tərəfdarlarının artmasına, irqçi və şovinist çıxışlara səbəb olur. Əslində bu hal Qərb üçün yeni deyil. Avropada indi islama qarşı sərgilənən münasibətin zamanında digərlərinə qarşı da tətbiq olunduğu hələ yaddaşlardan silinməyib. Tarix boyunca yəhudilər fərqli dini əqidə daşıyıcıları olduğu üçün bir neçə dəfə Avropadan qovulmuşlar. Yəhudilərin XV əsrdə İspaniyadan, II Dünya müharibəsi zamanı isə ümumilikdə Avropada təqib olunmalarını misal göstərmək olar.    

Ümumiyyətlə, Qərblə dialoqda digər sivilizasiyaların prinsipial olaraq başa düşmədikləri məqam dəyərlərlə bağlıdır. Şərq mentalitetinə dəyərlərə toxunulmazlıq və müqəddəslik statusunun verilməsi, dəyərlərlə maraqların bir-birindən ayrılması xasdır. Dəyərlər çirkin hesab edilən siyasi və iqtisadi mübarizədə istifadə oluna bilməz. Qərb mentalitetində isə dəyərlərin qiyməti məhz gündəlik əməliyyatlarda istifadə oluna bilinməsindədir, dəyərlər maraqların davamıdır və əksinə. Bu səbəbdən, demokratik dəyərlər konkret geosiyasi və iqtisadi maraqların əldə olunmasında geniş istifadə edilir. Şərq diplomatiyası isə bunu riyakarlıq nümunəsi kimi gördüyündən, səhv reaksiyalar verir. Geosiyasi mübarizədə toxunulmaz dəyərlərin olmaması, demokratiyanın isə yalnız alət yox, eyni zamanda doğrudan da dəyər olduğu nəzərə alınmalıdır.

İkili standartlar meyarı

Beləliklə, təhlillər göstərir ki, bütün tarixi inkişaf mərhələlərində Qərb cəmiyyəti özününkü və özgələrinə münasibətdə fundamental fərqlər qoyub. Müasir dövrdə isə Afrika və Orta Şərqdə baş verən hadisələrdən sonra Avropa yeni bir miqrant axını ilə üzləşmişdir. Bu yeni miqrant dalğası həm humanitar fəlakətlə, həm də miqrantlara qarşı Avropada dözümsüzlüyün artması ilə müşayiət olunur. Miqrantların əksəriyyəti müsəlman olduğu üçün bu miqrasiya prosesi Qərb cəmiyyətində islamafob qüvvələrin güclənməsinə səbəb oldu. Həm də artıq bu yeni dalğa Avropanın ənənəvi olaraq islamafob qüvvələrin güclü olduğu ölkələri ilə yanaşı daha tolerant ölkələrini də əhatə etməyə başladı. Belə ki, II Dünya müharibəsindən sonra Avropanın ən tolerant regionu hesab olunan Skandinaviya ölkələri də müsəlman miqrantlara münasibətdə aqressiv reaksiya göstərməyə başladılar. İsveç müharibədən qaçmış 80 000 miqrantın deportasiya olunmasının gündəmə gətirib, Danimarkada millətçilər etiraz aksiyaları keçirirlər.

Avropada bu yeni miqrantların Qərb dəyərlərindən uzaq olması, mədəni səviyyəsinin aşağı olması, özlərini aparmaları cəmiyyətdə böyük qıcıq yaradır və aparılan təbliğat bu özgələrin Qərb dəyərlər sisteminə yaraşmadığını təşviq edir. Bununla da məsələnin əsl mahiyyəti kənara qoyulur və hər hansı bir miqrantın mənfi cəhəti ümumilikdə müsəlman obrazı kimi təqdim olunur. Əsl mahiyyət isə bu miqrantların bura niyə mühacirət etməsi ilə bağlıdır. Məlumdur ki, Afrika və Orta Şərqdən Avropaya pənah aparan bu insanlar hər hansı bir iqtisadi, sosial və ya şəxsi problemlərlə əlaqədar deyil məhz bu ölkələrdə baş verən müharibədən qaçmaq üçün gəlmişlər. Bu müharibələrin isə məhz Qərb dövlətlərinin regiona müdaxiləsi ilə bağlı olduğu isə unudulur. Nəticədə müsəlman miqrantlara və daha geniş formatda müsəlman ölkələrinə qarşı ikili standartların tətbiq olunduğunun şahidi oluruq.

Azərbaycan da bu ikili standartlardan əziyyət çəkən ölkələrdəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşmada biz bunun şahidi oluruq.  Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərlə görüşündə bununla bağlı açıq bildirdi ki, “Münaqişənin həll olunmasında ikili standartların böyük rolu var. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir”. 

Eyni zamanda Avropada artan islamafobiya meyllərinin dünya üçün nə vəd etdiyi ilə bağlı narahatçılıq bildirilmişdir: “Avropaya nə qədər çox miqrant üz tutur, Avropada radikal qüvvələrin gücü o qədər çox artır. Əgər Avropanın aparıcı ölkələrində keçirilmiş seçkilərin nəticələrinə nəzər salsanız, görərsiniz ki, 10 il ərzində radikal islamafob partiyaların faizi nə qədər artıb. Bəlkə də iki dəfə və bu meyldir. Bu gün onlar əlbəttə ki, siyasətdə söz sahibi deyillər. Amma bu meyl nəyə gətirib çıxaracaq? Ona gətirib çıxaracaq ki, bəlkə də 10 ildən, 15 ildən sonra onlar hakimiyyətə gələcəklər. Onda necə olacaq? Onda müsəlmanlara artıq rəsmi mövqe necə olacaq?”.

Beləliklə, dini dəyərlər sistemindən çıxa bilməyən Qərb dünya nizamında ahəngdarlıq üçün həqiqi multikultural dəyərlərə üstünlük verməlidir. Dünyada bütün münaqişələr özününkü və yaxud özgə olmaq əsasında deyil, ədalət prinsipi əsasında həll olunmalıdır. Avropa Orta Şərq və Afrikadan miqrant axınına Avropanın gələcəyinə təhdid nöqteyi-nəzərindən deyil, humanitar fəlakət, insanlıq faciəsi kimi baxmalıdır. Dünyada bütün proseslər güclülərin qanunu ilə deyil, vahid beynəlxalq hüququ normaları ilə tənzimlənməlidir.

Yalnız bu halda dünya nizamı yeni dövrün çağırış və təhdidlərinə cavab vermək iqtidarındadır.  

 





06.02.2016    çap et  çap et