525.Az

Əliabbas Qədirovun xatirə gecəsi keçiriləcək


 

Əliabbas Qədirovun xatirə gecəsi keçiriləcək<b style="color:red"></b>

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli aktyor Əliabbas Qədirovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gecədə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından söz açacaq, xatirələrini bölüşəcəklər.

1970-ci ildən teatrda çalışan sənətkar yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradaraq böyük tamaşaçı rəğbəti qazanıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir. Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb.

Ə.Qədirovun 1978-ci ildə “Sevinc buxtası” filmindəki roluna görə Dövlət mükafatı alıb.

 





06.02.2016    çap et  çap et