525.Az

Vyana Opera balının 60 illiyi qeyd edilib


 

Vyana Opera balının 60 illiyi qeyd edilib<b style="color:red"></b>

Vyanada bal mövsümünün zirvə nöqtəsini təşkil edən Vyana Opera balı keçirilib.

“Dünyanın ən gözəl bal salonu”na çevrilmiş Vyana Dövlət Operasında 60-cı dəfə təşkil edilən bal bu il öz təmtərağı və qonaqların rəngarəngliyi ilə seçilib.

Builki opera balının ilk valsını 144 gənc debütant cütlük açıb. Vyana Dövlət Operasının solistləri Plasido Dominqo və Olqa Peretyako müxtəlif operalardan duet və ariyalar, balet ansamblının üzvləri isə məşhur balet əsərlərindən rəqslər ifa ediblər.

5 mindən artıq iştirakçının qatıldığı Vyana Opera balı Avstriyanın incəsənət xadimləri, siyasətçiləri və iş adamlarının, eləcə də dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların bir araya gəldiyi ən böyük ictimai-mədəni tədbirdir.

Builki balda Avstriyanın Federal Prezidenti Haynts Fişerin və hökumət nümayəndələri ilə yanaşı, xüsusi rəsmi qonaq qismində Finlandiya Prezidenti Sauli Niinistö və xanımı iştirak edib.

Vyanada bal rəqsləri ənənəsi 1814-1815-ci illərdə Vyana Konqresi dövrünə gedib çıxır.

Müxtəlif dövrlərdə müxtəlif məkanlar və formatda təşkil edilən, ölkənin ictimai-siyasi elitasının qatıldığı bal mərasimləri vahid formada ilk dəfə 1956-cı ildə İkinci Dünya müharibəsindən sonra yenidən bərpa edilən Vyana Dövlət Operasında keçirilib.

Eyni zamanda hər il bal mövsümündə Vyanada yüzdən artıq konsert keçirilir. Onların ən möhtəşəmi olan Opera balı öz ciddi protokol qaydaları və dress-kodu ilə seçilir.

 





06.02.2016    çap et  çap et