525.Az

Dostumuzun şərəflə yaşanmış 50 yaşı


 

Dostumuzun şərəflə yaşanmış 50 yaşı<b style="color:red"></b>

Görkəmli alman yazıçısı və filosofu İohan Höte deyib: “Dostluq əntiq əşya kimidir - zaman ötdükcə qiyməti artır”.

Bu deyimin doğruluğunu tanınmış ziyalı Zaur İsayevlə ildən-ilə daha da səmimiləşən münasibətlərimizdə görməkdəyik. Bizi bir-birimizə, eləcə də Zaur müəllimə bağlayan hamımızın kitab əhli, qələm əhli olmağımızdır.

Zaur müəllim yaşca hamımızdan kiçik olsa da özünü həmişə “köhnə” kişilər kimi müdrik aparıb, ölçülü-biçili davranışları, böyük-kiçik yeri bilməsi, ağzından çıxan hər sözü yüz ölçüb bir biçməsi ilə təkcə dostlarının deyil, ünsiyyətdə olduğu əksər insanların hörmət və ehtiramını qazanıb. Bunlar Zaur müəllimin şəxsi keyfiyyətləridir. Ancaq onu bizə daha çox sevdirən isə millətimizin maariflənməsi yolunda çəkdiyi fədakar əməyidir. Bu haqda bir qədər sonra söz açacağıq. İndisə onun şərəflə yaşanmış 50 illik ömür yoluna ötəricə göz yetirək.

Zaur Fazil oğlu İsayev 5 fevral 1966-cı ildə Salyan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, 1973-cü ildə Bakının tanınmış 18 saylı məktəbinin 1-ci sinfinə gedib, 9-10-cu sinifləri isə 135 saylı məktəbdə oxuyaraq təhsilini orada başa vurub.

1983-cü ildə qəbul imtahanlarında yüksək qiymətlər alaraq keçmiş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tətbiqi riyaziyyat ixtisasına daxil olub və 1990-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1984-86-cı illərdə Moskva şəhərində hərbi xidmətdə olub.

Tələbəlik illərində müxtəlif elmi-tədqiqat işlərinə böyük həvəs göstərən Zaur İsayev 1987-ci ildə Bauman adına Moskva Fiziki-Texniki İnstitutunda tələbə işləri üzrə Ümumittifaq müsabiqəsində 2-ci yeri tutub, 1988-ci ildə isə Kiyevdə keçirilən ekoloji problemlərə aid beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Fəal tələbə həyatı yaşamış Zaur İsayev institutda Riyazi Modelləşmə üzrə Tələbə Mərkəzi yaradaraq ona rəhbərlik edib.

1990-cu ildə institutu bitirdikdən sonra Elmi-Tədqiqat Təbii Ehtiyatların Mühafizəsi İnstitutunda elmi işçi kimi fəaliyyət başlayan Z.İsayev çox keçmədən baş elmi işçiliyə yüksəlib. Eyni zamanda o, AMEA-nın Kibernetika İnstitutun aspiranturasına daxil olub və “Gecikən arqumentli stoxastik funksiyaların bəzi məsələləri” mövzusunda tədqiqatlar aparıb. Ancaq o dönəmin ağır iqtisadi çətinlikləri səbəbindən tədqiqatlarını yarımçıq qoymağa məcbur olub.

Zaur İsayev 1992-ci ildən 1996-cı ilədək Bakı şəhərindəki Elmi-Ekoloji Mərkəzdə öncə şöbə müdiri, sonra isə direktor müavini vəzifələrində çalışıb. Bu müddətdə o, Bakıda yerləşən zavod və fabriklərin şəhərin atmosfer havasının çirkləndirməsi, avtonəqliyyatın şəhər havasına təsiri üzrə müxtəlif layihələr həyata keçirib. O, eyni zamanda zəhərli qazların yayılmasının riyazi modellərinin qurulması istiqamətində də geniş fəaliyyət göstərib. Paralel olaraq statistik üsullarla hava proqnozlarının verilməsi üzrə elmi tədqiqatlarla məşğul olub.

1996-2000-ci illərdə “Marketinq Sentre Stur” firmasının və “Super Market” qəzetlər qrupunun kommersiya direktoru vəzifəsində çalışıb. Bu illərdə eyni zamanda bir həvəskar olaraq Azərbaycan estrada və caz musiqisinin tarixi üzrə tədqiqatlar aparıb və mətbuatda bu mövzu ilə bağlı silsilə məqalələrlə çıxış edib.

Zaur müəllim 2000-ci ildən bu günədək “Bakı” nəşriyyatının layihə rəhbəri və icraçı direktoru vəzifələrində çalışır. Bizim onunla tanışlıq və dostluğumuzun da tarixi bundan sonraya düşür.

O, 2002-2010-cu illərdə paralel olaraq AMEA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi də çalışıb və 2008-ci ildə “Sıxıcı qüvvənin təsiri altında silindrik örtüyün dayanıqlığı”  mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi  alıb.

Zaur müəllim gözəl ailə başçısıdır. Onun həyat yoldaşı Naidə İsayeva Bakı şəhərindəki 283 saylı tam orta məktəbdə informatika müəllimidir. Əməkdar müəllimdir. Naidə xanım orta məktəblərimizin 1-11-ci sinifləri üçün “İnformatika” dərsliklərinin müəlliflərindən biridir. Zaur müəllimin iki qızı və bir oğlu var. Qızlarının biri M.Lomonosov adına Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, digəri isə həmin ali məktəbdə əlaçı oxuyur. Oğlu orta məktəb şagirdidir. O da qabaqcıllardandır.

Yuxarıda dedik ki, bizi Zaur müəllimlə yaxınlaşdıran “Bakı” nəşriyyatı olub. Burada onun rəhbərliyi altında indiyədək orta məktəblərimiz üçün 200-dən artıq dərslik və dərs vəsaiti hazırlanıb. Ümumtəhsil məktəblərimizin müxtəlif sinifləri üçün “Fizika”, “İnformatika”, “Biologiya”, “Coğrafiya”, “Ədəbiyyat”, “Kimya” dərsliklərinin ümumi strukturunun müəyyən olunmasında, hər bir mövzunun müəlliflərlə müzakirəsində Zaur İsayevin ölçüyəgəlməz əməyi var.

Bu gün ömrün müdriklik zirvəsindən geri boylanaraq arxada qalmış 50 ilinə nəzər salan Zaur İsayevin yaşanmış şərəfli ömrü ilə fəxr etməyə tam haqqı var. O, hələ çox gənc və enerjilidir. İnanırıq ki, onun millətimizin övladlarının maariflənməsi sahəsində görəcəyi ən dəyərli işləri hələ irəlidədir!

Sevimli dostumuzu 50 illik şanlı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona hər şeydən öncə möhkən cansağlığı, bundan sonra da uzun ömür və bitməz-tükənməz ailə və yaradıcılıq sevincləri diləyirik!

R.MAHMUDZADƏ, H.ƏBDÜLHƏLİMOV, Ə.TAHİRZADƏ, İ.CALALLI, T.MƏLİKOV

 





06.02.2016    çap et  çap et