525.Az

Bir görüşün təəssüratı


 

Bir görüşün təəssüratı<b style="color:red"></b>

Həyatda insanlar əldə etdiklərinə, qazandıqlarına görə çox zaman biliyinə, savadına, elminə və bu yoldakı uğurlarına borclu olur.

Həyatımız boyu oxuduqlarımızın, öyrəndiklərimizin qismətimizə düşən ömür payımızda hər zaman bizimlə olacağını, həyanımıza çatacağını düşünürük. Amma bir də görürsən, bunlar yetərli olmur. Belə anlarda zəngin həyat təcrübəsinə, uğurlu karyeraya, yüksək daxili təmizliyə malik insanlardan əxz edib öyrəndiyimiz nəsnələrdən daha çox şeylər qazanırıq. Hər görüş bir xatirədir, bir günlük görüş olsa belə, bəzən həmin günün, bir neçə saatın xoş təəssüratı, müsbət enerjisi insana bir ömür boyu yetir. Günlər keçdikcə həmin günün təsirindən, o görüşün xoş əhvalından, o ovqatdan çıxa bilmirsən. Əgər görüşdə səmimiyyət, dostyana münasibət görürsənsə, əgər qarşındakı insana onun səmimiyyətindən doğan cəsarətinlə istədiyin sualı verə bilirsənsə, bu, ikiqat xoş hisslər bəxş edir adama...

Düşünürəm ki, bu hissləri təkcə mən keçirmədim, hamımızda bu hisslər oldu, biz hamımız bu anları yaşadıq SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə səmimi və qeyri-rəsmi keçirilən görüşümüzdə...

Görüş həqiqətən çox maraqlı görüş idi. Bu görüşün iştirakçısı olsam da, bir anlıq kənardan görüşə baxanda çox səmimi bir mənzərə alınırdı mənim üçün. Elə bil bir ata bütün övladlarını başına toplayıb onlarla qeyri-rəsmi və səmimi söhbətlər edir, onların fikirlərinı, verdiyi sualları diqqət və qayğı ilə dinləyib cavablandırırdı. Düzü, Rövnəq müəllimin tutduğu mühüm vəzifədən irəli gələn ciddiliyi ilə müqayisə etdikdə, bu qədər səmimi olacağını təsəvvürümə gətirmirdim. Amma bu görüşdən sonra onun belə sadə və səmimi  insan olduğuna bir daha əmin oldum. Bizim bu görüşdən qazandığımız çox şeylər oldu, cavabsız sualların tam və məntiqli cavablarını aldıq. Mənim üçün ən əsası, daha vacibi isə  bir rəhbərin səmimiyyəti oldu. Görüş o qədər maraqlı keçirdi ki, heç birimiz bu söhbətin, müzakirələrin bitməsini istəmirdik. Rövnəq müəllim sualları böyük həvəslə cavablandırırdı. Bizim gəncliyimizə və enerjimizə baxıb daha da ruhlandığını deyərkən onun səmimiyyəti aydın sezilirdi. Bu görüş tələbəlik həyatı boyunca yaddaşlarımıza həkk olunan ən möhtəşəm görüşlərdən oldu.

Mənim üçün bu görüş həm də ona görə yaddaqalan oldu ki, SOCAR-ın prezidentindən ilk hədiyyəmi aldım. Görüşün başlanğıcında o, tələbələrdən birinin ən səmimi və məntiqli sualına görə hədiyyə verəcəyini söyləmişdi. Mənim üçün görüşün ən maraqlı məqamı Rövnəq müəllimin məhz mənim sualımı seçdiyini deməsi və mənə mükafat verdiyi hissə oldu. Həmin şəxs mən olduğum üçün çox sevincli idim. Hədiyyəmin üzərində yazılan “SOCAR” sözü indi dərslərimi hazırladığım stolumun üstündə hər gün həmin günün xoş xatirəsini və təəssüratlarını mənə yenidən yaşadır...

Pakizə PAŞAYEVA
Bakı Ali Neft Məktəbinin II kurs tələbəsi

 





06.02.2016    çap et  çap et