525.Az

Bakı sərnişin vağzalında yenidənqurma işləri bu il başa çatdırılacaq


 

Bakı sərnişin vağzalında yenidənqurma işləri bu il başa çatdırılacaq<b style="color:red"></b> "Azərbaycan Dəmir Yolları" QSC son 1 il ərzində görülən işlərlə bağlı hesabat açıqlayıb.
 
QSC-nin Mətbuat katibliyindən APA-ya verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir və bu il bağlantının istismara verilməsi gözlənilir.
 
Ötən dövr ərzində müasir dövrün tələblərinə cavab verməsi üçün yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranan Bakı sərnişin vağzalında da yenidənqurma işlərinə start verilib, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir.
 
Ötən ilin martın 3-də Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib, sentyabrın 2-də işlər başa çatdırılıb. "Stadler Rail Group" şirkətindən KİSS markalı ikimərtəbəli 3 qatar Bakı sərnişin stansiyasına gətirilib, daha iki qatar da ölkəmizə gətiriləcək. Sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilib.
 
2015-ci ilin mart ayında  “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” elmi-istehsal korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, artıq bu günə kimi ölkəyə 3030 yeni yük vaqonu gətirilib. Qalan 70 vaqonun da yaxın bir ay ərzində gətirilməsi nəzərdə tutulur. Fransanın "Alstom" şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb. Qazaxstandan 10 ədəd teplovozun alınması da gündəmdədir. Artıq teplovozlardan beşi ölkəmizə gətirilib. Bu günlərdə yük daşımalarında istifadə olunacaq, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib.  Digər tərəfdən, hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilib, hazırda tamamlama işləri görülür.
 
14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia steel" şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Bu sazişə əsasən, Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilibr. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu günə kimi 48 km dəmir yolu əsaslı təmir olunub.
 





08.02.2016    çap et  çap et