525.Az

Yaponiyada Beynəlxalq Qar Fiqurları Festivalı keçirilir - Fotoreportaj


 

FESTİVAL 2 MİLYONDAN ÇOX TURİSTİ QƏBUL EDƏCƏK

Yaponiyada Beynəlxalq Qar Fiqurları Festivalı keçirilir - <b style="color:red">Fotoreportaj</b> Fevralın 5-də Yaponiyanın şimal paytaxtı hesab edilən Sapporo şəhərinin Odori prospektində yaradılan “Makao meydanı”nda 67-ci “Sapporo Beynəlxalq Qar Festivalı”nın açılışı olub.

Festival 2 milyondan çox turisti qəbul edəcək.

Tədbirə gələnlər arasında Çin, Koreya, Cənub-Şərqi Asiya ölkələri, Avstraliya və digər ölkələrdən olan turistlər çoxluq təşkil edir. Hər il festival üçün 200 dən çox qar və buz fiqurları hazırlanır. Yaponiyada və dünyada məhşur olan personajlar və tikililər əsas diqqət mərkəzində olur.

Bu mənada, hazırki festivalda Yaponiyanın məşhur animasiya filmlərindən olan “Şingeki no kyojin”in personaşlarını əks etdirən fiqurlar əsas diqqət mərkəzində olanlardandır. Üstəlik, bu il festivalın keçiriləcəyi Hokkaydo adasına Yaponiya tarixində ilk dəfə sürət qatarı çəkiləcəyi üçün (martın 26-da açılışı olacaq) onu əks etdirən qar fiqurları da çoxluq təşkil edir.

Azərbaycan artıq ikinci ildir ki, sözügedən festivalda təmsil olunur. Bu il Azərbaycan müasir simvollarından biri hesab olunan Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli azərbaycanlıların qardan hazırlanmış heykəlcikləri ilə təmsil olunur. Qardan hazırlanmış heykəlcik fevral ayının 4-də festival öncəsi tam hazır vəziyyətə gətirilib.

Layihənin təşəbbüskarı Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədovun verdiyi məlumata görə, Azərbaycanın iki il ard-arda bu cür yüksək səviyyəli festivalda təmsil olunması böyük bir hadisədir:
 
“1822 nəfər xarici tələbəsi olan Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasına prezident seçildikdən sonra bir çox vacib hüquqlara yiyələndim. Bunlardan ən əsası isə beynəlxalq tədbirlərdə öz ölkəmlə bağlı hər hansısa fiqurların, heykəlciklərin yaradılması ideyasın verə bilmək idi. Məhz bu hüququmdan istifadə etməklə iki il Azərbaycanın “Sapporo Beynəlxalq Qar Fiqurları Festivalı”nda təmsil edilməsinə nail oldum. Bu Azərbaycan adına çox böyük uğurdur. Universitetin yerləşdiyi Sapporo şəhəri maraqlı iqlim şəraitinə malikdir. Burada ilin təxminən yarısı qarlı keçir. Kifayət qədər çox qar yağdığından bununla əlaqədar festivallar və tədbirlər də olduqca çoxdur. Sapporo Qar Festivalı isə bunlardan ən məşhurudur”.

Onu da nəzərə almaq lazımdır ki, həmyerlimizin assosasiyanın prezidenti olaraq fəaliyyət müddəti bu ilin mart ayının 31-də bitəcək.

Ə.Məmmədov bildirib ki, mart ayında prezident vəzifəsini hindistanlı doktorant tələbə Depak Darşuya təhvil verəcək:

“2016-cı ilin aprel ayından 2017-ci ilin mart ayına kimi Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezident olaraq daha bir il fəaliyyət göstərmək şansım olacaq. Ancaq fəxri-prezident vəzifəsi bir növ simvolik xarakter daşıyır. Ona görə də, artıq başqa şanslar axatarışındayam”.

Layihənin sponsoru Sapporo Ohdori Lions Club-ın verdiyi rəsmi məlumata görə, bu layihə üçün büdcədən 400 min yen (təxminən 3500 dollar) vəsait ayrılıb.

Hər il 1 həftə ərzində davam edən festivala 2 milyondan artıq yerli və xarici turistlərin gəldiyini nəzərə alsaq, iki il ərzində təxminən 4 milyon yarım turistin Azərbaycanla bağlı qar fiqurlarının görmə imkanı əldə etməsinin fərqinə varmış olarıq.

Ə.Məmmədov vurğulayıb ki, iki il ard-arda Azərbaycanı Yaponiyada yüksək səviyyəli festivalda təmsil etməsindən qürur duyur.

Bununla belə, o, bunun kifayət etmədiyini və ələ düşən bütün imkanlardan istifadə etməklə Azərbaycan adını Yaponiyada daha da tanıtmağa və bunu ənənəvi bir şəkildə davam etdirməyə ehtiyac olduğunu qeyd edib:

“İnsanlar unutqan olurlar. Daima ölkəni diqqət mərkəzində saxlamağa ehtiyac duyulur. Xaricdə olan həmvətənlərimiz üçün orada təhsil almaq və işləmək əsas vəzifə olsa belə, ölkəni müxtəlif məqamlarda təmsil etmək də əsas mənəvi borclardan birinə çevrilməlidir.

Hazırda Yaponiyada Azərbaycan diasporası yoxdur. Həmvətənlərimiz ayrı-ayrı şəxslər formasında müəyyən məqamlarda fəaliyyət göstərirlər. Amma birlikdə fəaliyyət göstərməklə daha böyük uğurlar qazanmaq olar.

Bunun üçün xaricdə olan həvətənlərimizin bir-birini dəstəkləməsinə və əməkdaşlıq etməsinə ehtiyac duyulur”.

Qeyd edək ki, festival fevralın 11-də başa çatacaq.

Ceyhun ABASOV
 





08.02.2016    çap et  çap et