525.Az

Həpimiz bir günəşin zərrəsiyiz!..


 

Həpimiz bir günəşin zərrəsiyiz!..<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” çapdan çıxıb.

Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində özünü göstərən multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb. 

Bu seriyanın baş elmi redaktoru, akademik Kamal Abdulla, tərtibçilər - AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu, tarix elmləri doktoru, professor Fərid Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev, rəyçilər - akademik Teymur Kərimli, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə və nəşrə məsul fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovdur.

Akademik Kamal Abdullanın nəşrə yazdığı Önsözü oxuculara təqdim edirik. 

Multikultural əhvalın, tolerant durumun klassik ədəbiyyatımızda  əsrlər  boyu  formalaşan  və konkret bədii nümunələrdə yaşayan təzahürü çoxşaxəli və çoxistiqamətlidir.

Bəşəriyyəti bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən amilləri aramaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və bir sıra digər bu kimi dəyərlər ədəbiyyatımızın dərin qatda pərvaz edən ruhunun göstəriciləridir.

Cəsarətlə demək olar ki, minillik tarixə malik klassik ədəbiyyatımızın hər bir nümayəndəsi bu dəyərləri nəinki qəbul etmiş, hətta onları öz dünyagörüşünə çevirmişdir.

Və hər ədəbi yaradıcılığın arxasından öz dövrünə xas ictimai-siyasi mühitin nəfəsini, ritmini, nəbzini hiss etməmək mümkün deyil. Bu ədəbi nümunələr bizə Azərbaycan cəmiyyətində müxtəlif dövrlərdə multikultural əhval və tolerant münasibətlərin necə “hakimi-mütləq” olmasından xəbər verir. Bu ədəbi nümunələr tarixi keçmişdə qalan və artıq bizim görə bilmədiyimiz real həyat mənzərələrinin bədii “kardioqramı”nı dəqiqliklə çəkir. Belə olan təqdirdə biz bu kitabdakı nümunələrdən aydın şəkildə görürük ki, xalqımız, onun öncül yaradıcı şəxsləri özündə milli, dini təəssübkeşlik hissləri ilə yanaşı, bəşəri dəyərləri də yaşatmağı bacarmış və “özününkü” saydığını “özgəninki” olandan çox zaman fərqləndirməmişdir. “Öz-özgə” qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq halında təzahür etmişdir.

“Eşqdir mehrabı uca göylərin” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən başlayaraq, “mənim tanrım gözəllikdir, sevgidir” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənmişdir.  Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi  dönəmlərdə  irqindən, rəngindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib. Eyni zamanda bu ədəbiyyatın sahibi olan Azərbaycan xalqı öz əvəzsiz mənəvi-əxlaqi, ədəbi-bədii töhfəsini də ümumbəşər dəyərlər xəzinəsinə səxavətlə təqdim və daxil edib.

Abdulla Şaiq “Həpimiz bir günəşin zərrəsiyiz!” deyirdi.

Məhəmməd Hadi “Qardaşız, qardaşız, ey insanlar” deyə insanlığa xitab edirdi.

Hüseyn Cavid  Gülbahar adlı balaca bir qızcığaza dünyanın bütün insanlarını sevdirirdi.

Mirzə Cəlil kamançanın dili ilə qəlbi köz olan yüzbaşını ancaq nifrətlə yaşayan aciz və vəhşi düşmənə qarşı mərhəmətə, başqa sözlə, özünün öz üzərində qələbəsinə səsləyirdi.

Seyid Əzim Şirvani “insan olmaq bir şəxsin müsəlman olub olmamasından asılı deyil” həqiqətinə inanırdı.

Füzuli bəşərin dərdini-qəmini Məcnunun, yəni, özünün dili-həzininə, ürəyinə cəm edib bütün dünyanı dərddən xilas eləməyi arzulayırdı.

Nəhayət, Nizami “Yeddi gözəl” kimi xalqlar dostluğunu tərənnüm edən bədii şedevr yaratmaqla yanaşı, ona hədiyyə göndərilmiş dili və məzhəbi ayrı olan bir kənizə vurulub evlənməsiylə şəxsi həyatı ilə də nəsillərə nümunə olurdu.

Oxucu ona təqdim edilən bu kitabda klassik şair və yazıçılarımızı tamam yeni bir rakursda görəcək. Ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biridir.Bu, bizə ədəbiyyat tariximizi daha rəngarəng, daha çoxmənalı paradiqmalarda görmək imkanı verir. Biz onun ayrı-ayrı dövrlərinin bir-birilə mükaliməsinin səsini eşidirik. Xaqaninin “Həbsiyyə”sindəki suallara Cavidin Şeyx Sənan vasitəsilə cavabları səslənir. “Erməni” rədifli qəzəl yazan Nəsimiyə Süsən adlı erməni qızına şeir həsr edən Vazeh “cavab verir”.Biz anlayırıq ki, haqqında danışdığımız dəyərlər ulduz göy üzünə səpələndiyi kimi ədəbi mədəni asimanımıza səpələnməsəydi, bəşəriyyətin ümumi mənəvi xəzinəsinə doğru gedən yol bizim üçün maneələrlə dolu və keçilməz olardı.Reallıqda isə biz bu yolu uğurla keçib gedirik. Çünki:

- Ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sevgi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və İntibah dövrü şairlərimizin, maarifçi-demokrat yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur;

- Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehirli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr qurulması, istər müqayisəli, istər müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir;

- Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə, Evklidə, Hippokrata...), yazarlara (Göteyə, Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya...) sonsuz ehtiramın təsviri də bir qədər yuxarıda qeyd edilən eyni əhvalın göstəricisidir;

- Ayrı dinə və millətə mənsub olan gözəllərin vəsfi, onlara saf, coşqun məhəbbət izharı, bu yoldakı məhrumiyyətlər və cəfalar  Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadır, Əli kimi aşiqlərin həyatını, əslində, gözəlləşdirmiş, hətta bəzən bədii faciəvi sonluqlar olsa belə, bu möhtəşəm sevgi simfoniyalarının əzəmətinə kölgə sala bilməmişdir;

- Ədəbiyyatımızda başqa dillərə və məkanlara (ölkələrə, vilayətlərə, şəhərlərə) içdən gələn, səmimi münasibət hissinin təsviri öz dövrünün ictimai fikrinin bədii ifadəsi olmaqla yanaşı, eyni zamanda, öz dövrünün ictimai fikrini yönləndirmək cəhdinin təzahürüdür.

Bütün bu sadalanan ilkin ümumiləşdirmələr xalqımızın psixologiyasında, dünyagörüşündə tarixən yer alan milli və bəşəri dəyərlərin bir-birilə necə çulğalaşıb doğmalaşdığını göstərir. Bu nəhəng mənəvi xəzinə bu gün də eyni şəkildə yaşamaqdadır.Azərbaycanlı qəlbinin həssas, incə qatları bu gün də yer üzündə bir çoxlarını təəccübləndirir.

Biz doğru olaraq belə düşünürük və belə deyirik ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu kitabda “həmin  dəyərləri  kimlər  və necə yaşadıb?”  sualına  təkzibedilməz cavablarla qarşılaşacağıq.

Cavablar isə, əlbəttə, bu nəşrdə toplananlardan daha çoxdur, elə ona görə də ilk qaranquş olan bu toplunun gələcəkdə daha təkmil nəşrləri labüd və qaçılmazdır.

Eyni zamanda bəri başdan onu da qeyd edək ki, “Azərbaycan multikulturalizminin qaynaqları” adlı seriyanın növbəti əsərləri (“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları”) yaxın gələcəkdə işıq üzü görəcək.  Bu əsərlər multikultural qaynaqlarımızın çoxşaxəli və çoxistiqamətli olmasının bariz nümunələri kimi təzahür edir.

Azərbaycan elmi-fəlsəfi, publisistik təfəkkürünün tarix boyu ortaya qoyduğu nümunələr dünya tolerantlıq və multikulturalizm xəzinəsinə əsl töhfədir.Bunu hamının bilməsində fayda var.Eyni  zamanda  tarix  boyu siyasi dinastiyalar, dövlətlər bir-birini əvəz etdikcə Azərbaycan siyasi müstəvisində baş verən multikultural reflekslər bu dəyərləri layiqincə qiymətləndirib öyrənmək üçün münbit şərait yaradır. Əsasən, pərakəndə şəkildə bu günümüzə gəlib çıxan multikultural siyasi dəyərlərin mövcudluğu zaman-zaman onların sistemli və bütöv olması  ideyasının  reallaşmasını  da  qaçılmaz edir.  Bu baxımdan, tarixi zərurət ona gətirdi ki, Qafqaz Albaniyası dövründən və qədim Azərbaycan dinastiyalarından - Atabəylərdən, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan, eləcə də, ilk Xalq cümhuriyyətindən zərrə-zərrə işıq kimi axıb gələn möhtəşəm siyasi estafeti qüdrətli bir şəxs qəbul etdi.

Azərbaycan əsl müstəqilliyini XX əsrin sonlarında, nəhayət, əldə edəndən sonra Ulu Öndər Heydər Əliyev ölkəni qorumaq, onu canlı orqanizm kimi geridönməz inkişaf yoluna çıxarmaq tarixi missiyasını yerinə yetirən əvəzsiz şəxsiyyət oldu. Multikultural və tolerant dəyərlərin Azərbaycan kimi kiçik, amma dərin tarixə, milli-mənəvi ənənələrə malik qürurlu bir ölkə üçün son dərəcə vacib həyati şərtlər olduğunu Ulu Öndər yaxşı bilirdi.Və o, bu dəyərləri yaşatmaq naminə Azərbaycan multikulturalizminin siyasi əsaslarını sistemli şəkildə, əzmlə qurdu və qəbul edilmiş siyasi bəyanat və sənədlərdə, fərman və sərəncamlarda, Konstitusiya bəndlərində bunu addım-addım, geridönməz şəkildə həyata keçirməyə başladı.Zəngin mənəvi xəzinənin sistemli, özündə aydın perspektivlər ehtiva edən siyasi bünövrəsi belə yarandı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və bu gün də yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar  xalqımızın  daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur!”

Bu, həqiqətən, belədir. Nizaminin, Füzulinin, Axundzadənin, Seyid Əzimin, Mirzə Cəlilin, Cavidin, Abdulla Şaiqin və yüzlərlə, minlərlə Azərbaycan ədəbi-bədii, elmi-fəlsəfi və publisistik söz müqtədirinin, dövlətimizin taleyində misilsiz xidməti olmuş tarixi-siyasi şəxsiyyətin mənsub olduğu xalqın canından, qanından doğan duyğular dünyasına, söz və fikir aləminə, siyasi iradəsinə alternativ varmı? Yoxdur! Ola bilərmi? Ola bilməz!

Yaşayacaq!

 





08.02.2016    çap et  çap et