525.Az

Gülsadə İbrahimlinin şeirləri


 

Gülsadə İbrahimlinin <b style="color:red">şeirləri</b>

1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Dizə kəndində anadan olub.

''Şair olmaq istəyirəm'', ''Vətən Birincidir'', “Toxunmayın təkliyimə”, “Cənnətindən qovulan qadın” kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

SƏNİ AXTARIRAM

Səni axtarıram,
Hər gülüşdə, hər baxışda.
Küçələrdə ayaqların,
Addım-addım iz saldığı
Hər naxışda.
İzlərini axtarıram.
Kirpik altdan boylanıram baxışlara,
Gözlərini axtarıram.
Sən sevilən, mən sevənin,
İnsan oğlu bitirməyib bu dastanı,
Sevgi adlı bir yalanı.
Böyük eşqlər tək tərəfli,
Sevgilərin körpəsidir.
Bu sevgidə cüt olmadıq,
Təkimizi axtarıram.
Axtarıram bu şəhərdə,
Sənin üçün sən olanda
Mən olmayan küçələri.
Axtarıram günəşimi
Dəfn etdiyin gecələri,
Qarışmısan bu şəhərin
Havasına, suyunamı?
Ovuc qədər bu şəhərdə,
Sən sabahsan, mən gecəyəm.
Qovuşmayır yollarımız,
Sən ötmürsən heç yanımdan.
Bircə köhnə tanış kimi,
Təsadüfən qarşıma da çıxmırsan.
Bir baxışlıq nəfəsim var,
Ürəyimdə gizləmişəm,
Ürəyimi sıxmırsan.
Gizlədibdir şəhər səni,
Bircə məndən gizlədibdir.
Tanış olan bu şəhərə yad kimiyəm.
Bu şəhərdən gizli səni,
İnan, səndən gizli səni,
Axtarıram, axtarıram, axtarıram...

TƏLƏSƏRKƏN YUBANMIŞIQ

Bir zaman ürəyimdəki alovdun,
Əlimin içini yandıran qırovdun.
mənim üçün.
İndi isə sovurursan
sənin üçün
yanıb sönmüş bir ürəyin közünü, külünü.
Nə oldu bizə?
Nə oldu, gözlərdən gözlədiyimiz
Hər kəsdən gizlədiyimiz
sevgimizə?!
Baxış-baxış aralandıq,
Söz-söz yaralandıq.
Yarıldıq,
Yarılandıq.
Sazağına düşdük xəyanətin,
Kül elədik
ürəklərin alovlanmış məhəbbətin.
Deyilməmiş sevgi sözləriydi
Əslindəsə ayrılıqlar.
Sarılmamış üstü açıq yaralardı
Aradakı yalnızlıqlar.
Salondakı çığrışmalar,
Yataqdakı susqunluqlar.
Sən yad oldun,
mən yabancı,
Yaşanmışlar yalan olmuş,
biz yalançı.
İçimizdə sevgimizə
Ölüm doğan acı sancı.
Azalırıq hər sancıda.
Kəlmə-kəlmə azalırıq,
Baxış-baxış azalırıq,
Tələsərkən yubanmışıq bu sevgiyə.
Gedən getmiş,
Bitən bitmiş,
Bizsə hələ boylanırıq
Bizi çoxdan qabaqlamış
Bir keçmişə, bir geriyə.

SEVGİM QƏDƏR GÜNAHIMSAN

Sevgim qədər günahımsan,
Səni sevmək cinayətdi.
Cinayət işlədim mən...
Güllələdim mənliyimi
Gözlərinlə.
Sözlərinin hökmüylə mən.
Dustaq oldum kimliyində.
Səni sevmək cinayətdi.
Sənli bir an
Bir ömrün sinonimi.
Səni sevdim,
Bilə-bilə bu sevginin
Başdan-sona cəhənnəmlik
Günah qədər olduğunu.
Gözlərinə hər baxanda
İradəmin intiharlar
Qoxuduğunu.
Səni sevdim...
Duya-duya varlığında
Hiss etdiyim yoxluğunu.
Sevgim qədər günahımsan...
Bir öpüşlük səadətimtək
Məsum günah!
Hər nəfəsdə ürəyimi kül eləyən
Yanğılı ah...
Əllərində ölən məndim,
Bu sevgidə sevən məndim.
Gələn məndim,
Gedən məndim.
Baxışınla vur qəlbimdən,
Bu sevgiylə
Ölümlərə layiqəm mən.

 





08.02.2016    çap et  çap et