525.Az

Zaman haqqında dərdlərin rekviyemi


 

Zaman haqqında dərdlərin rekviyemi<b style="color:red"></b>

Elmin Nuri

“ Bir mən vardı, məndə məndən içəri”....
(Yunus Əmrə)

Göylərin yeddi qatından
Qəriblərin ovqatından
Qəmlərimin çatından
Keçib sinəmə tuş gəldi
Xoş gəldin, dərdim,  xoş gəldin!
(Zakir Fəxri)

 

Hamıdan uzaqda,  insanlardan kənarlaşıb tamam uzaqda dayanan və çiynində tabut gəzdirən bir nəfər  var....

Və o insanın   fırçasını dərdlərə batıraraq çəkdiyi “Rekviyem”  də var. Dirilərin ölülərinə , ölülərin isə  dirilərinə həsr olunmuş bir “ Rekviyem”.

Uzaqda bir Zakir Fəxri də var. Dünyanı içində kiçildərək dünyanın içində böyüyən Zakir Fəxri...

Və onun  ”Rekviyem”i var.  Sayca yeddinci olan , dünyanın yeddi qatından keçən “Rekviyemi”.

2011-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirərkən  müdafiə etdiyim diplom işinin mövzusu “ Ədəbi portretlər “ idi. Siyahıda 5 yazıçı və 5 şair vardı. Müdafiədə mən ən çox Zakir Fəxri haqqında danışdım. Sözlər özümdən asılı olmadan deyilirdi və bir də gördüm ki,  böyük bir gərginlik altında yaxınlaşdığım kürsüdə indi tamamilə rahatam. İstəyirəm ancaq mən danışım. Heç nə haqqında düşünmürdüm. Zakir Fəxri və onun yaxın dostları Mövlana Cəlaləddin Rumi,  Yunus Əmrə , Həsən Bəsri ,  İbn Ərəbi  haqqında danışır, onlardan sitatlar gətirirdim. Diplom işim artıq tarix olaraq qaldı. Amma mən bir həqiqəti özüm üçün kəşf etdim. Mənə hansısa bir enerji ötürülürdü. Allahın Həsən Bəsridə,  Mövlanada,  Yunus Əmrədə əks etdirdiyi nur ilğımı Zakir Fəxridən mənə ötürülürdü. Və mən bəlkə də bu gün o  enerjinin,  o nur ilğımının mahiyyətindən danışmaq istəyirəm.  Zakir müəllimin “Rekviyem”i ni birnəfəsə oxudum. Özü dəvət etdiyi qapılardan keçdim,  nələrisə ötüb arxada qoydum, mənəvi sferaları adladım. Bir də gördüm ki, hansısa bir qatdayam. Və kitabı oxumazdan qabaq indi məndən xeyli aşağıda dayanan oğlana baxdım. Hansı ki, əlində Zakir Fəxrinin “Rekviyem “ kitabını tutaraq oxumağa hazırlaşırdı. – “ Eheyy, Elmin mən hardayam indi ?

– Sən onun dəvət etdiyi qapıdan keçdin , üzünə qapılar açıldı.

“Əziz oxucu ! Qapımı döyməyin , açıqdı, ərklə içəri girin , kasıbın olanından – Sizləri  Sözə, İlahi kəlamlara , nağıllara qonaq edərəm . Qapıma qonaq gələndə uşaq kimi  sevinirəm, lap balaca uşaq kimi...  “

“Rekviyem”in ilk qapılarını bax  beləcə açıram. Nədir burası, məsumiyyət muzeyidirmi,  saflıq ilğımıdırmı bilmirəm.  Beləcə gəzirəm .. Heyrətlənirəm. Burada iki  cüt qəribə göz görürəm, durmadan o gözlərə qovuşuram. Oluram əbədi sakin! Həmin gözlərin əbədi sakini!

–Dayan, oğlan  tələsmə!  Deyəsən, Zakir Fəxrinin səsidir. Yeni bir qapını açır. Dərdlər  dünyasının qapılarını. İki nəfəri görürəm burda :  Sabitli Mirsadiq Zakir Fəxri oğlu, Hacı Mətanət Mürşüd qızı Qurbanova. ..

Kitab bu insanların ölümünə bir ağıdır.  Şairin dərdlərinə xoş gəldindir, dünyanın məsumluğuna isə baş sağlığı. ..

2007-ci il 11 mart tarixində yeganə oğlunu itirən Zakir Fəxri  həyatı gözlərində o qədər kiçiltdi ki, indi ona ancaq dərd pəncərəsindən baxır. Bu pəncərədən o tərəfə həyat heç nəyi ilə onu özünə cəlb etmir.  Bütün cəlb edən nə vardısa rəhmətlik Mirsadıq onları özü ilə apardı.  O,  Zakir Fəxrinin gizli sirri idi (Ərəbinin “oğul atanın sirridir” kəlamını şairin özü də çox sevir). Yaradıcılıq mahiyyəti ,  insanilik formulu hamısı 17 yaşlı oğlunun simasında cəmləşmişdi. Öz sirrini itirən ata (şair) üçün artıq dünyanın da gizli qalan heç nəyi yoxdu. Onu səslər bu dünyadan təcrid edir və səslər də öz dünyasının yaranmasında əsas rol oynayıb. Deyəsən,  “Rekviyem”i  də bu səslər yazıb. Ya da ki, “Rekviyem” elə bu səslərin özüdür:

 

Bu səs yaddaşımdan gəldi

Qopub baş daşımdan gəldi

Bu səs göz yaşımdan gəldi

Bu səsin əlindən al məni, Tanrım!

Nə vaxt ki, bu səsi görsək (eşitsək yox) onda şairin əsl simasını təsvir edə bilərik. Çünki Zakir Fəxri hamının gördüyü Zakir Fəxri yox, məhz bu səsin   içində yaşayan Zakir Fəxridir.  Dərdlərdən süzülən səsdi bu səs. Süzülüb-süzülüb gəlib “Rekviyem”də qərar tutub.  Bəlkə də o səs bayaq dediyim və qapılar arasından gördüyüm o iki cüt gözün birgə ifa etdiyi simfoniyadır.

Qapılardan o tərəfə başqa bir insan dünyasını vaxtsız dəyişən  məşhur göz həkimi, alim Mətanət xanım Qurbanovadır. Qapıların arxasından boylananda gördüyüm məsumiyyət  Mirsadıqla Mətanət xanımı birləşdirən kimi , dərdlər də Zakir müəllimlə Mətanət xanımın ömür gün yoldaşı Cavid Qəmbəroğlunu birləşdirir. Onlar hazırda ən yaxın dostlardır. Dərdlərə birgə sinə gərsinlər deyə. Rekviyem bu iki insanı hər cür çaları ilə əks etdirir.  Dağlar övladı olan bu iki dost  Kəlbəcərin, Qarabağın  güllü – çiçəkli , hər cür şəfa mənbəyi olan dağlarından çox uzaqlardadılar. Elə bu uzaqlığın özü onlar üçün ən böyük dağdır. İndi bu iki dostu o dağların dağı ilə bərabər tamam ayrı bir dağ da birləşdirir: doğmaların itkisi boyda sinəyə vurulan dağ. Bu birləşmə hər birini ayrılıqda bir xatirəyə bağlayır.  Elə bu xatirələrin özü qaranlıqda işıq, bozluqda əlvanlıq , şərdə xeyir yaradır. Yaradır və yaşadır.

Kitabda şair hər üç dağa toxunur. Vətən dağı, Övlad dağı və ən yaxın dostunun sevgi dağı .  Birinciyə o  dağlar oğlu, Haqq şairi Şəmşirin nəvəsi Cavidin diliylə cavab verir:

 

Zirvəsi var , qarı da var

Dağlar bizim dağlar deyil.

Yurd düşənin yurdu da var

Dağlar bizim dağlar deyil

Öz dərdinə toxunur:

 

Sənsiz dünyam həzin düşdü

Hər günümə hüzn düşdü

Döndün , odun, közün düşdü

Boş ruhuma savaş gəldin

Xoş gəldin dərdim xoş gəldin!

Və nəhayət  üçüncü:

Tənhalıq alar qoynuna

Qəm dəryası udar səni

Düşüb dolanar boynuna

Oxşayıb ovudar səni

Mətanətli xatirələr...

“ Rekviyem “ təkcə kitab deyil. “Rekviyem” özü –özlüyündə bir uçuşdur. İlahi bir uçuş. Odur ki, bunun haqqında resenziya  (ya da ona   oxşar nəsə) yazmaq olmaz. Bununla  qərq olmaq olar.  Metafizik aləmlərə, nur ənginliklərinə “Rekviyem”lə   pərvazlanmaq olar.  Bu pərvazlanmada  İlahi bir yaxınlıq var. Və bu yaxınlıq oxucunun şəxsiyyətini , onun insani mahiyyətini özündə əks etdirən bir  ünsürdür. İnsan hər atdığı düzgün addımda belə Tanrıya yaxınlaşır. Çünki o addımın mahiyyəti özündə Allahın sifətlərini təcəlla edir. O ki, qaldı. Sözlərin uçuşu ola.  Zakir Fəxri sizləri qapılardan keçirdəcək. Mənəvi qatlara yüksəldəcək. Çünki şairin özü bu dünyanın yox,  məhz  o qapıların arxasında qalan səmavi aləmin insanıdır.  Və əvvəldə yazdığımız kimi həmin o insan çiynində tabut gəzdirir.  O tabut dünyanın özüdür : 

Çox göynətdi ürək məni
Dərdsiz ürəyə qurd düşər!
Silkələmə fələk məni
Çiynimdəki tabut düşər
!

Çiynində tabut gəzdirən isə hamıdan uzaqda yaşayan Zakir Fəxrinin özüdür.....

Niyyətim “ Rekviyem”i təhlil etmək deyildi. Sadəcə, şairin mənə ötürdüyü mənəvi enerjinin qaynaqlandığı ünsürü- dərdi yada salmaq idi. “ Rekviyem”in də ali məqamı məhz bu olub.  Maddiliyin, savaşların içində çaxnaşan dünyanı dərdin (rəhmin, saflığın, qardaşlığın, həyati dərkin) süzgəcindən keçirmək !  Zakir Fəxrinin son  yazdığı şeiri də bu kitabın və bu yazının açarı kimi təqdim edirik: 

Yolumu sapdım deyəsən
Bu dünyaya azıb gəldim...
Göy üzü dərddən çatladı
Qoşulub bir damla suya
Mən o çatdan sızıb gəldim...

Gördüm qanadlanır quşlar
Bir SƏSə ..... AZAN tərəfə
Adamlar ardımca gəlir
Gəlir,  mən azan tərəfə...

P.S. Mən də sonda böyük şairimiz Musa Yaqubun sözlərinə qoşuluram: “Bu, yeni bir ədəbiyyatdır, görünür ədəbiyyat bundan sonra  belə də olacaq!” 

 





28.01.2013    çap et  çap et