525.Az

“Azerbaijan breakfast” layihəsi təqdim olundu


 

“Azerbaijan breakfast” layihəsi təqdim olundu<b style="color:red"></b>

Fevralın 8-də “Boulevard Baku” otelində Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsinin təqdimat mərasimi keçirilib.
 
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, təqdimatda bir sıra mehmanxanaların menecerləri və icraçı direktorları iştirak ediiblər.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov layihə haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, Azərbaycanda turizmin inkişafı, ölkəmizin turizm imicini formalaşdıran yeni turizm məhsullarının yaradılması məqsədi ilə müxtəlif layihələr həyata keçirilir. “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsi də bu qəbildəndir.

Layihənin məqsədi milli səhər yeməyi növlərinin ayrı-ayrı elementlərinin beynəlxalq kulinariya və iaşə xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi mədəni irs nümunəsi kimi təqdim olunmasıdır.
 
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Azerbaijan breakfast” səhər yeməyi brendinin menyusu və loqosu Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib və müvafiq şəhadətnamə alıb.
 
Bununla da layihə üzərində nazirliyin müstəsna hüquqları tanınıb.

Eyni zamanda layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən müvafiq qaydalar tərtib edilib.

“Azerbaijan breakfast” – milli səhər yeməyi kompleksi menyusu həm də əmtəə nişanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət reyestrindən keçib və müvafiq şəhadətnamə alıb.

Sektor müdiri qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər, eləcə də turistlərə xidmət göstərən iaşə obyektlərinin hər birinə bu layihədə iştirak etmək üçün müqavilə şərtləri göndərilib.

Bildirib ki, müqavilə ödənişsiz olaraq həyata keçiriləcək. Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı altında təbliği və təqdimatı nəticə etibarilə mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, eləcə də xaricdə tanıdılmasına zəmin yaradacaq.

Daha sonra çıxış edən Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov milli səhər yeməyi brendinin yaradılması və xarici turistlərə təqdim olunmasının əhəmiyyətindən danışıb.
 
Qeyd edib ki, bu layihə həm Azərbaycan xalqının qədim mətbəx ənənələrinin təbliğinə xidmət edəcək, eyni zamanda mətbəx nümunələrimizin bədnam qonşularımız tərəfindən mənimsənilməsinin qarşısını alacaq.
 
O da diqqətə çatdırılıb ki, hotel və digər turizm-xidmət obyektlərində “Azerbaijan breakfast” layihəsinin həyata keçirilməsində yaranacaq çətinliklərin aradan qaldırılması üçün Milli Kulinariya Mərkəzinin əməkdaşları tərəfindən köməklik göstəriləcək.

Mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, “Azerbaijan breakfast” kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunub. Xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib.

Layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla əməkdaşlıq perspektivləri müzakirə edilib.

Cavid QƏDİR

 





08.02.2016    çap et  çap et