525.Az

"Kənd təsərrüfatı malları rəqabətə davamlı deyil"


 

"Kənd təsərrüfatı malları rəqabətə davamlı deyil"<b style="color:red"></b>

"Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi qlobal maliyyə-iqtisadi böhran şəraitində milli iqtisadiyyatı, daxili bazarı qorumaq istiqamətində hazırlanan çox vacib və əhəmiyyətli sənəddir".

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 9-da keçirilən iclasında adıçəkilən komitənin sədri Ziyad Səmədzadə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı dilə gətirib.

Onun sözlərinə görə, açıq şəkildə etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda istehsal olunan xüsusilə, kənd təsərrüfatı malları rəqabətə davamlı deyillər və belə bir şəraitdə də məhz adıçəkilən qanunun qəbuluna ehtiyac, zərurət yaranır:

"Bu qanun bir çox ölkələrdə var. Düzdür, bəzi ekspertlər, beynəlxalq qurumlar bunu o qədər də rahat qəbul etmirlər, amma bütün hallarda qəbulu lazımdır. Milli iqtisadiyyatı, daxili bazarı qorumaq istəyiriksə, bu qanunun qəbulu olduqca vacibdir. Elə heç uzağa getməkm lazım deyil, dünyada, yaxın ölkələrdə baş verənləri götürək.

Məsələn, İspaniyada Fransa məhsullarının ölkə iqtisadiyyatının təsirini azaltmaq üçün hansı radikal addımlara getdilər, hətta, bəzi yerlərdə xarici məhsullara od vurub yandırdılar, onları tapdaladılar. Biz də zamanında buna, yəni daxili bazarımızı qorumaq üçün bəzi addımlara getməli idik, ancaq getmədik. Çünki o zamanlar müstəqilliyimizin ilk dövrləri idi, ölkədə keyfiyyətli yerli məhsullar demək olar ki, istehsal olunmurdu. Ancaq indi belə bir addıma getmək, bu yöndə müvafiq qanunu qəbul etmək lazımdır ki, yerli sahibkarlara dəstək olaq, həm də daxili bazarı qoruya bilək".

İclas zamanı o da qeyd olunub ki, bu qanunu hazırlamaqda məqsəd xüsusilə,  dempinqli, subsidiyalaşdırımlış idxalın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almaq, onları minimallaşdırmaqdır. Bunun üçün də 3 qrup tədbirin- antidempinq, kompensasia və mühahizə tədbirlərinin görülməsi nəzərdə tutulur.

Müzakirələr zamanı isə sözügedən komitənin üzvü İlham Əliyev bildirib ki, belə bir sənədin olmamasından sahibkarlar çox əziyyət çəkirlər:

"Çünki onlar məhsullarını idxal edən xarici şirkətlərlə çox ağır rəqbət mühitində ayaq üstə qalmaq üçün mübarizə aparırdılar. Özünüz də şahidsiniz ki, toyuq məhusulları, yumurta ilə bağlı sahibkarlarımız hansı çətinliklərlə qarşılaşdılar. Xaricdən gələn məhsullar Azərbaycan bazarını demək olar ki, zəbt etmişdi. Ancaq indi çox sevindirici haldlır ki, Azərbaycan bazarını əsasən öz sahibkarlarımızın, öz yerli şirkətlərimizin istehsal etdiyi toyuq, yumurta məhsulları təmin edir. Bu baxımdan da , belə bir qanunun qəbulu çox vacibdir"

Digər komitə üzvü Vahid Əhmədov da belə bir qanunun qəbulunun vacib olduğunu, hətta, bu məsələdə ləngimə olduğunu bildirib.

"Yerli sahibkarların, sahibkarlığın dəstəklənməsi üçün bu sənəd lazımdır. Ancaq o da məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşır və bu zaman belə bir qanunun olması ölkəmiz üçün müəyyən problemlər yarada bilər.

Ona görə hesab edirəm ki, problemlərin yaranmaması üçün bu yöndə qanunu daha da təkmilləşdirmək lazımdır".

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının birinci oxunuşuna tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





09.02.2016    çap et  çap et