525.Az

Azərbaycana gələn turistlərin sayı artıb


 

Azərbaycana gələn turistlərin sayı artıb<b style="color:red"></b>

Son dövrlər Azərbaycana gələn turistlər, buradan xaricə gedənlərdən daha çoxdur.

Bunu AZƏRTAC-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, dünyada gedən iqtisadi böhranlar fonunda xarici turistlərin Azərbaycanı seçməsi onlar üçün də sərfəlidir.

A.İsmiyev qeyd edib ki, Azərbaycana daha çox turist cəlb etmək üçün müxtəlif tədbirlər həyata keçirilir:

“Yanvar ayından etibarən bir sıra beynəlxalq sərgi və tədbirlərdə Azərbaycanın turizm potensialını nümayiş etdiririk. Milan, Moskva, Tehran, İstanbul və digər şəhərlərdə turistləri Azərbaycana cəlb etmək üçün sərgilərə qatılırıq.

Təbii ki, bu tədbirlər də xarici turistlərin Azərbaycanda gəlib istirahət eləməsində mühüm rol oynayır. Çünki tədbirlər, beynəlxalq sərgilər nəticəsində ölkəmizin görməli yerləri nümayiş olunur və insanlarda maraq yaradır”.

Azərbaycana turistlərin əsasən qonşu ölkələrdən gəldiyini vurğulayan şöbə müdiri deyib:

“Ölkəmizə turistlər daha çox qonşu Rusiya, Gürcüstan və İrandan gəlir. Əksər vaxtlarda turistlər səfərlərini şəxsi avtomobilləri ilə reallaşdırır. Bu da ucuz başa gəldiyindən çox sərfəli olur.

Hazırda bu ölkələrlə yanaşı Azərbaycana Avropa, Koreya Respublikası, Çin və Yaponiyadan da gələnlər var. Onlar gələrkən tək Azərbaycana deyil, buradan digər qonşu ölkələrə də səfər edirlər”.

Qeyd edək ki, ötən il Azərbaycana 2 milyona yaxın turist gəlib.

 





09.02.2016    çap et  çap et