525.Az

Maliyyə Bazarlarına Nəzarət Palatası müəssisədənkənar nəzarəti həyata keçirəcək


 

QARŞILIQLI NƏZARƏT BAXIMINDAN BU, DÜNYADA UĞURLA SINAQDAN ÇIXMIŞ TƏCRÜBƏDİR

Maliyyə Bazarlarına Nəzarət Palatası müəssisədənkənar nəzarəti həyata keçirəcək<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb.

Nəzarət Palatası Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmə funksiyasını yerinə yetirəcək. Müvafiq sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında nəzarət funksiyalarını yerinə yetirən Maliyyə Monitorinqi Xidmətini ləğv edilib, onların səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Məsələ ilə bağlı keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusiv bildirib ki, müəssisədənkənar nəzarəti həyata keçirəcək Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması hazırkı dönəmdə olduqca əhəmiyyətli addım kimi qiymətləndirilməlidir: "Prezident bu addımı ilə bir daha göstərib ki, o, ayrı-ayrı sahələrdəki mövcud boşluqları və effektli fəaliyyətə əngəl törədən ən xırda məqamları belə dəqiq müəyyənləşdirir. Bu qərar maliyyə bazarına nəzarətə keyfiyyət baxımından tam yeni və dünyada sınaqdan çıxmış yanaşmanın ortaya qoyulması deməkdir. Ölkənin maliyyə sektorunda nəzarətin çevikliyini, səmərəliliyini və şəffaflığını artırmağa hesablanmış bu addım tərəfimizdən yüksək qiymətləndirilir. Hesab edirik ki, nəticə özünü çox gözlətməyəcək".

Ekspertin sözlərinə görə, uzun illlərin təcrübəsi göstərir ki, hansı dövlət qurumunun fəaliyyətinə kənardan nəzarət yoxdursa və ya o var, ancaq simvolik bir xarakter daşıyırsa, o yerdə gec-tez ciddi nöqsanlar, çatışmazlıqlar və hətta bəzi hallarda cinayət xarakterli əməllər ortaya çıxır: "Daxili "nəzarət" müəssisədəki pozuntuları yalnız müəyyən müddət ictimaiyyətdən gizli saxlaya bilir. Lakin pozuntular artdıqca onları gizlətmək çətinləşir və nəticədə müəssisə daxilində yol verilmiş nöqsanlar (bir çox hallarda məqsədli şəkildə), təhlükəli həddə çataraq hər kəs üçün gözlə görünən həqiqətə çevrilir. Yəni, daxili "nəzarət" kadrların səriştəsizliyi və ya digər səbəblərdən yol verilmiş pozuntuları sonsuza qədər gizlədə bilmir. Necə deyərlər, bir il tez, bir il gec, bütün reallıqların üzərinə işıq salınır. Misal olaraq burada bir çox faktları sıralamaq olar. Hər halda ölkəmizdə daxili "nəzarət"in hesabına uzun illər gözdən-könüldən uzaq dayanıb nöqsanlara yol vermiş xeyli idarə və müəssisələr olub ki, sonradan məhz kənar nəzarət onların bütün daxili çatışmazlıqlarını üzə çıxarıb. Çağdaş dövrümüzə gəldikdə, burada əsas diqqət istər-istəməz bank sektoruna yönəlir. Çünki son dövrlər məhz bu sahədəki problemlər qabarıq şəkildə özünü göstərir. Etiraf etmək lazımdır ki, manat ətrafında yaşanan olaylar dünyada baş verən məlum hadisələrdən dolayı nə qədər təbii xarakterli olsa da, burada sözügedən sahəyə məsul olanların yalnış fəaliyyəti və düzgün qurulmayan pul-kredit siyasətinin işartıları da özünü göstərir. Bəli, manatın zəifləməsinin və ümumən Azərbaycan iqtisadiyyatında yaşanan çətinliklərin ən başlıca səbəbi neftin dünya bazarlarındakı qiymətinin kəskin dəyişməsidir. Lakin görünən həm də odur ki, ölkənin bank sisteminə məsul olan şəxslər manatın yaranmış situasiyaya tədricən uyğunlaşdırılmasını təmin eəcək zəruri tədbirləri həyata keçirə bilməyiblər.

Bu isə heç şübhəsiz ki, hazırlığın olmamasından, fors-major situasiyalara qarşı immunitetin yaradılmamasından irəli gəlib".

F.Yusifov bildirib ki, ölkədə bank sisteminə nəzarəti Mərkəzi Bank həyata keçirir: "Mərkəzi Bankın özü isə praktik olaraq nəzarətdən tam kənardır. Son dəfə Mərkəzi Bankın fəaliyyəti Maliyyə Nazirliyinin təşəbbüsü ilə yaradılmış xüsusi hökumət komissiyası tərəfindən 1994-cü ildə dərindən araşdırılıb. Nə baş vermişdi? Nə üçün belə araşdırma aparmaq zərurəti yaranmışdı? Biz unutmamışıq və xatırlada bilərik: Mərkəzi Bankın keçmiş rəhbərliyinin atdığı səhv addım 2 ay ərzində manatın 10 dəfələrlə dəyərdən düşməsinə və ölkədə hiperinfilyasiyanın baş verməsinə gətirib çıxardı. Hökumət komissiyası apardığı yoxlama ilə Mərkəzi Bank tərəfindən həqiqətən də çox ciddi səhvlərə yol verildiyini aşkarladı. Nəticə etibarı ilə bu vəzifəyə bir neçə ay öncə təyin edilməsinə baxmayaraq bankın rəhbəri tutduğu vəzifəsindən kənarlaşdırıldı. Əslində, bu vəziyyət müəssisədənkənar nəzarətin olmaması səbəbindən baş vermişdi".

Birlik sədri hesab edir ki, Mərkəzi Bankın fəaliyyəti və milli valyutanın çəkisinin qorunması xüsusunda aparılmış siyasət barədə bu gün də birmənalı şəkildə müsbət fikir söyləmək çətindir: "Ölkəyə neft dollarları gəlməyə başlayandan pul-kredit siyasətində yol verilən səhvlər son nəticədə milli valyutanı hörmətdən saldı və ölkənin pul-kredit sistemi təhlükəli həddə qədər dollarlaşdırıldı. Bu gün dollarla olan kreditlərə görə yüz minlərlə insanı, dollarla olan əmanətlərə görə isə bank sistemini ciddi bir zərbə altında saxlayan mövcud vəziyyət Mərkəzi Bankın bir neçə il ərzində apardığı səhv pul-kredit siyasətinin məhsuludur. Heç bir təşkilat dövlətin müəssisədənkənar nəzarətindən və ictimai nəzarətdən kənarda qala bilməz. Müəssisədənkənar nəzarəti isə ölkədə bu işə məsul olan strukturlar aparmalıdırlar. Bu təşkilatlardan biri də Hesablama Palatasıdı. Çox təəssüflə də olsa demək lazımdır ki, bu gün öz fəaliyyəti ilə praktiki olaraq Maliyyə Nazirliyinin nəzarət funksiyalarını təkrarlayan və bu orbitdən kənara çıxmağı hələ ki, bacarmayan Hesablama Palatası da öz işlərini ona aid kompitensiyaya uyğun qura bilmir. Hesablama Palatası rayon büdcələrinin icrası vəziyyətini yoxlamamalıdır (hərçənd seçmə qaydada bəzən bir rayonun büdcəsinin Maliyyə Nazirliyi tərəfindən nə qədər obyektiv yoxlandığını təkrar araşdıra bilər), onun fəaliyyət sferasına büdcə, vergi, pul-kredit siyasətinin nə qədər düzgün müəyyənləşdirilməsi, dövlət vəsaitlərinin sahələr üzrə bölüşdürülməsinin səmərəliliyinin müəyyən edilməsi kimi ciddi işlər daxil olmalıdı. Maliyyə Nazirliyinin filialı kimi fəaliyyət göstərmək bir tərəfdən bu təşkilatı nüfuzdan salır, digər tərəfdən isə cəmiyyət onun işini görə bilmir".

İqtisadçı ekspert Nicat Hacızadə isə hesab edir ki, Maliyə Bazarlarına Nəzarət Palatasının yaradılması Prezidentin vəd etdiyi struktur islahatlarının ilkin hissəsidir: "Amma bu struktur islahat xərclərin azaldılmasına xidmət etməyəcək. Çünki nəzərdə tutulan müdəalar və məqsədlər çoxdur. Bu qurum publik hüquqi şəxs kimi Azərbaycanda maliyyə bazarının inkişafında rol oynaya biləcək. Qeyri-mənfəət üzrə formalaşan palata olmasına baxmayaraq, sahibkarlıq fəaliyyəti də göstərə bilər. Bu hal palatının fəaliyyətinin bir qədər genişlənməsinə səbəb olacaq. Ümumilikdə, ümumi maliyyə bazarı ayrı-ayrı qurumlar tərəfindən yox, bir qurum tərəfindən idarə olunacaq. Başqa sözlə, Mərkəzi Bankın maliyyə monitorinq xidməti, Maliyyə Nazirliyinin sığorta xidməti və ümumilikdə qiymətli kağızlar komitəsinin həyata keçirdiyi fəaliyyət bir komandada cəmləşəcək. Bu, müsbət haldır. Bundan əlavə, qurum gərək ki, tək və vahid olmaqla artıq heç bir təsirə məruz qalmayacaq, müstəqil şəkildə maliyyə bazarını tənzimləyə biləcək".

İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, Fərmanda nəzərdə tutulduğu kimi Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq: "Əlavə olaraq 2 Xidmət - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq.

Göründüyü kimi, Palatanın vəzifəsi əsasən 3 istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq".

Ekspert qeyd edib ki, bu kifayət qədər məsuliyyətli bir dəyişiklikdir: "Bu dəyişikliyin məğzi bu gün çox aktual olan riskin həllinə - ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünə təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaqla onları yerində otuzdurmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandırmaq olar".

S.Əliyev deyib ki, qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir: "Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir. Bu institutlar Mərkəzi Bank - Maliyyə Nazirliyi - ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Bu qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətləri icra edir. Məsələn, Avropa Birliyində Avropa Mərkəzi Bankı ilə yanaşı bazarlara Maliyyə Nəzarəti Federal İdarəsi (BaFİn) nəzarət edir. BaFİN bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici normanı müəyyənləşdirir. Çində isə Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə Komissiya və Çin Xalq bankı, Avstraliyada Qiymətli kağızlar və investisiyalar üzrə Komissiya və Rezerv Bankı tənzimləmə və nəzarət işlərini görürlər. ABŞ-da eyni zamanda bir neçə qurum - Qiymətli kağızlar və bazarlar üzrə Komissiya, Təcili birja ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi (FED) məsuldur. İsveçrə və Kanadada isə bu funksiyanı ayrıca bir qurum icra edir.

Hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir. Ən geniş yayılmış model inteqrasiya olunmuş modeldir. Yəni, son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilirlər. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlığının və etibarlılığının artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır".

Ekspert söyləyib ki, Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir: "Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər. Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə Palatanın üzərinə düşəcək. Elə buna görə də, Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq".

Qeyd edək ki, yaxın bir ayda Palatanın nizamnaməsi təsdiq ediləcək. Mart ayının ortalarınadək qurumun fəaliyyətə başlaması gözlənilir.

Ceyhun ABASOV

 





09.02.2016    çap et  çap et