525.Az

Hulusi Kılıç: "Heç bir əcnəbi diplomat yanımda Azərbaycan əleyhinə danışa bilməzdi"


 

"NECƏ Kİ, PREZİDENT İLHAM ƏLİYEV, PRAQADA "TÜRKİYƏ CÜMHURIYYƏTİ BURADA YOXDUR, AMMA MƏN BURDAYAM" DEDİ, MƏN DƏ EYNİSİNİ TƏKRAR EDİRƏM: HƏR YERDƏ AZƏRBAYCANIN NÜMAYƏNDƏSİYƏM"

Hulusi Kılıç: "Heç bir əcnəbi diplomat yanımda Azərbaycan əleyhinə danışa bilməzdi"<b style="color:red"></b>

Hulusi Kılıç Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı sayca 9-cu səfiri olmaqla yanaşı, həm də aktiv fəaliyyəti ilə yadda qaldı.

2008-ci ildən 2012-ci ilə qədərki dövrə təsadüf edən səfirlik fəaliyyəti dövründə kütləvi informasiya vasitələri ilə yaxın təmas saxlamaqla, ölkənin istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də, mədəniyyət və digər sahələrində keçirilən tədbirlərin mərkəzində göründü.

Hazırda Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Afrika Ölkələri İdarəsinin rəisi vəzifəsində çalışan Hulusi Kılıç "525-ci qəzet"ə müsahibə verib.

- Türkiyənin Azərbaycandakı ən uzun müddətli və ən fəal səfiri olmusunuz. Maraqlıdır, ölkəmiz həyatınızda necə bir iz qoydu?

- Mənim Azərbaycana olan sevgim hər kəsə məlumdur. Ən fəal  səfir olduğumu yalnız fəaliyyətimi yaxından izləyənlər deyə bilər. Azərbaycan haqqındakı sevgi və düşüncələrimi hər zaman bu sözlərlə ifadə etdim: Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan da bizim qardaş ölkələrimizdir, amma bizim bir dənə əkiz qardaşımız var, o da Azərbaycandır. Can Azərbaycan, qardaş vətən...  Bu ölkədə səfir olaraq çalışmaq ən böyük arzum idi. Azərbaycana təyin olmazdan əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğanın protokol xidmətinin rəisi vəzifəsində işləyirdim. Təyin olacağım vaxt gəlib çatanda ondan xahiş etdim ki, məni xüsusi ilə qardaş ölkəyə- Azərbaycana təyin etsin. Deyirdim ki, mən bir millətin səfiri olmağa çalışacam. Çünki mənim düşüncəmdə Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaq, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq deməkdir. Azərbaycanda gördüyüm yaxın dostluq , qardaşlıq, əməkdaşlıq və mənə göstərilən məhəbbət həyatımda silinməz bir iz qoydu.

Siz özünüz də səfirliyə tez-tez gəlirdiniz və  bilirsiniz ki, səfirlikdə işləyən heç kimi Türkiyə və Azərbaycan vətəndaşı deyə, ayırmırdım. Azərbaycan vətəndaşları bizim soydaşımızdır. 4 il yarım ərzində azərbaycanlı işçilər Türkiyə işçiləri kimi işlədilər . İstədikləri vaxt ofisimə sərbəst girib-çıxdılar. Təvazökar, səmimi və adil olmaq insanın ən önəmli dəyərləridir. Nəticədə biz bir millətik. Hər iki ölkənin prezidentləri, baş nazirləri, nazirlərinin mənə verdikləri dəstək işlərimi daha da asanlaşdırırdı. Onlar mənə, mən də onlara etimad göstərirdim. Doğrudan da, Azərbaycanda çox gözəl işlər gördük. Ölkənin bütün bölgələrinə səfər etdim. Sanki Anadoluda idim: böyük sevgi və hörmətlə qarşılanırdım. Bunların hamısı o qədər fərqli hisslərdir ki, sadəcə bunu yaşamaqla duymaq olar. Həyat yoldaşım Günay xanım da mənə dəstək oldu. Çünki o da millətinə aşiq insandır. Azərbaycandan geri dönmək bizim üçün çətin oldu. Amma hər bir işin sonu var.

- Məlumdur ki, sizin təbirinizcə desək, iki əkiz qardaşı istəməyən qüvvələr var. Bu səbəbdən Azərbaycanda çalışdığınız dövrdə həssas məqamlar da yaşandı...

- Bəli, çətin günlərimiz də oldu. Yadımdadır, bir gün səhər oyandım və dodaqlarım stress və üzüntüdən çatlamışdı. Amma mən Azərbaycan xalqına hər zaman  bunun bir sınaq olduğunu, bu sınaqdan da uğurla çıxacağımızı, münasibətlərimizin daha da güclənəcəyini söylədim. "Çəkişərək bərkiyəcəyik" dedim. Heç vaxt mənfi fikirlər səsləndirmədim və ağlımdan belə keçirtmədim. Biz qardaşıq və hər bir ailədə problem olmağı təbii haldır... Heç bir əcnəbi diplomat mənim yanımda Azərbaycan əlehinə danışa bilməzdi. Necə ki, İlham Əliyev, Praqada "Türkiyə Cümhuriyyəti burada yoxdur, amma mən burdayam" dedisə, mən də eynisini təkrar edirəm. Hər yerdə Azərbaycanın nümayəndəsiyəm. Azərbaycanlı bir diplomat mənə "Hulusi bəy, siz Azərbaycanın Azəbaycandakı səfirisiniz" deyirdi. Bu ifadənin mənəvi dəyəri çox böyükdür. Səfirlərdən biri isə mənə "sən tamamilə bir Azərbaycan milliyyətçisisən", demişdi. Mən də ona Azərbaycan milliyyətçisi olmağımla fəxr edirəm" dedim. Bilirsiniz,  Qarabağla bağlı tez-tez fikrimi bildirirdim. Yenə də deyirəm, Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. O torpaqlar Azərbaycanındır , qədim türk torpağıdır və tezliklə geri qaytarılmalıdır. Minsk qrupu daha fəal olmalıdır. Çox vaxt itirdik. Bizim heç kim ilə düşmənçiliyimiz yoxdur. Ermənilər Azərbaycan torpaqlarını qaytarsın və biz də sərhədləri açaq. Regionda sülh və sabitliyin olması inkişafa gətirib çıxardar. Bölgədəki iqtisadi inkişafdan Ermənistan da yararlansın.

- Hulusi bəy, bayaqdan müşahidə edirəm ki, Azərbaycanla bağlı bütün kəlmələri böyük sevgi ilə dilə gətirirsiniz. Azərbaycanda sizin üçün ən çox yadda qalan, daha vacib hadisə nə oldu?

- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məni "Dostluq" ordeni ilə təltif etməsi həyatımın ən unudulmaz hadisəsidir. Böyük fəxrlə deyə bilərəm ki, bu ordeni alan Türkiyənin ilk böyükelçisi mənəm. 13 sentyabr 2012-ci il tarixində səlahiyyət müddətimin başa çatması ilə əlaqədar Prezidentin qəbuluna gedəndə orden alacağımdan xəbərim yox idi. Həmişə öz-özümə deyirəm ki, bu orden mənim Azərbaycandan aldığım diplomumdur. Bu gözəl hissləri hələ də yaşayıram. Azərbaycana səfir təyinatım 2008-ci ilin mart ayına təsadüf etdi və elə həmin vaxtlar Bakının sürətli inkişafının şahidi oldum. Şəhərdə təmir-bərpa işləri aparılırdı. Azərbaycanın inkişaf edib güclənməsini görməkdən qürur hissi keçirdirdim. 2010-cu ilin oktyabr ayında imzalanan "Naxçıvan" sazişindən sonra İstanbulda Türk dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının baş katibliyi, Bakıda isə Türk Dilində Danışan Ölkələrin Parlament Assambleyası quruldu. Bütün bu proseslərə yaxından iştirak və şahidlik etdim. Bakıda keçirilən beynəlxalq tədbirlərin sayı artdı. Azərbaycan "Avroviziya" kimi çox möhtəşəm tədbirə ev sahibliyi etdi. Yüksək səviyyəli tədbirlərin Bakıda keçirilməsi çox böyük uğur idi. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğu gün Star Rafinerinin təməlatma mərasiminə görə İlham Əliyevlə İzmir şəhərində idik. Prezidentimiz (o dövrdə baş nazır) Tayip Ərdoğan da oradaydı. Çox sevindirici hadisə idi və mən də Azərbaycanla birlikdə o hissləri bölüşdüm. Prezident "Təhlükəsizlik Şurasındakı yerin Türkiyə və Azərbaycana aid olduğunu söylədi. Müstəqillikdən keçən  20 illik qısa zamanda Təhlikəsizlik Şurasına seçilmək tarixi bir uğurdur. BMT-nin quruluşundan keçən müddət ərzində çoxlu sayda üzv ölkə bu quruma seçilməyib.

2012-ci ilin 11-12 sentyabrında  Baş nazir Ərdoğanın Qəbələyə səfərini hazırladıq və istədiyimiz kimi də uğurlu keçdi. Hər iki ölkə nazirlərinin ortaq Nazirlər Kabineti iclasını təşkil etdik. O coşğu, o həyəcan unudulmaz idi. Həmin səfər çərçivəsində mənim təşəbbüsümlə tərtib edilən  "Bir millət, iki dövlət-tək ürəyik", "Bir millət-iki dövlət" adlı jurnallar iştirakçılara paylandı. Jurnallar İlham Əliyevin  də çox xoşuna gəlmişdi.

Daha bir unudulmaz an: Azərbaycana yeni getdiyimiz günlərdə Xorvatiya ilə Türkiyə arasında keçirilən Avropa futbol müsabiqəsində Türkiyə qalib gəlmişdi. Hamı səfirliyə bizi təbrik etməyə gəlmişdi. Bulvarda avtomobillər sıraya düzülərək sevinclərini nümayiş etdirirdilər. Hər zaman dostluğu, səmimiyyəti bölüşdük. Azərbaycan ürəyimdəki sevgidir və onu heç kim silə bilməz. Gələcəkdə bütün xatirələrimi kitab halında yazıb çap edəcəm. Azərbaycanın gələcəyi parlaqdır və biz hər zaman Azərbaycanı Türkiyənin yanında görürük. Gələcək nəsillər bir-biriləri ilə daha da yaxınlaşacaqlar. Azərbaycanın problemlərini də öz problemlərimiz kimi görürük. Türkiyə Ermənistanla sərhədlərini məhz Azərbaycana görə bağladı. Dünyda bir dövlətin digər dövlətə görə sərhədlərini bağlaması nümunəsi yoxdur. Bu qardaşlığımızın ən möhüm nümunəsidir.

Səfirlikdə "Nuru Paşa salonu" tikdik, Nuru Paşanın heykəli və səfirliyin qarşısındakı parkda Atatürkün heykəlini qoyduq. İlham Əliyevin dəstəyi ilə Şamaxıdakı Türk şəhidliyini yenidən təmir etdik. Orada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə çoxlu sayda ağaclar əkdik. Bilirsiniz, hər dəfə Azərbaycana gedəndə mütləq həmin ağaclara qulluq edirəm. İnsan öz övladının böyüməsinə baxıb fərəhlənir. Ürəyimin yarısı Azərbaycandadır. Bakıda Fəvvarələr bağında  və bulvarda  gəzəndə  çox adam mənimlə şəkil çəkdirmək istəyirdi. O qədər xoş hisslərdir ki... Qısacası ailəm də, mən də Azərbaycanda yaşamaqdan və işləməkdən böyük zövq aldıq.

- Xatırlayıram ki, sizin səfir olduğunuz vaxtlarda mədəniyyət tədbirlərinə də geniş yer verilirdi. Elə Günay xanımın da təşəbbüsü ilə media nümayəndələrinin iştirakı ilə Türkiyədən gələn mədəniyyət nümayəndələri ilə görüşlər keçirilərdi. Elə götürək, moda dəfiləsi, Analar günü, Avroviziya ilə bağlı tədbirlər...

- Mədəniyyət, sənət çox vacib sahələrdir. Biz 70 il bir-birimizdən ayrı qalmışıq. Arada yaranmış boşluğu doldurmaq, bir-birimizə daha çox yaxınlaşmalı idik. Novruz bayramı ilə əlaqədar tədbirlər keçirdir, həmin şənliklərdə tonqal qalayardıq. Hər il may ayında Azərbaycan gəncləri ilə birgə "Gənclik həftəsi" keçirdirdik. Tədbirlərimizdə nazirlər də daxil olmaqla hər kəs iştirak edirdi. Günay xanım da mənimlə bərabər işləyirdi və hər zaman mənə dəstək oldu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində çox mühüm işlər görür. Hər iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənə halı alması bizi çox sevindirir. Belə layihələr  Azərbaycanı dünyada daha çox tanıdır.

Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Kars, PETKİM- Star rafinerisi , TANAP kimi çox önəmli layihələr var. Bu layihələrin vacibliyini çox yaxşı bilirəm. TANAP layihəsi Bakıdakı səlahiyyətim dövründə başladı. Görüşlərdə iştirak edirdim. Layihə başa çatanda Azərbaycanımız çox mühüm yer tutacaq.

- Hazırkı fəaliyyətiniz də oxucularımız üçün maraqlıdır...

- Azərbaycandan qayıtdığım 15 sentyabr 2012-ci il tarixində Türkiyə Respublikası Xarici İşlər Nazirliyində  Afrika Ölkələri İdarəsinin rəisi vəzifəsinə başladım. Türkiyə Afrika ölkələri ilə 2005-ci ildən sonra münasibətlərini inkişaf etdirməyə başladı. 2009-cu ildə səfirliklərin sayı 12 idisə, indi 39-a çatıb. Afrika Türkiyə üçün çox önəmli bir qitəyə çevrildi. Mənim baxdığım Səhraaltı Afrikada 49 dövlət var.

İndiki vəzifəmdə də Azərbaycanın bir nümayəndəsi kimi çalışıram. Ankarada isə Afrikanın əgər 8 səfirliyi fəaliyyət göstərirdisə, indi onların sayı 32-yə çatıb. Bu il Afrikadakı səfirliklərin sayını 40-a çatdırmaq niyyətindəyik. Afrika ölkələri ilə siyasi və iqtisadi əlaqələr çox inkişaf etdi. Ticarət dövriyyəsi 10 dəfə artdı. Afrika qitəsi Asiyadan sonra dünyanın ən böyük qitəsidir. Avropadan da 3 dəfə böyükdür .

2014-cü ildə Ekvador Gineyasının paytaxtı Malaboda  2-ci "Türkiyə-Afrika Zirvəsi" keçirildi. 3-cü Zirvə 2019-cu ildə İstanbulda keçiriləcək. Bu çox önəmli vəzifədir və öhdəsindən gələ bildiyimə görə şadam. Afrikada Türkiyəni çox sevirlər və bu həm də Azərbaycanımız üçün bir qazancdır. Çünki Azərbaycan səfirliyinin olmadığı ölkələrdə Türkiyə səfirlikləri Azərbaycan səfirlikləri kimi çalışır.

- Ankarada Hacettepe Universitetinin Fransız Dili və Ədəbiyyatı fakültəsini bitirmisiniz. Maraqlıdır, nə qədər yaxınsız ədəbiyyata?

- Doğrudur, ilk olaraq Hacettepe Universitetinin Fransız Dili və ədəbiyyat fakultəsini bitirdim, sonra Fransanın Strasburq şəhərində baş konsulluqda işləyərkən siyasət bilimləri üzrə təhsil aldım. Şeiri, sənəti sevirəm. Yorğun olanda Azərbaycan, türk musiqisi dinləyərək dincəlirəm. Füzulinin, Bəxtiyar Vahabzadənin əsərlərini oxuyuram. Mərhum Zəlimxan Yaqub ilə tanış idik və onun şeirlərini də sevirəm. Dəfələrlə Vahabzadənin qonağı olmuşam. Türk dünyası üçün daim mübarizə aparan, həm türk, həm də Azərbaycan bayrağına örtülərək dəfn edilməyi arzulayan dahi sənətkarla tanış olmaq mənim üçün qürurdur. Bu heç bir vaxt yadımdan çıxmayacaq .

Azərbaycan ədəbiyyatı çox zəngindir. Sovet İttifaqının əsarətində olduğu dövrdə belə xalq öz dilini, ədəbiyyatını qorudu. Şeir, sənət çox vacib amillərdir. Yeri gəlmişkən deyim ki, evimdə "Azərbaycan guşəsi" qurmuşam, Azərbaycandan aldığım bütün kitablar da həmin guşədə yerini tutub.

- Cənab səfir, son olaraq, Türkiyə və Azərbaycan arasındakı siyasi əlaqələri necə qiymətləndirirsiniz?

- İki qardaş ölkələrimiz arasındakı əlaqələr hər sahədə çox yüksək səviyyədədir. Bununla fəxr edirəm. Bildiyiniz kimi prezidentlər, baş nazirlər, digər nazirlər vəzifəyə təyin olunanda ilk səfərlərini qardaş ölkələrə edirlər. Münasibətlərimizin necə olduğu barədə başqa bir söz deməyə ehtiyac yoxdur hər halda.

Liderlərin ölkələrimiz haqqında dedikləri sözləri xatırlayaq: 

Mustafa Kamal Atatürk:"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".

Heydər Əliyev: "Biz bir millət, iki dövlətik".

Rəcəp Təyyub Ərdoğan: "Türkiyə -Azərbaycan tək ürəkdir."

İlham Əliyev: "Bir millətin iki diasporu olmaz".

Əhmət Davudoğlu: "Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaqdır. Azərbaycan için çalışmaq Türkiyə üçün çalışmaqdır".

Xarici işlər naziri Mevlud Çavuşoğlu: "Azərbaycanı çox sevən, Azərbaycana heyran bir şəxsdir. Siyasi fəaliyyətində hər zaman Azərbaycanın yanında olmuş, Avropa Şurası Parlament Assambleyasının sədri olduğu dövrdə haqlı mübarizəsində Azərbaycana kömək etmişdir. 2014-cü ildə xarici işlər naziri təyin olunduqda ilk xarici səfərini Azərbaycana etdi. Mətbuat konfransında Elmar Məmmədyarova, "Çox yoruldun.Get bir az istirahət et. Mən Azərbaycanın xarici işlər naziri vəzifəsini də icra edərəm. Onsuz da bir-birimizə oxşayırıq" demişdi. Çox səmimi zarafat idi. Həqiqətən də Azərbaycan üçün hər yerdə əlindən gələni edir".

PƏRVANƏ

 





09.02.2016    çap et  çap et