525.Az

Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İsraildə


 

Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İsraildə <b style="color:red"></b>

Milli Onkologiya Mərkəzinin regionun aparıcı onkoloji mərkəzlərindən birinə çevrilməsi həm dünyanın aparıcı onkoloji klinikaları və akademik elmi-tibb mərkəzləri ilə əməkdaşlıq üçün münbit imkanlar yaradıb.

Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Səhiyyə Nazirliyinin baş onkoloqunun rəhbərliyi ilə Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İzrail Dövlətinin üç ən böyük akademik tibb ocaqlarından biri olan Tel Aviv Suraski Tibb Mərkəzinin dəvəti ilə İzraildə səfərdədirlər.

Səfərin əsas məqsədi iki mərkəz arasında sıx əməkdaşlığın qurulması, onkoloji xəstələrə göstərilən diaqnostika və müalicə xidmətləri sahəsində təcrübə mübadiləsinin aparılması, əhali arasında mütəşəkkil profilaktika və maarifləndirmə proqramlarının təşkili və həyata keçirilməsi sahəsindəki uğurların paylaşılması, davamlı tibbi təhsil və elmi araşdırmaların birgə aparılması məqsədilə müvafiq platformanın qurulmasıdır.

Səfər zamanı Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti Tel Aviv Suraski Tibb Mərkəzinin direktoru, müalicə işləri üzrə müavini və xəstələrin reabilitasiyası üzrə müavini, habelə uroonkologiya, ümumi cərrahiyyə, süd vəzi cərrahiyyəsi, sarkoma mərkəzinin rəhbəri, şüa terapiyası və tibbi onkologiya şöbələrinin həkimləri, endokrinoloji törəmələr şöbəsinin kollektivi və digər mütəxəssislərlə görüşlər keçirilib.

Onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi üzrə ölkənin aparıcı tibb müəssisəsi olan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin əldə etdiyi nailiyyətlər həm ölkə daxilində, həm də beynəlxalq cəmiyyətdə diqqət mərkəzindədir. Respublika Prezidentinin qayğısı sayəsində son illər ərzində mərkəzdə xərçəng xəstəliklərinin diaqnostikası üçün yaradılmış şərait, neyrocərrahiyyə, torakal cərrahiyyə, onkoginekologiya, onkourologiya və üç kimya terapiyası və onkohematologiya şöbələrinin yaradılması, ABŞ-ın Varian şirkətinin ən qabaqcıl texnologiyası əsasında qurulmuş stereotaktik şüa terapiyası mərkəzinin təsis edilməsi, ilk PET-KT ilə təchiz edilmiş Nüvə Təbabəti Mərkəzinin yaradılması ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətini və əhatəliyini artırmağa imkan verib. Ölkənin birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün yüksək keyfiyyətli cərrahi, kimya terapiyası və şüa terapiyası xidmətlərini təmin edir.

Qeyd edək ki, keçən ilin noyabr ayında ABŞ-ın aparıcı onkoloji mərkəzi olan MD Anderson Xərçəng Mərkəzi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi, davamlı tibbi təhsil, elmi tədqiqatların birgə aparılması sahəsində xüsusi saziş imzalanmışdır. Bundan əvvəl isə oxşar sazişlər Türkiyənin Hacıttəpə Universiteti, Qazi Universiteti, Belçikanın Səhiyyə Fondu ilə də imzalanıb.

 





09.02.2016    çap et  çap et