525.Az

Yazıçılar Birliyində Yapon şeiri antologiyasının təqdimatı olub - Foto


 

Yazıçılar Birliyində Yapon şeiri antologiyasının təqdimatı olub - <b style="color:red">Foto</b>

“ATV Kitab” ın “Parlaq imzalar”la növbəti nəşri olan “Səsindən tanıdılar payızı” adlı klassik yapon şeiri antolgiyasının təqdimatı keçirilib.

Fervalın 6-da Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində tanınmış şair və yazıçılar, tərcüməçilər, KİV nümayəndələri, eləcə də Yaponiyanın Bakıdakı səfirliyinin nümayəndəsi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu qonaqları salamladıqdan sonra layihə haqqında ətraflı məlumat verib.

Yapon ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və hazırkı nəşr haqqında söz açan S.Babullaoğlu deyib ki, yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlılar üçün yeni və yad dünya deyil:

“Akutaqava Rünoske, Yasunari Kavabata, Yukio Mişima, Kobo Abe, Kenzaburo Oe  və Haruki Murakaminin əsərləri zaman-zaman Azərbaycan oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə edilərək nəşr olunub.  Yaponiya haqqında “memuar və səfər qeydləri” janrında da tanınmış ədiblərimizin diqqətəlayiq əsərləri – Həsən Seyidbəylinin "On beş gün Yaponiyada”, Novruz Nəcəfoğlunun “Eşitdiyim və gördüyüm Yaponiya”  kitabları çap edilib.

Yapon poeziyası da vaxtaşırı Azərbaycan oxucularının ixtiyarına verilib,  1979-cu ildə Xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu, 2003-cü ildə isə Pərviz Məmmədovun tərcüməsi ilə ərsəyə gələn və nəfis şəkildə nəşr edilən “Yapon ədəbiyyatı: haykular” toplusu işıq üzü görüb”.

Layihə rəhbəri tərtibçisi və redaktoru olduğu hazırkı antologiyanın əvvəlki nəşrlərdən fərqi haqqında da danışıb:

“Əvvəla, istedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan bu topluda yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankalar da var ki, bu məziyyəti ilə toplu bir ilkdir, yenilikdir. Sizə təklif etdiyimiz toplunun digər bir məziyyəti əsərləri təqdim edilən böyük yapon şairlərinin – Saygyo, Başo, Buson və İssa haqqında, habelə tanka və hayku barədə ümumyapon poeziyası kontekstində müfəssəl məqalələrin də olmasındadır...”

AYB sədri, Xalq yazıçısı Anar çıxış edərək layihəni və “Səsindən tanıdılar payızı” antologiyasını yüksək qiymətləndirib.

Anar yapon kinosu və nəsrinin  özünəməxsusluğundan, hayku və tankalarının isə dünya xalqları poeziyası kontekstində təkrarsızlığından danışaraq Azərbaycan xalq şeiri ilə yapon klassik poeziyası arasında paralellər aparıb.

Yaponiyanın Bakıdakı səfirliyinin 1-ci katibi Qinqa Kobayaşi təqdimata gələnləri Azərbaycan dilində salamlayaraq zalın dolu olmasını yapon şeirinə sevginin təzahürü kimi qiymətləndirdiyini söyləyib, nəşrdə zəhməti keçənlərə təşəkkür edib. O, kitabın Yaponiya-Azərbaycan mədəni əlaqələrinə dəyərli töhfə olduğunu vurğulayıb.

Antologiyanın tərcüməçisi Cəmşid Bəxtiyar, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq, tanınmış ədəbiyyatşünaslar, alimlər, şair və tərcüməçilər - Məsiağa Məhəmmədi, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Kamran Nəzirli, Fərid Hüseyn və Qismət Rüstəmov maraqlı fikirlər söyləyib, yapon şeirinin məziyyətləri, yeni nəşrin əhəmiyyəti haqqında danışıblar.

Çıxışlar arasında antologiyaya daxil edilmiş şeirlər də oxundu.

Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitab üzərində iş zamanı yaradıcı qrup Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq edib. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur.

Qeyd edək ki, "ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli,  İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev daxildir.

 





09.02.2016    çap et  çap et