525.Az

Abşeronda fabrik istifadəyə verildi


 

Abşeronda fabrik istifadəyə verildi<b style="color:red"></b>

Bu gün Azərbaycanda ilk dəfə olaraq Abşeron rayonu Xırdalan şəhərində “Nargis porcelain” şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən fabrikin açılışı keçirilib.

525.az-a verilən məlumata görə, açılış mərasimində Abşeron rayonunun İcra Hakimiyyətinin rəhbərliyi, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısının birinci müavini Məhəmməd Həsənovun və “Nargis porcelain” müəssisəsinin rəhbəri Yasin Xəlilovun iştirakı ilə rəmzi lent kəsilib.
 
Bundan sonra müəssisə ilə tanışlıq gəzintisi aparılıb. 

Fabrik haqqında məlumat verilərək bildirilib ki, keramika, xüsusilə dulusçuluq ən qədim sənət növlərindən biri olub və hazırda da Azərbaycanda bu sənətin fədakar daşıyıcılarının gərgin əməyi sayəsində yaşadılmaqdadır.
 
Bununla belə, elm və texnikanın inkişafı, keramika sahəsində yeni texnoloji nailiyyətlərin əldə olunması bu sənətin daha ciddi əsaslarla inkişaf etdirilməsinin zəruriliyini göstərir.
 
Bildirilib ki, son dövrlərdə respublikamızda dövlət başçısı İlham Əliyevin göstərişi ilə sahibkarlığın inkişafı üçün olduqca ciddi addımlar atılır, kiçik və orta sahibkarlığın sürətli inkişafı üçün qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul edilir.

Bundan ruhlanaraq ulu öndərə dərin minnətdarlıq və mənəvi borcu qismən də olsa ödəmək istəyi ilə vaxtilə onun sayəsində Rusiya Federasiyasında keramika, şüşə və mina örtüklərinin kimyəvi texnologiyası ixtisası üzrə təhsil və sonradan alimlik dərəcələri almış Yasin və Mahirə Xəlilovlar böyük zəhmət, inadkarlıq, peşəkarlıq tələb edən bu işi həyata keçirmək üçün “Nargis porcelain” müəssisəsini təsis ediblər.

Azərbaycanda keramik məmulatlara, xüsusilə hədiyyəliklərə müstəqillik dövründə turist marağının artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılması üçün əsas olub.

Uzun illər bu ideyanın gercəkləşdirilməsi ilə əlaqədar gərgin çalışmalar və araşdırmalar aparılıb, respublikamızın xammal bazası öyrənilib, texniki-təşkilati işlər həyata keçirilib.

Türkiyənin tanınmış “Refsan” şirkəti ilə müvafiq müqavilələr imzalanı və lazımi avadanlıqlar alınıb, qısa müddətdə istehsal sahəsi yaradılıb və güclü mütəxəssislər komandası formalaşdırılıb.

Azərbaycanın ən güclü keramika rəssamlarının, heykəltəraş və texnoloqlarının cəlb olunması sayəsində az bir müddətdə çox böyük nailiyyətlər əldə olunub.

Qeyd etmək lazımdır ki. belə müəssisə bölgədə yeganədir. Azərbaycan milli ornamentlərinin zənginliyi, təkrarolunmazlığı və onların uğurla keramika sənətinə gətirilməsi nəticəsində qısa müddətdə ixrac yönümlü sənət əsərlərinin meydana çıxması mümkünləşib.
 
Gələcəkdə bu sahənin elmi əsaslarla şüşə və mina örtükləri texnologiyasının tətbiqi ilə genişləndirilməsi nəzərdə tutulur.

Beləliklə, “Nargis Porcelain” Azərbaycanda milli keramika ənənələrindən bəhrələnərək müxtəlif növ keramik hədiyyəliklərin istehsalına başlanılıb.

Hazırda müəssisədə yüksək ixtisaslı 15 yerli mütəxəssis çalışır. Amma gələcəkdə işçilərin sayının 50-ə çatdırılması planlaşdırılır.

 





09.02.2016    çap et  çap et