525.Az

“Azərbaycan dilinin frazeologiya lügəti” təqdima edildi


 

“Azərbaycan dilinin frazeologiya lügəti” təqdima edildi<b style="color:red"></b>

Fevralın 9-da Bakıdakı Atatürk Mərkəzində “Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə lüğətin elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov yeni nəşr barədə məlumat verib.

Frazeologiya sözlüyünün nəşr olunmasını dilçiliyimizdə mühüm hadisə adlandıran N.Cəfərov lüğəti hazırlayan Qulu Məhərrəmliyə, Rafiq İsmayılova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına minnətdarlığını bildirib.

Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə bəzi uğurlar da olub. Ancaq ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən nükəmməl sözlük ərsəyə gəlib. Burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb.

Yeddi minədək frazeoloji ifadənin izahının verildiyi lüğət “Altun kitab” nəşriyyatında çap olunub.

Tədbirdə çıxış edənlər frazeologiya lüğətini Azərbaycan dilçilik elminin mühüm nailiyyəti kimi səciyyələndirib, nəşrin məziyyətlərindən danışıblar. Vurğulanıb ki, lüğət ana dilimizin elektron resurslarının yaradılması işinə də böyük töhfə verəcək.

 





09.02.2016    çap et  çap et