525.Az

Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri


 

Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri<b style="color:red"></b>

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın "Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri" adlı məruzəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli iclasında elmi və ictimai mühitə təqdim edilib.

Qeyd etmək lazımdır ki, məruzədə irəli sürülən ideyalar son bir ildə dövri mətbuatda və müxtəlif ölkədaxili və xarici elmi dərgilərdə geniş işıqlandırılıb
(
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=45058http://azertag.az/xeber/Azerbaycanda_multikultural_tehlukesizlik_prinsipleri-866642 və s.). Akademik Kamal Abdullanın bu məruzəsi əsasında əməkdaşımızın hazırladığı məqalə 09.02.2016-cı il tarixli sayımızda, səhvən, məqaləni çapa hazırlayan şəxsin adından dərc edilib. Bu texniki səhvə görə oxucularımızdan üzr istəyir və akademik Kamal Abdullanın AMEA Rəyasət Heyətində səsləndirdiyi məruzənin tam mətnini oxuculara təqdim edirik.

2016-cı il Azərbaycan Respublikasında Multikulturalizm İli elan edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

1. Multikulturalizm nədir?  

Multikulturalizm - çoxmədəniyyətlilik məfhumunun sinonimidir. Bu şərh  məhfumun etimologiyasından irəli gəlir. Multikulturalizm sözü tərcümədə "çoxmədəniyyətlilik" mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə, etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. İlk növbədə bu dəyərlərin təcəssümü olan şəfqət, mərhəmət, acıma, dözümlülük kimi hisslər haqda danışmaq olar. "Öz-özgə" qarşıdurmasında "özgə" qütbünə münasibətin loyallığı da belə dəyərlər sırasındadır.

İctimai və siyasi model olaraq multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti əks edir. Bu müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət modellərindən biri məhz multikulturalizmdir.

Bir siyasət modeli kimi multikulturalizm avstraliyalı alim Çandran Kukatasın qeyd etdiyi kimi ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli - assimilyasiya və ya izolyasiya (təcridolma) vasitəsilə tənzimləməyə çalışırdı.

Assimilyasiya siyasəti milli azlıqların mədəni- etnik dəyərlərini titul etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.

İzolyasiya siyasəti isə milli azlıqların mədəni- etnik dəyərlərinin titul və ya əsas etnosun etnik- mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.

Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, onların heç biri cəmiyyətdə inteqrasiyaya səbəb olmadı. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri oldu.

Multikulturalizm siyasəti - müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi multikulturalizm nə milli azlıqların etnik-mədəni dəyərlərini assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafı üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün münbit zəmin yaradır.

2. Multikulturalizmin öyrənilməsi 

Multikulturalizm siyasətinin meydana gəlməsi onun elmi cəhətdən öyrənilməsinə də təkan vermişdir. Bu fenomen yaranan dövrdə onu Qərb ölkələrində öyrənən tədqiqatçılar multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində səmərəli bir siyasət modeli olmaqla yanaşı, eyni zamanda onun mütərəqqibir model olduğunu da qeyd edirlər. Onların fikrincə, multikulturalizm siyasəti Qərb cəmiyyətinin təməl prinsipləri olan demokratiyaya, insan azadlığı, bazar iqtisadiyyatı prinsiplərinə uyğun gəlir. Bununla bağlı avstraliyalı professor Çandran Kukatas qeyd edir ki, liberalizm nəzəriyyəsi multikulturalizmin əsasını təşkil edir, çünki bu nəzəriyyə fərdin azadlığını əsas götürərək onun öz həyat tərzini, etnik-mədəni dəyərlərini qorumaq üçün şərait yaradır. Liberal cəmiyyətdə azlıqların mədəniyyətləri basılmır, onlara münasibətdə dözümlülük nümayiş etdirilir. Eyni mövqeyi kanadalı Vil Kimlika və Çarlz Teylor, amerikalı Emi Gutman, ingiltərəli Bxiku Parex və bu kimi digər tədqiqatçılar da dəstəkləyir.

3. Multikulturalizm reallıqda: bədbinlik və nikbinlik qarşıdurması. Multikulturalizmin "David Kameron bədbinliyi - İlham Əliyev nikbinliyi" qarşıdurması 

XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri müəyyən obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdilər. Buna cavab olaraq bəzi ölkələrin (Almaniya, Fransa, Böyük Britaniya) başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq bəyan etdilər. Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar. Bu dövlətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın baş naziri David Kameron belə ifadə etmişdir: "Dövlət multikulturalizmi" doktrinası müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu, isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır." Multikulturalizmə dair Qərb dövlətləri başçılarının fikirləri elmi ədəbiyyatda da dəstək tapdı. Məsələn, britaniyalı tədqiqatçı Trevor Filips qeyd edir ki, multikulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya  (inteqrasiyaya əks) yuvarlanır.

Həqiqətən, Qərb dövlətlərində "Dövlət multikulturalizmi" doktrinasının aparılması cəmiyyətdə bəzi icmaların, xüsusən müsəlman icmasının özündə qapanması üçün şərait yaradır. Nəticədə müsəlman icmasının nümayəndələri öz adət-ənənələrinə, etnik-mədəni dəyərlərinə sığınaraq yaşadıqları cəmiyyətə inteqrasiya olmurlar, buradakı liberal dəyərlərə müqavimət göstərirlər. Hətta onlardan bəziləri ingilis dilini belə öyrənmirlər. Kameron, təxminən, bir azbundan əvvəl ingilis dilini miqrantlar tərəfindən məcburi şəkildə öyrənilməsi ilə bağlı kəskin şəkildə bir tələb qoydu:"Britaniyada yaşadığı iki il yarım ərzində ingilis dilini öyrənməyən miqrant ölkədən deportasiya olunacaqdır.

Kameronun bu cür bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni Prezident İlham Əliyev nümayiş etdirir. O, xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: "Bu gün multikulturalizmin dünyada alternativi yoxdur. Alternativ ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir".

Bəs müasir dövrdə Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması hansı səbəblərdən irəli gəlir? 

4. "İlkin" müxtəliflik və "sonrakı" müxtəliflik. Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasətinin təntənəsi 

Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müxtəlifliklərdən yan keçib digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci halilə bağlı real sosial nəticə odur ki,  gəlmə multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə xalqın tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. "İlkin" müxtəliflik və "sonrakı" müxtəlifliyi bir-birindən ayırmasaq bugünkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.

Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır. "İlkin" müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal "sonrakı" müxtəliflikdən kəskin şəkildə fərqlənir. Məhz "ilkin" müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə loyal münasibəti məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng qazana bildi. Ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində multikulturalizmin iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxır.

Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur. "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından ilk kitablar ("Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları; "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları"; "Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları") bu mənbələrin ədəbiyyatda, publisistikada, siyasi müstəvidə nə qədər zəngin olduğunu göstərir.

Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə bu belə oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı qəbul etmədi. Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, "ilkin müxtəliflik", "sonrakı müxtəliflik" anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğu kimi özünü göstərir.

5. Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir 

Azərbaycan müstəqilliyinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi.

Ulu öndər Heydər Əliyev "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir"; "Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır" kimi bəyanat xarakterli sözləri ilə, əslində, multikulturalizmin siyasi bazasının konturlarını cızırdı.

Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik" olmalarını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Bu bəndlərə ayrı-ayrılıqda nəzər salaq:

Azərbaycan Respublikası Konstitusiyası (1995-ci il, 12 noyabr)

- "Dövlət dili" Maddə 21, bənd 2: "Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir";

- "Bərabərlik hüququ" Maddə 25, bənd 3: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır";

- "Milli mənsubiyyət hüququ" Maddə 44, bəndlər 1, 2: 1."Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır". 2. "Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".

- "Ana dilindən istifadə hüququ" Maddə 45, bəndlər 1, 2: 1. "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır". 2. "Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".

Bu maddələr və bəndlər, əslində, ölkənin multikultural təhlükəsizliyini formalaşdıran siyasi-hüquqi baza dəyərlərdir. 

6. Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi 

Məlum olduğu kimi, milli təhlükəsizlik sisteminin bir çox komponentləri vardır. İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib komponentlərdir. Bu sistemin içinə mənəvi, ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv təhlükəsizlik komponenti kimi daxil etmək vacibdir. Ölkə öz enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir.

Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir.

Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir. 

7. Multikultural təhlükəsizliyin prinsipləri 

A. Prezident İlham Əliyev öz çıxışlarının birində dedi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?

Bu sualın özü bir azərbaycanlı üçün qəribə səslənir. Çünki müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu ilə, mənəvi orqanizmi ilə hiss edir. O bunun səbəbini bilməyə bilər. Udduğun hava kimi, içdiyin su kimi bu münasibət də bizim həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir. Multikultural təhlükəsizliyin əsas prinsiplərindən biri məhz ölkədaxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdır.

B. Multikultural təhlükəsizliyin daha bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısıdır.

Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatistlərlə eyni millətdən olan, ancaq bu separatistlərin iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə bütün sahələrdə görmək mümkündür.

C. Multikultural təhlükəsizliyin daha bir vacib prinsipi ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir.

Etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar ölkə daxilində özlərini yad elementlər kimi hiss etməməlidirlər. ÜmumAzərbaycan mədəni konteksti onların hər biri üçün mənəvi doğma məkana çevrilməlidir. Bu siyasi xətt bu gün Azərbaycan dövlətinin əsas hədəflərindən biridir.

8. Azərbaycanda multikultural durumun təsviri və multikulturalizmə siyasi dəstək. Prezident İlham Əliyev prinsipi: "Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir".  

Qərb ölkələrinin bədbin bir şəkildə multikulturalizm siyasətindən üz çevirdiyi bir dövrdə Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyər vermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".

Azərbaycan multikulturalizminin qaynaqlarının öyrənilməsi, əslində, Prezident İlham Əliyevin irəli sürdüyü bu ideyanı təsdiqləyir. Mənəviyyat və siyasət tariximizə səpələnmiş multikultural, tolerant dəyərlər və onların təsviri bu gün bir sistem kimi öyrənilir və müəyyən olunur ki, Azərbaycan xalqı, onun görkəmli ədəbi, ictimai, siyasi şəxsiyyətləri dünya mənəviyyat xəzinəsinə zaman-zaman qiymətli töhfələr vermişlər. Bu baxımdan multikulturalizmin qaynaqlarını araşdıran zaman bu töhfələr real şəkildə üzə çıxır. BBMM-in AMEA-nın intellektual dəstəyi ilə hazırladığı bu kitabları qeyd etmək kifayətdir:

1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları;

2. Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları;

3. Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları.

9. Azərbaycanda multikulturalizmə siyasi dəstək ilə ictimai təşəbbüsün birləşməsi və bir sıra multikulturalizm təsisatlarının yaranması (layihələr): 

Son illərdə multikulturalizmə verilən önəm intensiv və sistemlibir hala gəlmişdir.Ölkədə siyasi-ideoloji, real qurumlar yaranmışdır, ciddi proyektlər həyata keçirilməkdədir.

1. "Bakı prosesi" layihəsi (2-3.12.2008)

2. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti (28.02.2014);

3. Azərbaycan Respublikasının Prezidenti yanında "Bilik Fondu" (07.05.2014);

4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (14.05.2014);

5. Bakı Slavyan Universitetində "Azərbaycan Multikulturalizmi" kafedrasının açılması;

6. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi.

Multikulturalizmə dəstək olaraq xüsusi siyasi iradənin nəticəsi kimi "Bakı prosesi"ni göstərmək olar. 

10."Bakı prosesi" - Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması sahəsində həyata keçirdiyi missiyanın göstəricisi kimi 

"Bakı prosesi" - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Bu təşəbbüsü ilk dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edilmişdir. Bununla da sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulmuşdur.

"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. Konfransda Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlərin iştirakı ilə "Mədəniyyətlərarası dialoq" mövzusunda "dəyirmi masa" keçirilmiş və birgə kommünike qəbul edilmişdir.

"Bakı prosesi"nin növbəti inkişaf mərhələsi onun regional təşəbbüsdən qlobal hərəkata çevrilməsi ilə əlaqələndirilir. Bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsini elan etmişdir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. İndiyədək Bakıda üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir (I Forum 7-9 aprel, 2011; II Forum- 29 may - 01 iyun, 2013; III Forum -18- 19 may, 2015). Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşmışdır.

"Bakı prosesi"çərçivəsində həyata keçirilmiş digər mühüm tədbirlər sırasında ölkəmizdə 2010-cu ilin 26- 27 aprel tarixlərində keçirilmiş Dünya dini Liderlərinin Sammiti, 2011-ci ildən indiyədək keçirilmiş dörd Beynəlxalq Humanitar Forumu (2011, 2012, 2013 və 2014) göstərmək olar.

"Bakı prosesi" çərçivəsində yeni bir mühüm tədbir cari ilin 25-27 aprel tarixlərində ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumudur.Eynilə, xüsusi olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqda danışmaq olar. 

11. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 

Prezident İlham Əliyev tərəfindən yaradıldığı gündən bu günə qədər prioritet proyekti təhsil istiqamətində qurulub. Dünyanın 13 universitetində (İtaliyanın Sapienza Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti, Rusiyanın I Prezidenti Boris Yeltsın adına Ural Federal Universiteti, Çexiyanın Praqa Karl Universiteti, Litvanın Litva Pedaqojı Universiteti, İsveçrənin Frayburq Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Türkiyənin Erciyes Universiteti, Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Almaniyanın Augsburg Universiteti, Gürcüstanın Tiflis Dövlət Universiteti, Belarus Dövlət Universiteti,İndoneziyanın Qadcah Mada Universiteti)və Azərbaycanın 28 ali məktəbində ("Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Mingəcevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Dənizçilik  Akademiyası, Kooperasiya Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Qafqaz Universiteti, Qərb Universiteti, Bakı Qızlar Universiteti) bu gün "Azərbaycan multikulturalizmi" fənni keçilir. Bu fənlə bağlı xüsusi proqram hazırlanaraq Təhsil Nazirliyində təsdiq olunmuşdur.  Hazırda fənnin dərsliyi üzərində iş aparılır.Bundan əlavə Azərbaycan universitetlərində "Multikulturalizmə giriş" fənni də tədris edilir.

Fənnin tədrisi nə məqsəd güdür?

Hədəf 1 (yaxın): Fənni keçən xarici tələbələrin Azərbaycana olan marağını Azərbaycana məhəbbətə çevirmək. Yay və Qış multikulturalizm məktəblərinin təşkili.

Hədəf 2 (uzaq): Gənclərlə işi bu fənn keçilib qurtardıqdan sonra da davam etdirmək. Faktiki olaraq, bu istiqamət Azərbaycan lobbisinin formalaşma qaynaqlarından biridir.

12. Multikulturalizm bu gün bizə nə verir?

Bu suala cavabları aşağıdakı kimi quruplaşdırmaq olar:

1. Multikultural təhlükəsizliyimizi sistemli şəkildə qurmağımızı;

2. İlkin müxtəlifliyin dövlət tərəfindən qorunması zərurətini;

3. Müxtəlifliklərin həmahəngliyinə nail olmaq istiqamətində yığılan təcrübəni eyniliklərin münasibətinə daxil edilməsini;

4. Əldə edilən nəticələrin sosial-siyasi sabitliyə müsbət təsirini.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə multikulturalizm ili elan etməsi ölkənin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumları kimi AMEA qarşısına da mühüm vəzifələr qoymuşdur. Aşağıdakıları xüsusi qeyd etmək olar:

1. AMEA-da fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının verilməsi;

2. AMEA Rəyasət Heyəti yanında Multikulturalizm problemləri üzrə elmi-tədqiqat Mərkəzinin və ya institutlararası multikulturalizm virtual mərkəzinin təsis edilməsi;

3. 2016-cı ildə AMEA-da və xarici elmi qurumlarda "Dünya multikulturalizm modelləri" mövzusunda silsilə Beynəlxalq konfransların keçirilməsi;

4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə "Multikulturalizm ensiklopediyasının" tərtib edilməsi.

Kamal ABDULLA
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik

 





10.02.2016    çap et  çap et