525.Az

Şeirlər- Furqan SADIQ


 

Şeirlər- <b style="color:red">Furqan SADIQ </b>

BU GÜN HAMI XƏSTƏLƏNİB...

 

Bu gün hamı xəstələnib,

hamı pis günə düşüb...

Dərddən yağış yağır, evin

damı pis günə düşüb...

 

Ağaclar da batıb qəmə,

nə bir yarpaq titrəyir...

Bu yanda mən öskürürəm,

o yanda dağ titrəyir...

 

Guya nə üçün yazıram,

yoxdu bu şeirin ardı...

Mən sıxıram dişlərimi,

dünya dişin ağardır...

 

AD GÜNÜM ÜÇÜN

 

Hələ canım üstümdədi,

yük altındayam hələ...

Göy üzü var başım üstdə,

kök altındayam hələ...

 

Yaşamaq kiminə asan,

kiminəsə zülümdü...

Bu gün ad günüm deyil ki...

Bu gün mənim ilimdi...

 

Mən öz ömrümün görəsən

harasında durmuşam?!

Sərhəddəyəm, iki ilin

arasında durmuşam...

 

*   *   *

 

Ümidlərim tükənib,

yenə bir qab verərsən...

Ehtiyat yığmaq üçün

mənə bir qab verərsən...

 

Bütün yollar qırılır-

hər tərəf yarımçıqdı...

Yaman tez sürüşürəm,

xəyallarım palçıqdı...

 

Mənə bir şeir yaz, dost,

hopum hərflərinə...

Bir az ürək-dirək ver,

yaz nisyə dəftərinə...

 

RAMİZ RÖVŞƏNƏ

 

Dünyanın paltarı çoxdu,

gündə dondan-dona düşür...

Gözümdən düşən adamlar,

ayağım altına düşür...

 

Yolundadı zaman-gəmi,

ölümə daşıyır ömrü...

Kiminsə başlayan ömrü

kiminsə sonuna düşür...

 

Dərd içində sıxılırsan,

havan çatmır, boğulursan,

dərindən nəfəs alırsan,

o da ki, son ana düşür...

 

*   *   *

 

Gecənin bu vədəsində,

ac dünyanın mədəsində,

buludlar əhatəsində,

Aydan asacam özümü.

 

Hava ölüm qoxuyacaq,

külək “Yasin” oxuyacaq.

Kimsə kəndir toxuyacaq,

Aydan asacam özümü.

 

Gəzmək üçün səmaları,

tutub çəkəcək yuxarı.

Qarışdırıb yuxuları,

Aydan asacam özümü...

 

 

 

DOSTUMA MƏKTUB

 

(Varis üçün)

 

Allah həyat veribsə, dost,

gərək mən də yaşayım...

Adam kimi ömür sürüm,

it günündə yaşayım?!

 

Həm başım boşdu, həm cibim,

zaman da boş ötüşür...

Əməllərim yazılanda,

sol çiynimə yük düşür...

 

Dost, indi sən de, neyləyim,

silim günahlarımı?!

Yandırıb səpim torpağa

külün günahlarımın...

 

 





29.01.2013    çap et  çap et