525.Az

Astarada ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib


 

Astarada ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib<b style="color:red"></b>

Fevralın 10-da Astara Rayon İcra Hakimiyyətinin geniş şura iclasında 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Rayonun idarə, müəssisə və təşkilatları rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, yerli sahibkarların və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi iclasda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, 2015-ci ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Astaraya növbəti səfəri olub. Səfər zamanı dövlətimizin başçısı 12 min nəfər əhalinin yaşadığı və 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını edib, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb.

Səfərdən sonra Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalanıb.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ötən il Astara rayonunda bir sıra infrastruktur layihələri reallaşdırılıb.

Hesabat ilində 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi yekunlaşıb, 860 şagird yerlik Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması davam etdirilib, ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə start verilib.

Ötən il Pensər çayı üzərində 2 avtomobil körpüsü tikilib istifadəyə verilib, Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsinə başlanılıb.

Diqqətə çatdırılıb ki, hesabat ilində rayonda ümumi məhsul və xidmətlərin həcmi 175 milyon 558 min manat təşkil edib. Bunun 6,4 faizi sənayenin, 40 faizi kənd təsərrüfatının, 26,4 faizi tikintinin, 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 2 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,4 faizi informasiya və rabitənin payına düşüb. İl ərzində rayonda 766 yeni iş yeri açılıb.

Çıxış edənlər ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan söhbət açıb, qarşıda duran vəzifələr və mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

İclasda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış ediblər.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 





11.02.2016    çap et  çap et