525.Az

Molla Nəsrəddinin Avropa sərgüzəştləri- Ağır hava


 

Molla Nəsrəddinin Avropa sərgüzəştləri- <b style="color:red">Ağır hava</b>

Əziz oxucular! “525.az” “Molla Nəsrəddinin Avropa sərgüzəştləri” hekayələr silsiləsinin dərcinə davam edir. Ayda bir dəfə işıq üzü görəcək bu silsiləni iki gənc - yazar Səməd Səfərov və Almaniyanın Humbolt Universitetində PhD pilləsi üzrə təhsil alan fizik İlmar Qəhrəmanov qələmə alıblar. “Molla Nəsrəddinin Avropa sərgüzəştləri” elmi-ədəbi hekayələr toplusudur. Burada şərq dünyasının müdrik siması Molla Nəsrəddinin Avropaya səyahəti və bu səyahət zamanı onun dünya elmində böyük kəşflərə imza atmış əcnəbi alimlərlə təsadüfi görüşləri əks ediləcək. Əsərin oxuculara aşkar etdiyi ən böyük yenilik ondan ibarətdir ki, əslində, Molla Nəsrəddinin Avropaya bu səyahəti baş tutmasaydı, dünya hələ də bir çox elmi müəmmaların həllindən xəbərsiz qalacaqdı. 

Əziz oxucular! Ümid edirik, bu elmi-ədəbi layihə marağınıza səbəb olacaq, rəğbətinizi qazanacaq.

“Molla Nəsrəddinin Avropa sərgüzəştləri”nin əvvəlki hissəsini bu linkdən oxuya bilərsiniz: http://525.az/site/?name=xeber&news_id=3346


Ağır hava
(birinci hissə)

Mənim əzizlərim, beləcə xurcunumu almalarla ağzınacan doldurdum, gəldim dəniz limanına və bir hovur dincimi alıb yağmurlu ingilis torpaqlarını tərk etdim. Gərgin təbiətli La Manş boğazı üzərindən keçərək növbəti günün sübhü Firəng yurduna qədəm qoydum. Gəmidə tanış olduğum bir nəcabətli fransız məni atlı arabası ilə Parisə aparmağı təklif elədi. Mən də könül xoşluğu ilə razılaşdım.

Parisə varid olduğumuzda gözlərim önündə peyda olmuş  füsunkarlığa mat-məəttəl qaldım. Məftunluqla qarşımdakı bu ilahi gözəlliyi uzun-uzun seyr elədim. Rəfiqimlə şəhər meydanlarının birində ayrılıb, xudahafizləşdik və mən əlimdə əsa, arxamda xurcunum, şəhərin küçə-döngələrini, meydanlarını qarış-qarış dolaşdım.

Gecə bir mehmanxanada dincəlib sübh tezdən qalxdım və yenə Parisi öyrənməklə məşğul oldum. Ahıl fransızlarla üns tutdum, kiçik balaları əzizlədim, onlara nağıl dedim. Sabahısı hələ İngiltərədə tanış olduğum növcavanın xahişini yerə salmamaqdan ötrü qərara gəldim ki, onun verdiyi ünvana gedim.

Xülasə, Parisin mərkəzinə yaxın bir məhəllədəki ikimərtəbəli kürsülü evə gəlib çatdım. Hündür barmaqlıqlı darvazanın qapısını itələyib, alaqaranlıq həyətə daxil oldum. Evin alt mərtəbəsinin bütün otaqlarının pəncərələri işıqlı idi. İçəridən pianoda çalınan həzin musiqinin səsi gəlirdi. Qapıya yaxınlaşdım və həlqəvari dəmir dəstəkdən yapışaraq qapını döydüm. Lakin deyəsən, məni eşidən olmadı. Odur ki, növbəti dəfə qapını yumruğumla daha bərkdən taqqıldatdım. Bu dəm pianonun səsi xırp kəsildi. Evdən tələsik addım səsləri eşidildi və bir qədər sonra qapının deşiyində açar buruldu.

Qapı açılar açılmaz içəridən gur işıq üzümə  şiddətlə vurdu. Mən qamaşan gözlərimi bir neçə kərə qapayıb açmışdım ki, gördüm, saqqallı yekəpər bir qoca irəli atılaraq məni ikiəlli qamarladı və var-gücü ilə silkələdi:

- Müsyö, müsyö, xoş gəlibsiniz, xoş gəlmişsiniz! Buyurun, keçin içəri!

Kişinin bu qoca yaşında qollarındakı qüvvətə bax ki, məni dartaraq zorla soxdu evə. Mən hələ də çaşqınlıqdan özümə gəlməmişdim ki, qocanın təkrarən sədasını eşitdim:

- Buyurun, tanış olun! - o, məni dəhlizə toplaşmış yaşlı qadın, cavan oğlan və qızla tanış elədi.

Onlar mənə ehtiramla təzim etdilər. Cavan oğlan ağzını açıb, bir şey söyləmək istəyirdi ki, qoca təzədən qolumdan möhkəmcə yapışdı və məni müsafir otağına apardı. Bu geniş otaq zövqlə bəzədilmişdi. Mərkəzdəki masada səliqəli süfrə açılmışdı. Çərəzlər, meyvələr, içkilər düzülmüşdü.

- Əyləşin, əyləşin, müsyö. Utanmayın! - qoca məni zirəkliklə itələyərək masanın başına çəkdi və baş oturacaqda əyləşdirdi.

Mən artıq səhv yerə gəldiyimi güman etməyə başlamışdım ki, cavan oğlan, nəhayət, bəndənizə yanaşıb birağıza söylədi:

- Müsyö, sizinlə tanış olmağıma xeyli məmnunam. Dostumun yazdıqlarından belə başa düşdüm ki, siz Şərqin böyük alimlərindənsiniz və Avropaya gəzməyə gəlmisiniz.  Bu görüşdən necə şad olduğumu izhar edə bilmərəm!

- Yorma qonağımızı, uzaq yol gəlibdir, hələ yesin-içsin, sonra danışarsan! - qoca kişi cavan qızın mətbəxdən gətirdiyi sinidən iki yekə qoyun budunu götürüb, birini atdı mənim boşqabıma, digərini də özünün. Mən təəccüblə budların iriliyinə baxdım. Bu boyda tikəni hələ Koroğlu yeyib qurtarsaydı, mən “Əhsən!” deyərdim.

Beləcə, əzizlərim, dilim-ağzım qurumuşdu, nə deyəcəyimdən, nə danışacağımdan agah deyildim. Sadəcə başımı yırğalayır və hamıya təsdiq mənasında təbəssüm edirdim. Qoca və cavan oğlan fasiləsiz ordan-burdan danışır, məni necə səbrsizliklə gözləmiş olduqlarını dilə gətirir və tez-tez də otağı şapraq gülüşlərə qərq edirdilər. Mən onlara diqqətlə qulaq asır və yavaş-yavaş qarnımı doyurmaqla məşğul idim. Sonra birdən cavan oğlan mənə xitabən söyləndi:

- Müsyö, siz Parisə çox gözəl məqamda təşrif buyurmusunuz. Sabah mənim Akademiyada mühazirəm olacaq. Orada nəinki Fransadan, hətta İspaniya və İtaliyadan gəlmiş müsafirlərlər də olacaq. Əgər mühüm işiniz yoxdursa, sizin də iştirakınızı ehtiramla arzu edərdim.

Mən yenə başımı yırğalayaraq razılıq verdim, amma, axı, nə biləydim ki, bununla özümü böyük bir bəlaya düçar eləmiş olacam, oturduğum yerdə başıma min oyun açacam.

Növbəti gün səhər tezdən Akademiyaya yollandıq. Oraya xeyli sayda adam yığışmışdı. Geyimlərindən, üz ifadələrindən və hərəkətlərindən bu qövmün özgə olduqları aydın nəzərə çarpırdı. Onların çoxu uzun saçlı və ya uzun saqqallı idi və həddən ziyadə səliqəli geyinib-keçinmişdilər. Bəziləri boyunlarından eynək asmışdılar. Təmkinli, məğrur ifadələri vardı. Aralarında səbrlə söhbət edir və tez-tez nitqlərinə fasilə verərək dərin düşüncələrə dalırdılar. Cavan oğlan məni onların bəzilərilə tanış etdikdən sonra kürsülü geniş otağa keçdik və cərgə ilə düzülmüş oturacaqlarda yerimizi tutub əyləşdik.

Tezliklə mühazirə başlandı və bayaqkı  şəxslər kürsüyə qalxıb, qəribə-qəribə şeylər haqqında danışmağa başladılar. İçəridəki camaat onları diqqətlə, maraqla dinləyir və sonda coşğuyla alqışlayırdılar. Növbə rəfiqimə çatanda o da ayağa qalxıb, kürsüyə qaxdı və təbiət haqqında mühazirə deməyə başladı. Müxtəlif təbiət hadisələrini müzakirə etdikdən sonra o dedi:

- Hörmətli yoldaşlar, yekunda sizə mayenin həcmində  buxarın əmələ gəlməsindən, yəni qaynama hadisəsindən danışmaq istəyirəm. Bu hadisə əsrlər boyunca öyrənilsə də, hələ də bizə məlum olmayan məqamlar mövcuddur. Məsələn, nədənsə dəniz sahilində və dağın başında qalanmış ocağın üzərindəki qazanda ət qaynadıb, bişirmək üçün eyni qədər vaxt sərf olunmur. Sahildə qazandakı su daha gec qaynayıb buxarlanır və ət tez bişir. Dağda isə su daha tez qaynayıb buxarlanır və ət gez bişir. Və ya başqa bir təcrübə, - cavan oğlan əlinə şpris alaraq sözünə davam etdi - məsələn, mən əlimdəki şprisə azacıq su töküb, onun ağzını barmağımla qapadıqdan sonra şprisin porşenini geri çəksəm, şprisin içindəki su qaynayacaq. Bəli, bəli, şprisdəki su qızdırılmadan qaynayacaq! Amma təəssüf ki, bu təbiət hadisəsinin səbəbini bilmirik. Suyun şprisin içində niyə qaynadığını bilmirik. Onu da qeyd edim ki, bu təcrübə zamanı biz həm də təbiətin vakuumdan, yəni boşluqdan qorxduğunu müşahidə edirik. Bəlkə də, bu iki hadisə arasında müəyyən əlaqə mövcuddur. Bildiyiniz kimi boşluğun olub-olmaması keçmiş zamanlardan insanları maraqlandırıb. Boşluqla bağlı müxtəlif alimlərin fikirləri olmuşdu və nəhayət, Ərəstun təbiətin boşluqdan qorxduğu fikrinə gəlmişdi. Başqa sözlə, “boşluq təbiətdə mövcud deyil” deməkdir. Təbiətin boşluqdan qorxmasına ən bariz nümunə borudakı porşeni yuxarı çəkərkən suyun onun arxasınca qalxıb, boşluğun yaranmasına imkan verməməsi təcrübəsidir - cavan oğlan nitqini yekunlaşdırdan sonra lövhədə bu rəsmi çəkdi:

Sonra o, yenə mühazirəsinə davam elədi:

- Sol tərəfdəki rəsm porşenin çəkilməmiş halıdır. İkinci rəsmdə isə biz onu yuxarı çəkirik və aşağıdakı su yaranan boşluğu doldurmaq üçün yuxarı doğru hərəkət edir. Bu təcrübə qədim zamanlardan bəşəriyyətə məlum olmuşdur və onun tətbiqindən geniş istifadə edilmişdir. Məsələn, Akademiyamızın bağındakı fəvvarəni də çalışdıran məhz təbiətin boşluq qorxusudur. Həmin fəvvarədə də məhz bu qayda ilə yerin altındakı su səthə çıxardılır.

Rəfiqim nitqini bitirib, üzünü mənə tərəf döndərdi və dedi:

- Əziz yoldaşlarım, mühazirəmin sonunda sizlərə böyük sevinclə xəbər vermək istəyirəm ki, bugün aramızda Şərq elminin böyük dühası, ömrünü təbiətin sirrlərinə  və müəmmalarına xərcləmiş böyük ustad, ali zat Molla Nəsrəddin də vardır. İcazənizlə müzakirə edilən təbiət hadisələri haqqında rəyini öyrənmək üçün bu böyüş şəxsiyyəti kürsüyə dəvət etmək şərəfinə nail olmaq istəyirəm!

Qəflətən otaqda gurultulu alqışlar qopdu, camaat üzünü  mənə çevirərək israrla və qətiyyətlə məni kürsüyə  səslədi.

Əzizlərim, canlarım, bu an bu biçarə qocanın dili ağzında qurumuşdu, ürəyi yerindən qopmuşdu, gözlərinə sanki qara bir pərdə çəkilmişdi. Əlim-ayağım elə keyləşmişdi ki, kipriyimi belə tərpədə bilmirdim, bərk vahiməyə düşmüşdüm. Yaxında oturmuş kəslər əhvalımın natarazlığını sezib, məni nasazlamış sandılar və qoluma girib, dəstək göstərərək kürsüyə qaldırdılar. Bir an gözlərim önündə zəmanənin bütün elm dühalarını görüncə başa düşdüm ki, istəmədən bütün Şərq elminin şərəfini təhlükəyə altına almışam.

Mən nə deyəcəyimi, nitqimə necə başlayacağımı  bilmirdim. Bir az fikrə dalıb, mühazirədə rəfiqimin dediklərini yadıma salmağa çalışdım və sonra ağlıma gözəl bir fikir gəldi. Nəhayət, özümü cəmləyib dedim:

- Bizim eldə də ta qədimdən nənə-babalar belə  məsləhət görüblər ki, dağ yerində bozbaş bişirilməz, kabab yeyilər. Çünki rəfiqimin dediyi kimi dağ yerində su tez qaynasa da, bozbaşın əti tez bişmir, çiy qalır - nitqimə həvəslə başlamışdım, amma bir an camaatın təəccübünü sezdim və Firəng torpaqlarında olduğumu xatırladım - …Bozbaş bizim milli yeməkdir, noxudla bişirilir.. dadlı olur.. - xəcalətlə dedim.

Bir anlığa hər şey yadımdan çıxmışdı. Cəhd eləyib, ağıllı bir söz söyləməyə çalışırdım, amma ağlıma heç bir şey gəlməyirdi. Mənim qəribə davranışım otaqdakıların diqqətini cəlb etmişdi və artıq öskürəklər, pıçıltılar eşidilirdi. Sonra yenə ürəkli olmaq istədim və özümü ələ alaraq dedim:

- Bizim ellərdə quraqlıq olur. Çox şey əkirik, bitmir. Hərarətdən yayda çaylarımız quruyur, bitkilərimiz tələf olur, isti əlindən dayanmaq olmur. Ona görə quyular qazırıq, belə... porşenli alətlərimiz var, dartırıq, yerin altından buz kimi su çıxır. Həmin su ilə həm torpağa can veririk, həm də özümüzə nəfəs veririk...

Söhbətin bu yerində otaqdakı pıçıltıların sayı  artdı, hay-küy yarandı. Kimsə anidən şaqq eləyib güldü və mən rəfiqimin pörtmüş sifətini gördüm. Onun halına acıdım, ailəsinin və özünün mənə göstərdiyi ehtiramı xatırladım və həm də Şərq dünyasını necə rəzil etdiyimi dərk etdim. Onda qəflətən yadıma bir əhvalat düşdü və son fürsət kimi onu danışmağa qərar verdim:

- Əziz dostlar, sizə bir hadisəni nağıl etmək istəyirəm. Bizim padşah Avropaya tez-tez elçilər göndərir. Bizimkilər gedirdilər, Avropanı görürdülər və gəlib padşaha xəbər verirdilər. Bir gün Venesiyaya səfər etmiş və cəbr elmini gözəl bilici olan bir elçi şahımıza oradakı fəvvarələrdən söhbət etdi. Onların təmtəraqlı görünüşünü, gözqamaşdıran parlaqlığını, kandarındakı sərinliyi tərif elədi. Padşahımız bu təsviri dinlədi və qəlbinə bir böyük istək düşdü: həmin fəvvarələrdən bizim diyarda da inşa etmək. O, elçiyə göstəriş verdi və ona mühəndislərlə birlikdə sarayın bağında böyük fəvvarə qurmasını tapşırdı. Beləcə, bağda quyu qazıldı, həmən bu porşenli alətlərlə yerindən altında toplanmış güzgü kimi təmiz sular səthə çıxarıldı və füsunkar bir fəvvarə quruldu. Şahımız gəlib, fəvvarəyə tamaşa elədi, könlü bəxtiyar oldu və fəxrlə dedi ki, abidənin bütün Şərqdə təkrarı tapılmaz. Amma şahımız gileyləndi ki, mühəndislərdən daha böyük, daha əzəmətli fəvvarənin inşa edilməsini istəyir.

Mən otaqdakılara nəzər yetirdim. Hamı səsini xırp kəsmiş və diqqətlə məni dinləyirdi. Onların gözlərini maraqla mənə dikmişdilər və əhvalatın davamını gözləyirdilər. Rəfiqim isə daha pərt görünmürdü, həyəcanlıydı, amma o da maraqla nitqimə qulaq kəsilmişdi. Mən bu mənzərədən daha da qeyrətlənib davam etdim:

- Bizim mühəndislər qərar verdilər ki, ikinci fəvvarə  inşa etsinlər və bunun üçün daha dərin quyu qazsınlar. Onlar bir qədər aralıda 20 arşın quyu qazdılar və bol sulu mənbə tapdılar. Amma həmən bu alətlər vasitəsilə suyu çəkməyə nə qədər cəhd eləsələr də, su 16 arşından, yəni təxminən on metr yarımdan yuxarı qalxmadı. Bu halı şaha xəbər verəndə, şahımız mühəndislərin səriştəsizliyinə bərk acıqlandı və qəzəblənərək onların zindana salınmasına əmr verdi. Bu vaxt mən də şahın sarayında idim və baş verənləri müşahidə edirdim. Onda mən izn istəyib, şaha yaxınlaşdım və dedim ki, şah sağ olsun, Allah sizi bizim üstümüzdən əskik eləməsin, görünür, bizim bilmədiyimiz bir səbəb vardır ki, bu su yerin altından 16 arşından hündürə qalxmır. Buyuruq sizindir, amma siz Avropa torpaqlarında gördüyünüz və eşitdiyiniz ixtiraların təkrarını firavan və abadlaşan ölkəmizdə yaratmağın əvəzinə, bizim alimlər, mühəndislər üçün faydalı şəraitlər yaradın, qoyun, bizim əql sahibləri, ustalar özləri təbiət elmlərinin sirlərini öyrənsinlər, özləri ixtiralar eləsinlər və onda sizin hökmdarlığınızın şanı və şöhrəti də dünyaya yayılar. Şah mənim kəlamımı doğru bildi, mühəndisləri əfv elədi və ölkədə elmin inkişafına dair göstəriş verdi. İndi əziz dostlar, siz ki, deyirsiniz təbiət boşluqdan qorxduğuna görə su porşenin arxasınca yuxarı qalxır, mənə elə gəlir ki, siz yanılırsınız. Təbiət 16 arşın hündürlüyündə boşluqdan zaddan qorxub eləmir. Bunu öz təcrübəmdə görmüş birisi kimi əminliklə deyə bilərəm, hərçənd mən sizin bu işin sirrindən agah olduğunuzu güman edirdim.

Bu sözləri deyərkən böyük fəxarət hissi keçirirdim. Şərq elmini layiqincə təmsil etdiyimə, qərblərə bixəbər olduqları bir şeyi söylədiyimə görə qürur duydum. Nitqimi beləcə yekunlaşdırıb, razılıqla camaata tərəf baxdım. Amma onlar məni alqışlamaq əvəzinə gözləri bərəlmiş halda mat-məəttəl üzümə baxırdılar. Bayaq kürsüyə qalxmazdan əvvəl özüm necə tutulmuşdumsa, indi də onlar beləcə heyrətli və karıxmış görünürdülər. Mən təəccübləndim və üzümü rəfiqimə sarı döndərdim. Amma o da eynilə hamı kimi donmuş idi.

Birdən kimsə “Kafir!” deyə bağırdı. Başqa bir səmtdən “Yaramaz!” deyə söz atdılar və bir neçə saniyənin içində camaatın bir hissəsi qışqır-bağırtı salıb, məni hədələməyə başladı.

Mən heyrətlə kütlənin bir hissəsinin mənə ünvanlandırdığı  təhqirləri və hədələri dinləyərək onları mat-mat izlədim. Bu dəm cavan oğlan cəld mənə yaxınlaşıb, dili ağzında dolaşa-dolaşa dedi:

- Müsyö, müsyö! Siz nə dediniz? Siz nə etdiniz?

Mən gözlərimi döyərək qorxmuş halda soruşdum:

- Nə olub? Neylədim mən?

- Müsyö, fəlakət, müsyö! Siz qadağan olunmuş fikri söylədiniz, müsyö!

Mən təəccüblə soruşdum:

- Nə? Nəyi? Mənim heç nədən xəbərim yoxdu!

Cavan oğlan halıma acıyaraq mənə baxdı, sonra üzünü camaata çevirərək onları sakitləşdirməyə çalışdı:

- Dostlar, üzr istəyirəm, dostlar, rəfiqim Şərqdən gəlibdir, kilsənin qadağalarından xəbəri yoxdur. Məsələni böyütməyin!

Lakin rəfiqimə qulaq asan olmadı, kimlərsə “tutun onu” deyə qışqırdı. Bu vaxt otağın qapıları taybatay açıldı və içəri dəbilqəli, metal libaslı, nizəli əsgərlər daxil oldular. Onlar mənə yaxınlaşıb, qoluma girdilər və məni bayıra çıxartdılar. Küçədə Paris əhlinin - qocaların, qadınların, çocuqların heyrətli və ürəkyanğılı baxışlarının müşayiətilə həbsxanaya aparıldım. Xəcalətdən sarsılmışdım.

Həbsxanada məni kimsəsiz otağa saldılar. Oturacaqda oturub, baş verənləri bir-bir düşündüm və harada nəyi səhv etdiyimi xatırlamağa çalışdım. Bir qədər keçmiş vaxt qapı açıldı və rəfiqim içəri girdi.

- Müsyö, üzr istəyirəm, müsyö - o, yalvararaq məndən  əfv istədi.

- Axı, mən nə etdim? Mən nə dedim? - təlaşla soruşdum.

- Müsyö, kilsənin elmə aid qəbul etdiyi bir sıra qadağalar var. Firəngistanda boşluğun mövcudluğunu söyləmək olmaz. Siz isə təbiətin boşluqdan qorxmadığını dilə gətirdiniz, bununla da boşluğun mövcudluğunu iddia etmiş oldunuz.

- Mən, axı, bilmirdim. İndi nə olacaq? Məni nə gözləyir? - həyəcanla soruşdum.

- Fəlakət, müsyö, fəlakət! Sizə mühazirədə söz verməməliydim! - cavan oğlan üzünü əlləri ilə qapayaraq dedi.

- İndi bəs mənim cəzam nə olacaq?

- Üzr istəyirəm, müsyö, çox üzr istəyirəm - o, əllərini üzündən çəkib, bir müddət səssizcə üzümə baxdı və sonra astadan pıçıldadı:

- Ölüm hökmü, müsyö...

(ardı fevralın 11-də)

 





29.01.2013    çap et  çap et