525.Az

Litva “Qazprom”dan imtina edir


 

Litva “Qazprom”dan imtina edir<b style="color:red"></b>

Litvanın qaz idxalı ilə məşğul olan, indiyə qədər qazı Rusiyanın “Qazprom” konsernindən alan dövlətə məxsus “Lietuvos duju tiekimas” şirkəti (LDT) bundan sonra qazı Norveçin “Statoil” şirkətindən alacaq.

LDT-dən verilən məlumata görə, onunla “Statoil” arasında imzalanmış müqaviləyə əsasən LDT Litvanın qaza illik tələbatının yarısından çoxu həcmində, yəni təxminən 300 milyon kubmetr qazı Norveç şirkətindən alacaq.

LDT-nin rəhbəri Mantas Mikalayunas təsdiq edib ki, “Qazprom” tərəfindən təklif edilən qiymətyaranma şərtləri maye təbii qaz (MTQ) alarkən istehlakçılar üçün qiyməti sabit saxlamaq baxımından LDT üçün münasib deyil.

M.Mikalayunas press-relizdə deyib: ”MTQ təklifi artığına və neftin qiyməti düşdüyünə görə müəyyən dövrlərdə MTQ qaz kəməri ilə nəql edilən qazla rəqabət apara bilər. Biz “Qazprom”un təkliflərini və MTQ bazarı iştirakçıları arasında sorğunun nəticələrini təhlil edərək bu qənaətə gəldik ki, illik tələbatın yarıdan çoxunu MTQ terminalı vasitəsilə “Statoil”dan idxal etmək daha münasibdir. Bu müqaviləyə əsasən biz öz təchizat portfelimizi şaxələndirirəcək və müştərilərimiz üçün təbii qazın qiymətlərini sabit saxlaya biləcəyik. “Qazprom”un qiymət siyasəti isə bizim üçün əlverişsiz istiqamətdə dəyişib”.

Hazırda Litvada “Statoil”dan qaz alan yalnız “Litgas” qaz ticarəti şirkətidir. Yaxın gələcəkdə isə Litvadakı ən iri qaz idxalatçısı olan “Achema” gübrə zavodu da Norveç şirkətinin müştərisi olacaq.

Dövlətə məxsus olan “Lietuvos duju tiekimas” şirkətinin (LDT) də daxil olduğu “Lietuvos energija” enerji holdinqinin rəhbəri Daryus Misyunasın sözlərinə görə, LDT şirkəti Norveç şirkətindən ilk maye təbii qaz partiyasını artıq fevralın ortalarında ala biləcək.

D.Misyunas BNS agentliyinə müsahibəsində deyib: “Bizə göndərilən birinci yükün rəmzi məna daşıyan 16 fevral tarixində (Litvanın dövlət müstəqilliyinin bərpa edildiyi gündə) mənzil başına çatacağı ehtimal olunur. Bu yük “Litgas” şirkəti və “Achema” gübrə zavodu üçün nəzərdə tutulan həcmlərlə bərabər çatdırılacaq, MTQ yüklərinin nəql edilməsi qrafiki isə dinamik şəkildə razılaşdırılacaq”.

AzərTAc

 





11.02.2016    çap et  çap et