525.Az

"Minsk konfransı yalnız sülh sazişinin imzalanması üçün çağrılmalıdır"


 

ELÇİN ƏHMƏDOV: "İNDİKİ HALDA NƏ ORTADA SÜLH SAZİŞİ VAR, NƏ DƏ TORPAQLAR GERİ QAYTARILIB"

"Minsk konfransı yalnız sülh sazişinin imzalanması üçün çağrılmalıdır"<b style="color:red"></b>

"Minsk Qrupunun formatının dəyişdirilməsi Azərbaycana heç nə verməyəcək. Çünki bu ATƏT çərçivəsində yaradılan bir qrupdur".

Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov ATƏT-də Minsk konfransının çağrılması məsələsi ilə bağlı danışarkən deyib.

E.Əhmədov xatırladıb ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 1975-ci ildə yaradılıb: "Təşkilat 1995-ci il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılıb. Bu qurum Avropada sülh və təhlükəsizliyin təmin olunması üçün Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın iştirakı ilə yaradılıb. Sovet İttifaqı dağılandan sonra SSRİ və Yuqoslaviya məkanında olan dövlətlər də bu quruma qoşulub. Bununla da ATƏT-in üzvlərinin sayı 56-ya çatıb. Azərbaycan bu quruma 1992-ci ilin yanvar ayında üzv qəbul olunub.
 
O vaxt hələ Dağlıq Qarabağ işğal olunmamışdı. Həmin ilin fevral ayının ortalarında ATƏT regionda vəziyyəti öyrənmək üçün Azərbaycana ilk missiyasını göndərib. Mart ayının əvvəllərində növbəti missiya həyata keçib. Daha sonra martın 24-də ATƏT-in Nazirlər Şurasının iclasında Belarus barışdırıcı mövqe tutaraq tərəflər arasında atəşkəsə dair razılıq əldə olunması, qaçqınların öz yurdlarına qayıtması, regiona humanitar yardım göndərilməsi və sülh sazışinin imzalanması üçün Minsk konfransının çağrılması təklifi ilə çıxış edib.

Yəni, ATƏT-də geniş konfransın çağrılması hələ torpaqlar işğal olunmamışdan əvvəl ortaya atılıb. 1992-ci ilin mayın 1-də Minsk konfransının çağrılması üçün işçi qrup yaradılıb. Bu işçi qrupa 11 dövlət - ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, İsveç, Çexiya, Slovakiya, Belarus, Azərbaycan və Ermənistan daxil edilib. Bu dövlətlər ATƏT-in Minsk Qrupunun üzvləri olublar. Bu qrup Minsk konfransının çağrılması işini sürətləndirmək üçün yaradılıb. Lakin bir həftə sonra - mayın 8-də Şuşa şəhəri işğal olunub. Bundan on gün sonra Laçın rayonu işğal edilib. Beləliklə, bu konfransın çağrılması işi düyünə düşüb".

Siyasi elmlər doktoru qeyd edib ki, Minsk Qrupu yaradılarkən həmsədrlik institutu yox idi:

"Cəmi bir mandat var idi, o da İtaliyanın xarici işlər naziri Mario Rafaelliyə verilib. Azərbaycanla Ermənistan "münaqişə tərəfləri", Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinə isə "maraqlı tərəflər" statusu verilib. Lakin Minsk konfransının keçirilməsi mümkün olmayıb. Çünki Şuşa qalası Ermənistan qoşunları tərəfindən işğal olunmuşdu. O zaman Azərbaycan məsələ qaldırdı ki, konfransın baş tutması üçün Şuşa qalasını Ermənistan geri qaytarmalıdır. Qarşı tərəf isə bunu onların deyil, Dağlıq Qarabağ ermənilərinin etdiyini deyib. Bundan sonra 1992-ci ildə bir neçə dəfə danışıqlar baş tutsa da heç bir nəticə əldə olunmadı. Ona görə də, o vaxtdan bugünə kimi Minsk konfransının çağrılması mümkün olmayıb".

E.Əhmədov hesab edir ki, Minsk konfransı yalnız sülh sazişinin imzalanması üçün çağrılmalıdır.

O bildirib ki, 1994-cü ildə artıq Minsk Qrupu çərçivəsində həmsədrlik institutu yaradılıb:

"Rusiya daimi həmsədr, Finlandiya isə qeyri-daimi həmsədr olub. Finlandiyanın həmsədrlik müddəti başa çatan kimi yerinə İsveç keçib. Bütün bunlar bizim rəyimiz soruşulmadan həyata keçib. Daha sonra biz Almaniyanın həmsədrliyini təklif etsək də, bu qəbul olunmayıb. Çünki ATƏT-in 56 üzvünün hamısı bu qərarı dəstəkləməyib. Ermənistan bu təklifin əleyhinə səs verib. Həmçinin, Rusiya gizli formada olsa da, bu təklifin əleyhinə idi. Yəni, bizim hansısa dövləti həmsədr kimi təyin etmək və ya çıxarmaq hüququmuz yoxdur.

1996-cı ildə ATƏT-in Lissabon sammitindən sonra ikinci həmsədr Fransa olanda, Azərbaycan başa düşdü ki, bu iki həmsədr dövlətin iştirakı ilə münaqişə həll olunmayacaq. Çünki hər iki dövlət ermənipərəst siyasət aparırdı. Ona görə də, biz həm dövlət, həm də ictimaiyyət səviyyəsində Fransanın əleyhinə getdik. Lakin bu zaman da heç bir nəticə əldə edə bilmədik. Daha sonra məcburiyyət qarşısında qalıb, əks palata yaratmaq üçün ABŞ-ın Minsk Qrupunda üçüncü həmsədr kimi iştirakına icazə verdik".

Mərkəz sədri bildirib ki, ATƏT-in Minsk Qrupunda Almaniya, Türkiyə kimi dövlətlərin həmsədr olması və ya ABŞ, Fransa və Rusiyanın dəyişdirilməsi Azərbaycanın iradəsindən kənardır:
 
"Ermənistanın Almaniya və Türkiyənin Minsk Qrupuna həmsədr kimi təyin olunmasının əleyhinədir. Bizim istəyimizin reallaşması üçün ATƏT-ə  üzv dövlətlərin hamısı razılıq verməlidir. ATƏT-də mövcud olan konsensus mexanizmi isə Azərbaycan ədalətli mövqeyinin müdafiə olunmasına imkan vermir. Yəni, hər hansı üzv dövlət təklifin reallaşmasına razılıq vermirsə, o sənəd qüvvəyə minmir. Ona görə də, biz Minsk konfransının çağrılmasını tələb edə bilmərik. Çünki nə ortada sülh sazişi var, nə də torpaqlarımız işğaldan azad edilib".

E.Əhmədov qeyd edib ki, prezident İlham Əliyev gənclərlə keçirdiyi görüşdə bildirdiyi kimi bizim yeganə çıxış yolumuz öz gücümüzə arxalanmaqdır:

"Azərbaycana qarşı tətbiq olunan ikili standartların kökündə beynəlxalq hüququn qeyri-işlək olması faktı dayanır. Dünyada ədalət yoxdur. Beynəlxalq hüquq ancaq güclü dövlətlərin əlində bir alətdir. Bu gün biz beynəlxalq hüququn prinsiplərinin kobudcasına pozulduğunun şahidi oluruq. Böyük dövlətlər kiçik dövlətlərə təsir etmək üçün beynəlxalq hüquqdan alət kimi istifadə edir. BMT nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, Avropa Şurasının prinsipləri beynəlxalq hüququn normalarını özündə ehtiva edir. Bunların da işlək mexanizmləri yoxdur".

Bəzi xarici qüvvələr tərəfindən Azərbaycana qarşı ikili standartların tətbiq olunmasının digər səbəbinin dini ayrı-seçkiliklə bağlı olduğunu deyən siyasi elmlər doktoru söyləyib ki, biz müsəlman olduğumuz üçün dünyanın xristian dövlətlərinin ədalətsiz yanaşmalarının qurbanı oluruq:
 
"Bu da Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxarır. Bu mənada, Prezident qeyd edib ki, biz ancaq güclənməli, öz iradəmizə, xalqımızın gücünə arxalanmalı, iqtisadi və hərbi gücümüzü artırmalıyıq".

E.Əhmədov vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır:

"Bu, BMT nizamnaməsinin 51-ci maddəsidir. Lakin Azərbaycan güclənib, öz hərbi potensialını artırdıqca ATƏT-in Minsk Qrupu qatı ermənipərəst mövqedən çıxış etməyə başlayır. Azərbaycan ordusunun erməni diversiya qruplarının qarşısını alması, düşmən təxribatlarına sərt reaksiya göstərməsi, hərbi helikopter, pilotsuz təyyarələrini məhv etməsi həmsədrləri narahat edir. Onlar Azərbaycanın müharibəyə başlayaraq hərbi yolla torpaqlarını işğaldan azad edəcəyindən ehtiyat edirlər. Ona görə də, mən ATƏT-in Minsk Qrupunun yeritdiyi siyasəti Ermənistanın siyasəti ilə eyni tuturam. Çünki Ermənistan kimi həmsədrlər də münaqişənin dondurulmuş vəziyyətdə qalmasına çalışırlar".

ATƏT-in Minsk Qrupunun yaydığı sonuncu bəyanata toxunan mərkəz sədri həmsədrlərin gülünc mövqe tutduqlarını bildirib.
 
Onun sözlərinə görə, həmsədrlər bütün bəyanatlarında mücərrəd ifadələrdən istifadə edirlər:

"Onlar hər dəfə atəşkəsin pozulması, zorakılığın artmasından narahatlıq keçirdiklərini deyirlər. Bunun qarşısını almaq üçün həmsədrlər Ermənistan Silahlı Qüvvələrinin işğal olunan torpaqlardan çıxmasını tələb etməlidir. Onlar isə qarşılıqlı etimadın əldə olunmasının vacibliyindən danışırlar. Qarşılıqlı etimad necə mövcud ola bilər ki, bizim torpaqlarımız 20 ildən artırdır Ermənistanın işğalı altındadır?  Bu cür şəraitdə qarşılıqlı etimad əldə oluna bilməz.

Eyni zamanda, həmsədrlər hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk formatının alternativi yoxdur. Minsk Qrupu bu günə qədər nə iş görüb ki, onlar bu qənaətə gəliblər? Halbuki, həmsədrlər 20 il ərzində təcavüzkarla təcavüzə məruz qalanı bir-birindən ayıra bilməyib, əslində isə ayırmaq istəməyiblər. Bu cür yanaşma münaqişənin ədalətli yolla həll olunmasına köməklik göstərmir. Birmənalı olaraq, ATƏT-in münaqişələri həlletmə mexanizmi yoxdur".

Siyasi elmlər doktoru hesab edir ki, əgər Azərbaycan Minsk Qrupundan imtina etsə, dünya birliyi bizim əleyhimizə çıxacaq:

"Onsuz da Azərbaycan dövlət səviyyəsində münaqişənin həll olunması istiqamətində danışıqların aparılmasına razılıq verib. Mütəmadi olaraq görüşlər baş tutsa da, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkməyib. İşğalçı ölkə görüntü xatirinə danışıqları davam etdirmək niyyətindədir.

Ermənistan danışıqları imitasiya etməyə çalışır. Minsk Qrupu da atdığı addım, verdiyi qərarlarla Ermənistanın bu siyasətinə dəstək verir. Lakin birmənalı olaraq, Azərbaycanın Minsk Qrupundan imtina etməyi xeyir gətirməyəcək. Bu Ermənistanın əlində bəhanə olacaq və onlar məsələ qaldıracaqlar ki, Azərbaycan sülh danışıqlarından qaçır. Ona görə də, biz Minsk Qrupu ilə əməkdaşlığı formal olaraq qoruyub saxlamalı və eyni zamanda, münaqişənin nizamlanması istiqamətində öz fəaliyyətimizi davam etdirməliyik. Artıq nə Azərbaycan ictimaiyyəti, nə də rəhbərliyində Minsk Qrupuna qarşı inam qalmayıb.

Biz bu münaqişəni yalnız öz gücümüzün hesabına həll edəcəyik. Biz bu tarixi günün yaxınlaşması üçün məqsədyönlü fəaliyyət aparmalı, fərd olaraq əlimizdən gələni əsirgəməməliyik. İxtisasından, peşəsindən asılı olmayarq hər bir Azərbaycan vətəndaşı dövlətimizin apardığı bu işə öz töhfəsini verməlidir".

Ceyhun ABASOV

 





11.02.2016    çap et  çap et