525.Az

Şəhər və rayon mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi


 

Şəhər və rayon mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi<b style="color:red"></b>

Fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində şəhər və rayon mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin nümayəndələrinin, habelə şəhər və rayonların mədəniyyət və turizm idarələrinin (şöbələrinin) müdirlərinin və mədəniyyət mərkəzlərinin direktorları iştirak ediblər.

Müşavirədə "Şəhər və rayon mədəniyyət mərkəzlərinin yaradılması" layihəsi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verilərək geniş müzakirələr aparılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür.
 
Ə.Qarayev qeyd edib ki, Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınmaqla mədəniyyətimizin, xüsusilə zəngin qeyri-maddi mədəni irsimizin qorunması, bərpası və istifadəsində mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə islahatlar davam etdirilir. Nazir deyib:
 
"Son dövrlər dünya səviyyəsində Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği istiqamətində böyük uğurlar əldə olunub. Xalqımızın əsrlərdir yaratdığı mədəniyyət nümunələrinin bir qismi bu gün UNESCO-nun timsalında bəşəriyyətin nadir inciləri sırasında qorunur. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd etmək lazımdır".

Əbülfəs Qarayev vurğulayıb ki, xaricdə aparılan bu uğurlu mədəniyyət siyasətinin davamı kimi ölkə daxilində də bu işlər yüksək səviyyədə həyata keçirilməlidir.
 
Bildirib ki, bu istiqamətdə qeyri-maddi mədəni irsin dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili və klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə "Qeyri-maddi mədəni irsin qorunmasına dair" UNESCO Konvensiyasının tövsiyələrinə əsasən və bu sahədə Avropa Şurasının müvafiq layihələrdən bəhrələnərək hazırlanmış "Şəhər və rayon mədəniyyət mərkəzlərinin yaradılması" layihəsi üzrə klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə prosesi həyata keçirilir.

Qeyd edilib ki, layihə çərçivəsində müəyyən işlər görülüb, mədəniyyət müəssisələri bərpa olunaraq yenidən qurulub, maddi-texniki baza möhkəmləndirilib. Məhz görülmüş işlərin nəticəsidir ki, ötən müddət ərzində 649 mədəniyyət evi və klub təmir olunub.

Bununla yanaşı hələ də təmirə ehtiyacı olan mədəniyyət müəssisələri var. Bu istiqamətdə görülən işlər davam etdiriləcək.

Nazir yerlərdə olan mədəniyyət müəssisələrindən Heydər Əliyev mərkəzlərinin nümunəvi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Regionların mədəni həyat səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən layihələrdən danışan Əbülfəs Qarayev, bu layihələrin böyük əks-səda doğurduğunu qeyd edib.
 
Bildirib ki, "Bölgələrdən paytaxta", "Paytaxtdan bölgələrə", "Xalq yaradıcılığı paytaxtları", həmçinin bölgələrdə keçirilən festivallar və beynəlxalq mədəniyyət layihələr böyük uğurla ölkəmizin mədəniyyətini təbliğ edib.

Nazir, həmçinin regionlarda ixtisaslı kadrların çatışmazlığından da danışaraq nazirliyin vəsaiti hesabına bölgələrdə çalışan kadrların Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində təkmilləşdirmə kurslarından keçiriləcəyini deyib.

Ə.Qarayev mədəniyyət mərkəzləri və klublarda mövcud çətinliklər və pozuntular barədə müvafiq tədbirlərin görüldüyünü bildirib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin sektor müdiri Yaşar Hüseynli "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" strategiyası haqqında geniş məruzə ilə çıxış edib.
 
Məruzədə qeyd olunub ki, yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır. Yekun mərhələdə islahatların Bakı şəhərinin və ərazisi işğal olunmuş rayonların respublikanın müxtəlif bölgələrində yerləşdirilmiş klub müəssisələri üzrə tətbiq olunması planlaşdırılır.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, qeyri-maddi mədəni irsin qorunması, əhalinin asudə vaxtının təşkilində şəhər (rayon) mədəniyyət mərkəzlərinin rolu" və digər mövzularda çıxışlarla davam edib. Həmçinin, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin nümunəvi fəaliyyəti də diqqətə çatdırılıb.

Müşavirəyə yekun vuran Əbülfəs Qarayev qeyd edib ki, dünən əldə etdiyimiz uğurlar artıq tarixə çevrilib. Qarşımızda duran əsas məqsədimiz və amalımız yeni-yeni uğurlar əldə etmək, ölkəmizin mədəniyyətini tanıtmaq və təbliğ etmək işində yorulmadan fəaliyyət göstərməkdir.

Nazir müzakirə olunan bütün məsələlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

 





11.02.2016    çap et  çap et