525.Az

“Sabahın alimləri” V respublika müsabiqəsinin açılış mərasimi keçirildi


 

“Sabahın alimləri” V respublika müsabiqəsinin açılış mərasimi keçirildi<b style="color:red"></b> Bu gün “Sabahın alimləri” V respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə təhsil naziri Mikayıl Cabbarov açıb.
 
O bildirib ki, son illər ərzində Azərbaycan məktəbliləri beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edirlər:

“Bundan başqa, əgər ötən il ölkə daxili olimpiadalarda 22 minə yaxın şagird iştirak edirdisə, bu il həmin rəqəm 27 minə yüksəlib. Beynəlxalq olimpiadalarda da məktəblilərin uğurları artıb. “Sabahın alimləri” müsabiqəsinin bütün qalibləri ali məktəblərə yüksək balla qəbul olublar. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF - İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir”.
 
M. Cabbarov əlavə edib ki, ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi ilə bağlı yeni mexanizmlər hazırlanır.
 
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, bu il Azərbaycan dövləti 25 illik müstəqilliyini qeyd edəcək: “25 yaşlı Azərbaycanı dünyada siz təmsil edəcəksiniz. Mən ümumiyyətlə, təhsil nazirinə təşəkkür edirəm ki, o elmin inkişafına yardım göstərir. Təhsil özündə bu gün gələcəyin alimlərinə diqqət göstərmək bu olduqca böyük zəhmət və məsuliyyət tələb edir. Təhsil Nazirliyi Azərbaycan elminin gələcəyi haqda düşünür”.
 
Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
 
“Sabahın alimləri” müsabiqəsində Azərbaycanın 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin 9-11 sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.
 
“Sabahın alimləri” V respublika müsabiqəsi fevralın 13-dək davam edəcək.
 





11.02.2016    çap et  çap et