525.Az

Arzu Nağıyev: “Moskva müqaviləsinin ləğv edilməsi absurd məsələdir”


 

Arzu Nağıyev: “Moskva müqaviləsinin ləğv edilməsi absurd məsələdir”<b style="color:red"></b> “1921-ci ilin martın 26-da Rusiya Sovet Sosialist Federativ Respublikası və Türkiyə arasında bağlanan Moskva müqaviləsinin ləğv edilməsi absurd məsələdir”.

Bu sözləri siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə ilə arasında yaşanan gərginlikdən istifadə edən Rusiya həmin müqavilənin ləğvi məsələsini gündəmə gətirməyə və Türkiyədən bir sıra ərazilərin alınaraq Ermənistana verilməsinə çalışır:
 
“Bu müqavilənin pozulması Gürcüstan və Azərbaycanın da maraqlarına toxunur. Bizim üçün vacib məsələlərdən biri Naxçıvanın taleyidir. O da məlumdur ki, bu müqavilə Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı olmadan qəbul edilib. Bu müqavilənin dəyişdirilməsi ilə bağlı təklif birinci dəfə səslənmir.

Hətta 1945-ci ildə SSRİ Türkiyəyə ərazi ilə bağlı iddialar irəli sürüb, digər böyük dövlətlərin təsiri ilə 1953-cü ildə onu bu fikirdən daşındırıblar”.

A.Nağıyev bildirib ki, ümumiyyətlə bu müqavilənin ləğvi və ya ona yenidən baxılması, bütün beynəlxalq hüquq normalarına ziddir:

“Birincisi, BMT-nin sərhədləri tanınan dövlətlərlə bağlı qərarları var. İkincisi, ümumiyyətlə RSFSR yox, Rusiya SSRİ-nin varisidir. Müasir Türkiyə isə ancaq 1923-cü ildə yaranıb.

Azərbaycan, Ermənistan və Gürcüstan isə 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olub.Yəni, bu gün nə RSFSR, nə də Osmanlı İmperiyası var.

Eyni zamanda, Rusiyanın birtərəfli olaraq müqaviləni pozmağa hüquqi əsası yoxdur. Hətta əgər Rusiya birtərəfli qaydada müqaviləni  pozursa, o da onun öz işidir. Burada əsas məqamlardan biri odur ki, müqaviləyə əsasən Türkiyə və Rusiya Naxçıvanın və Acarıstanın zaminləri,qarantlarıdırlar.

Moskva bundan imtina edirsə, zənnimcə Türkiyə bundan imtina etməyəcək və bağlanan müqavilənin müddəalarına sadiq qalacaqdır. Bir sözlə, bu məsələ aralarında yaranan gərginlikdən istifadə edən Rusiya tərəfindən Türkiyəyə və ümumiyyətlə regiona edilən siyasi bir təzyiq vasitəsidir.

Məqsəd təbii ki, nüfuz sahibi kimi özünü göstərməkdən başqa bir şey deyil”.

Ceyhun ABASOV
 





11.02.2016    çap et  çap et