525.Az

Könül Həsənqulunun şeirləri


 

Könül Həsənqulunun <b style="color:red">şeirləri</b>

TÜTƏK NƏĞMƏSİ VƏ SIX ZƏMİ

 

    Mən özümdən çıxmaq istərkən

    Yalnız evimdən çıxa bildim, çoban.

     Eynən o məni düşünərkən

     Siqaret qutusundan bir-bir çıxdığı kimi...

 

    Arxamca qapıları çırpdığım zərblə

   Ölçülməz qəzəbim indi...

 

   Kaş ki, çıxarkən al yaylığım kimi

   Başımı da qoparıb asılqana asa bilsəydim...

 

   İndi nə var idi sənin

Uzaqdan gələn tütək səsinə

Burdan nəğmə söyləməyə?..

 

Bütövlüklə özümdəyəm –

Əllərim boş

Biləklərim cızıq-cızıq...

 

Hasarın bu tayında yerə çöküb

sonrama baxıram –

Sıx zəmi

Müqəvvalar...

Zəmidən uzaq səmada

Uçuşurlar qarğalar...

Sünbüllərin qoynunda

Sarı-qəhvəyi buğdalar...

 

Yaşıl dağlar

Qoyun quzu...

Rəngbərəng damlar

Və yol...

Nə yaxşı ki, yollar dünyanın hər yerində var.

Yox!

Hələ kürəyimi ayırmıram

Evimin hasarından...

 

Sən uzaqdan çal tütəyi, qara çoban.

Mən o nəğməni

Eynən zəmini sevdiyim kimi

Elə uzaqdan sevərəm...

 

 

Hz.İsanın müqəddəs ruhuna...

 

DƏMİR ÇARPAYIDA QIZDIRMA

 

 

Sevgili Moskva... və ordakı uşaqlığım – qırmızı çantalı qızcığaz...

 

Qızdırmanın içində otuz üç yaşa kürəyiüstə uzanmışam çarpayıda

Gözlərimi yumub addımlayıram üzü “Voykovskaya” metrosuna

Tavandan özünü asan sapsarı lampa arsızca gözlərimin içinə dolur

Canlandırdığım küçəni sakinlər qarışıq narıncı un tək qovurur

Sonra var gücü ilə üfürür qovurduğu un yığınını göz qapaqlarıma

Hər tərəf sapsarı şüa – bir əzəmətli küçə bir andaca yanıb sovrulur

 

22:16. Otuz doqquz dərəcə qızdırma, 18:30-dan bəri

bu dar otağa gur işıq saçan

kiçik elektrik lampasıyla savaşmaqdayam

 

00:23. Sevgili Moskva... 

Sənə qaçmaqda ayaqlarım kimi gözlərim də acizdir indi

Qızdırma güllə yarası kimi yıxıb məni bu dəmir çarpayıya

Üstəlik də tavandan baxan 150 voltluq elektrik lampa...

 

Səni sayıqlamaq kimi canlandırmaq da var qırx dərəcə qızdırmada:

“Alnımı pəncərəyə yapışdırıb qaranlıq tunelə baxıram metro qatarında

Uşaq gözlərimlə gözləyirəm bu dəqiqələrdə qatarın meşəyə çıxmasını

Meşədən mənə əl eləyən gülərüz Olimpiada Ayısı hələ də ordadırmı?”

 

Qırmızı binalarının üstündə bulud kimi görünən ağappaq qar topaları

Qar adamlarına isti papaq geyindirən yumşaq ürəkli sarışın uşaqların

Ağaclardakı dələlər, yolqırağı meşələrində qaçışan məsud çöl dovşanları

Qovaqlardan, küknarlardan sırğa kimi sallanan sırsıraların da yadımdadı.

 

Anasının təzəcə bəxş etdiyi sevimli çantasını bir andaca yerə atan

Şaxta vurmuş sərçəni qarın üstündən qaldırıb əlcəyinin içinə salan

Onu ağ əllərinin arasında tumarlayan körpə qızcığazın da yadımdadı.

 

Bunları Qafqazda unutmaq çətindir, Moskva!..

Mən o qırmızı çantamı və toxunma əlcəklərimi

Yalnız o kiçik sərçəyə görə sevərək xatırlayıram...

 

Mən burda qırx dərəcə qızdırma içində dəmir çarpayıya düşdüyüm kimi

Orda ağaclarından yerə – qarın içinə şaxta vurmuş sərçələr düşüb itirmi?..

 

İndi bu yüngül ədyalı üstümdən bir ağır dünya kimi qaldırıb sağ tərəfə atır

Ayaqlarım sənin soyuq, ağappaq  qar örtüklü küçələrinə doğru addımlayır...

 

 

ƏKİZ ÇAPIQ

 

Çapıqlarımı

İsanın yaşında  –

Otuz üç yaşımda

Sevməyə başladım.

 

Eyni səmtdə – sol tərəfdə

Sənin də çənəndə

Birini görəndə

Çaşıb-qaldım.

 

Sonra gizlicə

Həmin kafedə

“Şair çapıqsız olmaz” deyə

Sən qulağıma pıçıldadın.

 

O vaxtdan bəri,

qeyri-ixtiyari,

Gördüyüm insanların üzündə

Çapıqlar axtarmağa başladım –

 

Biz ayrılandan bəri

Çapıq-çapıq olub

Gözlərimin iziylə

Bu küləklər şəhəri.

 

Necə də mənasızmış səbəbləri

Bütün estetik əməliyyatların.

 

 





29.01.2013    çap et  çap et