525.Az

Nazir: “Ötən il 22 uşağa sümük iliyi köçürülüb”


 

Nazir: “Ötən il 22 uşağa sümük iliyi köçürülüb”<b style="color:red"></b> “Ölkədə sümük iliyi transplantasiyası əməliyyatları həyata keçirilir. Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb. Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkənin tibb işçiləri Türkiyə, Almaniya kimi ölkələrdə tibbi hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bu gün Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
 
O bildirib ki, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər bu gün də davam etdirilir:

“Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən mərkəzi xəstəxanalarının açılışında ölkə başçısı şəxsən iştirak edib”.
 
Səhiyyə naziri əlavə edib ki, bu yaxınlarda Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışı olacaq.
 
O. Şirəliyev səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini də qeyd edib:

“70-ə yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb”.
 
Nazir onu da qeyd edib ki, yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır:

“Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırılan tibb fəaliyyət növlərinin təşkili işini də xeyli asanlaşdırıb”.
 
Görüşdə səhiyyə nazirliyinin səlahiyyətli nümayəndələri ilə yanaşı, Qazax rayon yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.
 





11.02.2016    çap et  çap et