525.Az

Komitə sədri: “Cürətimiz çatsa, onlardan cavab da tələb edək”


 

Komitə sədri: “Cürətimiz çatsa, onlardan cavab da tələb edək”<b style="color:red"></b>

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin dinlənilməsi ilə başlayıb.

Spiker Oqtay Əsədov qeyd edib ki, ilk dəfə olaraq Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirədə bələdiyyə üzvləri də iştirak edirlər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov hesabat məruzəsində bildirib ki, bələdiyyələrin birləşdirilməsi prosesindən sonra birləşən bələdiyyələrin sayı 1607 olub:

“Həmçinin  qanunsuz torpaq satışı və zəbt edilmiş ərazilərin qarşısının alınması istiqamətində bir sıra tədbirləır həyata keçirilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Üzrə Mərkəzinə vətəndaşlar tərəfindən 2093 müraciət daxil olub.

Onlardan 107-si tam, 20-si isə qismən təmin olunub. Korrupsiya faktı ilə bağlı olan 3 material da daxil olmaqla 65 material araşdırılmaq və hüquqi qiymət verilmək üçün prokurorluq orqanlarına göndərilib.

Bununla yanaşı, bəzi bələdiyyələrdə aşkar olunan müəyyən maddi pozuntuların dərhal aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi ilə bağlı addımlar atılıb. Mərkəz tərəfindən 2007 bələdiyyə aktın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyələrə geri qaytarılıb.

330 bələdiyyə sədri ilə bağlı məhkəmə orqanların müvafiq qərarları olub. 57 protokol isə məhkəmədə baxılmaqdadır.

Protokollarda isə əsasən yerli büdcənin düzgün tərtib edilməməsi, qanunsuz torpaq satışı, torpaqların düzgün şəkildə icarəyə verilməməsi hallarına rast gəlinir”.

"Ölkə Prezidenti bələdiyyələrin fəaliyyətini sərt şəkildə tənqid edib. Bu tənqiddən hamımız bütövlükdə nəticə çıxarmalıyıq".

Bu sözləri MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin illik fəaliyyəti ilə bağlı müzakirələrdə çıxış edərkən deyib.

O, bildirib ki, qanunsuz fəaliyyətin qarşısının alınması üçün peşə biliklərinin artırılması vacibdir:

“Nazirlik bələdiyyələrin öhdəsindən gələ bilmədiyi məsələlərdə onlara kömək etməlidir. Bələdiyyələrin fəaliyyətini qurması üçün onların büdcəsi olmalıdır. Bir çox bələdiyyələr işçilərinə pul verə bilmirlər. Onların DSMF-yə 20-40 min borcu var. Pul da gələn kimi fondun büdcəsinə köçürürlər. 

Bələdiyyələrə dövlət tərəfindən vəsait ayrılmalıdır. Bu qanunvericilikdə də göstərilib. Bələdiyyələrin vergi yığma prosesində iştirak etməsi məsələsi məhduddur. Bələdiyyələrin büdcəsi əsasən küçə reklamı və yayımı üçün ödənişdən, sanatoriya və kurort mərkəzlərindən əldə olunan gəlirlərdən ibarət olmalıdır. Bələdiyyələtin hələ də torpaq xəritəsi yoxdur”.

Komitə sədri əlavə edib ki, parlamentdə milət vəkillləri tərəfindən verilən təkliflərə və iradlara heç bir reaskiya verilmir:

”Özümüz deyib, özümüz eşidirik. Bizim tərəfimizdən Nazirlər Kabinetinə edilən müraciətlər araşdırılır və bizə çatdırılır, amma digər qurumlardan cavab yoxdur.

Ona görə təklif edirəm ki, İclasda səsləndirilən tənqidi qeydlər müvafiq orqanlara göndərilsin. Cürətimiz çatsa, onlardan cavab da tələb edək”.

Spiker isə bələdiyyələri fəaliyyətsizlikdə ittiham edib:

“Necə olur ki, 10 bələdiyyə yaxşı işləyir, amma qalanları işləmir? Başa düşürəm ki, onlara dəstək lazımdır. Amma gərək onların özündə də hərəkət olsun”.

Geniş müzakirələrdən sonra bələdiyyələrlə bağlı hesabat qənaətbəxş sayılıb.

Kamil HƏMZƏOĞLU

 





12.02.2016    çap et  çap et