525.Az

Regionlarda erkən evlilik problemi


 

Regionlarda erkən evlilik problemi<b style="color:red"></b>

Nik NVOLİSA

BAMF-ın proqramlar departamentinin rəhbəri,
“Azərbaycan gənclərinə dəstək proqramı”
layihəsinin əsas koordinatoru

Erkən evlilik Azərbaycanda problem olaraq hələ də qalmaqdadır.  Bu problem daha çox Azərbaycanın ucqar regionlarında özünü göstərməkdə, bir çox halda ictimaiyyətdən xəbərsiz olaraq kəndlərdə müşahidə edilməkdədir.  Təəssüf ki, Azərbaycanda evliliyə təhrik halları yaşanır.  Düzdür, erkən evlilik hallarının, xüsusilə azyaşlı qızların yaşlı kişilərlə ailə qurması hallarıının aradan qaldırılması məqsədilə müəyyən tədbirlər görür.  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1 maddəsinə  əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilib.  Uşaq hüquqlarının pozulma dərəcəsindən asılı olaraq hüquq pozuntusuna yol verilmiş valideynləri sərt cəza tədbirləri gözləyir. Lakin bütün bunlar valideynləri erkən evliliyə təhrikdən çəkindirmir. Belə ki, informasiya azlığı və sosial-iqtisadi problemlər kimi müxtəlif səbəblərdən hələ də valideynləri tərəfindən qızların erkən yaşda ərə verilməsi hallarına rast gəlinir.

2011-ci ildə UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Azərbaycan Gənclərinə Dəstək Proqramı” adlı layihənin icrasına başladı. 7 rayonu (Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Tərtər, Yevlax rayonlarını) əhatə edən layihənin əsas məqsədi  rayonlarda gəncləri narahat edən məsələlərin həll olunmasına töhfə verə bilmək üçün onların bilik və bacarıqlarının artırılması və belə məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olmalarından ibarətdir. Layihənin icrasının ilk mərhələlərindən  BAMF gənclərin regionda üzləşdikləri problemləri qiymətləndirməyə yönəlmiş fəaliyyətlər həyata keçirmişdir.  BAMF-ın UNİCEF-lə  birgə hazırladığı “Sağlam həyat tərzi” adlı dərslik əsasında layihəyə cəlb olunan könüllü gənclərə və yeniyetmələrə təlimlər keçilib. Təlim komponentlərindən biri də erkən evlilik olmuşdur.

Layihənin ilkin mərhələsində prosesə cəlb olunan gənclər dəfələrlə vurğulayıblar ki,  regionda həmin risk qrupuna daxil olan qızların üzləşdiyi əsas problem valideynlərinə “yox” deyə bilmək seçimlərinin olmamasıdır. Erkən evlilik hallarının bəzilərində qızların bu cür izdivacların nəticələrindən məlumatsız olmaları da əsas səbəblərdən biridir. Layihə çərçivəsində yuxarıda adları çəkilən rayonlarda könüllü yeniyetmə və gənclərdən yaradılmış Təbliğat Qruplarının üzvləri tərəfindən gənclər arasında aparılan sorğular zamanı bütün bunlar bir daha təsdiq olundu. Dəyərləndirmənin nəticələri göstərdi ki, erkən evliliklə bağlı problem bütün rayonlarda qeyd olunsa da, əsasən Ağdam, Ağcabədi, Tərtər, Beyləqan və Goranboy rayonlarında özünü daha qabarıq göstərməkdədir. Layihənin icrası prosesində gənclər arasında həlli vacib olan digər problemlərlə yanaşı, erkən evliliklə bağlı valideynlər və qızlar arasında müxtəlif fəaliyyətlər çərçivəsində maarifləndirmə və təbliğat işlərinin aparılması, erkən evliliyin ağır nəticələri barədə KİV-in imkanlarından, xüsusilə sosial mediadan istifadə olunması layihə heyətinin prioritet vəzifələrindən birinə çevrildi.

Layihənin icrasına cəlb edilən gənclər və yeniyetmələrlə birgə regionda apardığımız araşdırmalardan aydın olub ki, yuxarı siniflərə çatan zaman bir sıra hallarda valideynlər qızlarını məktəbdən uzaqlaşdırır, onları öz yeniyetməlik dövründən ayırır, gələcək arzularını, istəklərini nəzərə almadan övladlarını erkən evliliyə vadar edir. Belə gənclər təcrid olunmuş həyat yaşayır, həmyaşıdlarından uzaq düşür və erkən ailə qayğıları ilə yüklənirlər.

UNİCEF və BAMF tərəfindən təşkil edilmiş bir sıra təlimlər sayəsində erkən evliliyin pis nəticələri barədə gənclər çox şey öyrəniblər. Gənclər erkən evliliyə daxil olan qızların əksəriyyətinin həyatlarının uğurlu olmadığı barədə yaxşıca məlumatlandırıldılar.  Orta məktəbi erkən tərk etmələri, həyatlarının qalan hissəsini təhsilsiz yaşamaları və gənc yaşda ailə qayğısına qalmaq məsuliyyətinə vadar edilmələri ilə yanaşı, həmin qızlar məişət zorakılığına məruz qalır və ən pis halda insan alveri qurbanına çevrilirlər. Bundan  başqa, erkən evliliyə girmiş qızların doğuşla bağlı sağlamlıq problemləri yaşaması ehtimalı çox yüksəkdir.

Layihə çərçivəsində erkən evlilik və gəncləri narahat edən digər məsələlərin həlli istiqamətində görülmüş tədbirlər sırasında, gənclərin özlərinin apardığı qiymətləndirməyə görə erkən evlilik probleminin üstünlük təşkil etdiyi 2 rayonda – Tərtər və Ağcabədi rayonlarında – layihə rayonlarının könüllü gəncləri və rayon rəsmilərinin iştirakı ilə  regional görüşlərin keçirilməsini də qeyd etmək olar.

Görüşlər nəticəsində gənclər qarşılaşdıqları problemlərlə bağlı narahatlıqlarını bu problemlərin aradan qaldırılmasına cavabdeh olan dövlət məmurlarına, din xadimlərinə, yerli icra strukturları rəhbərlərinə ünvanlamaq imkanı əldə etdilər. Xüsusilə görüş iştirakçılarından  Ağcabədi məktəblərindən birində müəllim olan bir gənc,  gənclərin narkotikdən istifadəsi və  işsizlik məsələləri ilə müqayisədə erkən evliliyin cılız məsələ olduğunu qeyd edən  dini rəhbərlərlə razılaşmadı.  Hətta bir qızın belə erkən evliliyi artıq problemin olduğundan xəbər verir.

Layihənin icrasına könüllü cəlb edilən və Təbliğat Qruplarında birləşən gənclər keçirilən təlimlər zamanı qazanılmış biliklər sayəsində regionda erkən evliliyə təhrik edilən qızlara istiqamətlənmiş kiçik layihələr həyata keçiriblər. Diqqətəlayiq haldır ki, həmyaşıd maarifləndirməsinə əsaslanan bu layihələr erkən evliliyin nəticələri barədə məlumatsız olan bəzi qızların, onları erkən evliliyə təhrik edən valideynlərin və  cəmiyyətin digər yaşlı nümayəndələrinin fikir dəyişikliyinə müsbət təsir göstərib. Həmyaşıd maarifləndirməsinin müsbət nəticəsi kimi Goranboy rayonundan bir misal göstərmək olar. UNİCEF-in dəstəyi ilə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində rayonun Səfikürd kəndində “Erkən evlilik və onun mənfi təsirləri” mövzusunda tədbir keçirildi. Tədbirdə gənclər və yeniyetmələrlə yanaşı müəllimlər və valideynlər də iştirak edirdi. İştirakçılar arasında 9-cu sinifdən sonra təhsilini davam etdirməyən və ailə qurmağa hazırlaşan 16 yaşlı bir qızla (adını yazmırıq – N.N.) anası da varmış. Tədbirin ertəsi günü  qızın anası Goranboy Təbliğat Qrupunun üzvlərinə yaxınlaşıb bildirib ki, erkən evliliyin mənfi nəticələrinə həsr olunmuş görüş ona çox böyük təsir göstərib və qızını ərə vermək fikrindən daşındırıb. Ana onu da bildirib ki, o, qızının təhsilini  davam etdirməsi üçün də ona dəstək olacaq.

Qeyd edək ki, regionda erkən evliliyin qarşısının alınması ilə bağlı bu fakt yeganə deyildir. Layihə heyəti belə nəticəyə gəlib ki, erkən evlilik hallarının aradan qaldırılması istiqamətində ən əsas vasitə maarifləndirmədir.

Layihənin icrası davam edir və regionda erkən evliliklə bağlı mübarizə aparılması işçi heyətin qarşısında prioritet vəzifə olaraq qalmaqdadır.

 





29.01.2013    çap et  çap et