525.Az

Xeyirxahlıq fədaisi


 

Xeyirxahlıq fədaisi<b style="color:red"></b>

Yəhya PAŞAZADƏ

Cəmiyyətimizdə yaxşılıq etməyi sevən, xeyirxahlığı yüksək mənəvi borc hesab edən insanlar çoxdur. Onlar öz əməllərindən zövq alır, qürur duyur, başqalarına yardım etdikləri üçün məmnunluq hissi keçirirlər. Belə xeyirxah soydaşlarımızdan biri də Kərbəlayi Zülfü Rüstəmovdur. 1950-ci ildə Qarabağın dilbər guşələrindən sayılan Ağcabədidə dindar, zəhmətkeş bir şəxs kimi tanınan Cəmil kişinin ailəsində dünyaya göz açan Z.Rüstəmov mənalı həyat yolu keçib. O, keçmiş sovet ordusu sıralarında hərbi xidməti başa vurduqdan sonra Bakı plan-uçot texnikumunu bitirib, mühasib ixtisasına yiyələnib. Bacarıqlı mütəxəssis uzun illər adıçəkilən bölgənin bir sıra tikinti təşkilatlarında, idarə və müəssisələrində  iqtisadçı, mühasib, baş mühasib vəzifələrində çalışıb. Bir vaxtlar bölgə ərazisində geniş yaşayış massivlərinin və inzibati binaların tikilib istifadəyə verilməsində onun da əməyi az olmayıb. Müstəqillik illərində Z.Rüstəmov öz ixtisası üzrə özəl qurumlarda fəaliyyət göstərib. Hazırda bu işi uğurla davam etdirir. O, hansı dövrdə, harada işləməsindən asılı olmayaraq kollektiv üzvlərinin sevimlisinə çevrilib, həmişə sayılıb-seçilib.

Bölgə əhalisi arasında böyük hörmət və nüfuz qazanan Zülfü kişi rayonda xeyirxah əməllər sahibi kimi də yaxşı tanınır. O, hələ gənc yaşlarından imkansızlara, kimsəsizlərə əl tutub, köməklik göstərib. Çətinliyə, dara düşənlər, tələbələr, köçkünlər onun xeyirxahlığından yetərincə bəhrəniblər. Himayəyə götürdüyü bir çox imkansız şəxslər ondan daim razılıq edirlər. Xeyirxahlığı Allah rizasına, ürəyinin istəyi ilə həyata keçirdiyini vurğulayan bu alicənab insan həmin keyfiyyətlərin ona ulu babalarından və atasından miras qaldığını deyir. Zülfü Rüstəmov həm də qayğıkeş və tələbkar ailə başçısıdır. O, həyat yoldaşı Zəhra xanımla birgə böyüdüb boya-başa çatdırdığı 7 övladına gözəl tərbiyə və təhsil verib, hamısını ev-eşik sahibi edib. Bu gün onun övladları çalışdıqları sahələrdə yaxşı işləri ilə atalarının adını layiqincə doğururlar. Xaraktercə mehriban, sadə və təmiz qəlbli insan olan Zülfü kişi xalqımıza məxsus məziyyətləri özündə birləşdirərək əsl el ağsaqqalı kimi camaatın rəğbətini və məhəbbətini qazanıb. O, tez-tez bölgədə təşkil olunan xeyir və şər məclislərində, ictimai tədbirlərdə yaxından iştirak edir, öz dəyərli məsləhət və tövsiyələrini yeniyetmələrdən və gənclərdən əsirgəmir. Məşhəd və Kərbəla ziyarətlərinə gedən Z.Rüstəmov müntəzəm olaraq rayonda dini mərasimlərin və ayinlərin icrasına qatılır, şəriət məsələlərinin düzgün təbliği üçün bütün bilik və bacarığını sərf edir. Təsadüfi deyildir ki, onun həyat yoldaşı Zəhra xanım Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Zülfü Rüstəmov uşaqlıq çağlarından şeir yaradıcılığı ilə də məşğuldur. Onun bir çox şeiri mətbuatda dərc edilib. Kərbəlayi bu yaxınlarda əsərlərini kitab şəklində nəşr etdirmək fikrindədir. El ağsaqqalı son illər respublikamızın hər yerində həyata keçirilən möhtəşəm abadlıq və quruculuq işlərindən fərəhləndiyini bildirir. Özünün dediyi kimi, xeyirxahlar xeyirxahı ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan siyasət nəticəsində respublikamızın inkişaf edərək qabaqcıl dövlətlər sırasına çıxması, adamların firavan həyatının təmin olunması, dolanışıqlarının gündən-günə yaxşılaşması onu da hamı kimi çox sevindirir, daim yaşamağa və fəaliyyət göstərməyə ruhlandırır.

 





29.01.2013    çap et  çap et