525.Az

Qlobal iqtisadiyyat – 2016: nikbin və bədbin ssenarilər


 

Qlobal iqtisadiyyat – 2016: <b style="color:red">nikbin və bədbin ssenarilər</b>

Adətən ekspertlər geosiyasi trendlərlə bağlı proqnozlar verməyi sevirlər. Lakin bunun fonunda iqtisadi sistemin transformasiyasının da ciddi əhəmiyyət daşıdığını vurğulayırlar. Bu il dünya miqyasında iqtisadi sahədə hansı proseslərin gözlənildiyi barədə analizlər bu kontekstdə çox maraqlıdır.

Mütəxəssislər böyük iqtisadi gücə malik dövlətlərin fərqli mənzərələrlə üzləşə biləcəyini təxmin edirlər. Onlar bir qrup ölkənin inkişafının zəifləyəcəyi, digərlərinin isə müsbət nəticələr əldə edəcəyindən, BRİKS-ə daxil olanların uduzanlar sırasında olacağından yazırlar. Buna rəğmən, ABŞ, Hindistan və İranın inkişaf üçün şanslarının az olmadığını deyirlər. Bu bölgünün şərti olduğunu vurğulayan ekspertlər əsas məsələnin dünya üzrə ümumi iqtisadi trenddən ibarət olduğunu qeyd edirlər. Həmin aspektdə həqiqətən olduqca maraqlı və düşündürücü məqamları seçmək olar. Onların prizmasından indi müşahidə olunan qlobal iqtisadi və maliyyə proseslərinin mahiyyətini daha yaxşı anlamaq mümkündür.

İki qrup: udanlar və uduzanlar

Ekspertlər dünya iqtisadi sistemi üçün 2016-cı ilin asan il olmayacağını proqnozlaşdırırlar. Bir tərəfdən xammalların qiyməti aşağı olaraq qalacaq, digər tərəfdən isə qlobal ticarətin həcmi cüzi artacaq. Ancaq maraqlıdır ki, bu neqativ tendensiyanın dünyanın bütün ölkələrinin uduzan tərəf olacağı anlamına gəlmədiyini də vurğulayırlar. Konkret desək, mütəxəssislər qlobal miqyasda iqtisadi balansın yeni dinamika alacağı tezisini irəli sürürlər.

Bu halda, avtomatik olaraq, böyük iqtisadiyyatlara malik olan ölkələrdən hansılarının daha perspektivli olması məsələsi aktuallaşır. Bununla bağlı da konkret proqnozlar verilir. Belə hesab edilir ki, Rusiya, Braziliya və Çin uduzan tərəf, ABŞ, İran və Argentina isə qazanan tərəf olacaq (bax: məs., Петр Орехин. Россия среди проигравших / "Газета.Ру", 4 yanvar 2016).

Əvvəlcə onu qeyd edək ki, bu, mütləq deyil, lakin qlobal miqyasda özünü göstərə biləcək tendensiyalardan birinə uyğun gələ bilər. Çünki adı çəkilən dövlətlər dünya miqyasında iqtisadi potensialının böyük olduğu qəbul edilənlərdir. Təbii ki, burada Avropa dövlətlərinin, Türkiyənin, Hindistanın və Yaponiyanın nəzərə alınmaması da qüsurdur. Bununla yanaşı, böyük iqtisadiyyata malik ölkələrin 2016-cı ildəki rəqabət gücü və kimlərin daha çox uğur qazana biləcəyi aspektində maraqlı müqayisədir.

Ekspertlər neftin qiymətinin aşağı düşməsinin daha çox Rusiya iqtisadiyyatına zərər verəcəyini təxmin edirlər. Artıq bunun əlaməti özünü göstərməkdədir. Rəsmi Moskva "bütün variantlara hazır olmağı" məsləhət bilir. İqtisadçı Vladislav İnozemtsev hesab edir ki, Kreml bir neçə il bundan əvvəl yaranmış əlverişli fürsətdən iqtisadiyyatı diversifikasiya etmək və texnologiyaları inkişaf etdirmək üçün istifadə edə bilmədi. Nəticədə, Rusiyanın 2016-cı ildə vəziyyəti kardinal dəyişmək şansının olmadığını demək mümkündür.

Tanınmış iqtisadçının bu fikrini "Sberbank"ın sədri German Qref "Qaydar Forumu"nda təsdiq edib. O, Rusiyanın dünya iqtisadiyyatında rəqabəti uduzduğunu və bunun bir sıra səbəblərinin olduğunu açıq bildirib (bax: Герман Греф назвал Россию страной-дауншифтером / "Rusnovosti.ru", 15 yanvar 2016).

Rusiyanın İqtisadı İnkişaf Nazirliyinin proqnozları da 2016-cı ildə ölkədə sosial-iqtisadi durumun ürəkaçan olmayacağını göstərir. Belə ki, bu il RF-nin Ümumi Daxili Məhsulu 0,8% azalmalı, ilin sonuna yaxın inflyasiyanın səviyyəsi 8,5% olmalıdır (bax: Андрей Полунин. Россию накроет волна бедности / "СвободнаяПресса", 16 yanvar 2016). Bu proqnozlar, təbii ki, Rusiyanın iqtisadi perspektivlərinin yüksək olmadığını və qlobal iqtisadiyyatda onun rolunun azala biləcəyini ifadə edir.

Ekspertlər Braziliya üçün də çətin zamanların gəldiyini vurğulayırlar. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2016-cı ildə bu ölkədə ÜDM 2,5% azalacaq. İşsizlərin sayının artması gözlənilir. Kreditləşmədə, inşaat sektorunda mürəkkəb vəziyyət yaranıb. Braziliyanın neft nəhəngi "Petrobras"da korrupsiya qalmaqalı isə sərmayə qoyuluşuna ciddi zərbələr vurub (bax: Петр Орехин. Россия среди проигравших / "Газета.Ру", 4 yanvar 2016).

Çin iqtisadiyyatı isə formal olaraq böhran vəziyyətində deyil. Bu il ÜDM 6,8% artmalıdır. Ancaq bu, 1990-cı ildən bu yana ən aşağı göstəricidir. Ölkənin xarici ticarət dövriyyəsi azalır. Dövlət sektorunda kifayət qədər borc yığılıb. Maliyyə və daşınmaz əmlak bazarlarında süni "sabun köpükləri" meydana gəlib. Sənayenin inkişafında problemlər vardır. "Citigroup"un baş iqtisadçısı Villem Buter hesab edir ki, Çin iqtisadiyyatı "dövri sərt düşüşlər" mərhələsinə keçib və bu, bir müddət davam edəcək. Bütövlükdə iqtisadiyyat ixracat strategiyasından daxili tələbatı ödəmək kursuna keçməkdədir ki, həmin proses də ciddi çətinliklərlə müşayiət olunur. O cümlədən qlobal iqtisadiyyata mənfi təsirlər artır (bax: əvvəlki mənbəyə).

Orta sinfin qeybi: yeni iqtisadi reallığın bir əlaməti

Bununla BRİKS-ə daxil olan üç ölkənin 2016-cı ildə iqtisadi tənəzzülü proqnozlaşdırılır. Lakin həmin qrupda yer alan Hindistan iqtisadiyyatında müsbət dəyişiklərin olacağı təxmin edilir. Belə ki, onun ÜDM-i 7%-dən çox olmalıdır ki, bu da dünyada birinci göstəricidir. Ancaq "JP Morgan"ın strateqi Endrü Mouetin qənaətinə görə, Hindistanın Mərkəzi Bankının yeritdiyi pul siyasəti onun dünya liderinə çevrilməsinə əngəl törədir (bax: əvvəlki mənbəyə).

Hindistanla yanaşı, ekspertlər İran və Argentinanın da 2016-cı ildə iqtisadi inkişafa nail olmaq şansının olduğunu vurğulayırlar. İran ÜDM-i bu il 4-5,5% arta bilər. Sanksiyaların aradan qaldırılması onun iqtisadi imkanlarını xeyli genişləndirəcək. Argentina isə iqtisadi sistemində liberallaşmaya üstünlük versə, daxildə bəzi islahatlar həyata keçirsə və ABŞ-ın dəstəyini ala bilsə 2016-cı ildə müsbət nəticələr əldə edə biləcəkdir.

Nəhayət, ABŞ iqtisadiyyatında pozitiv proseslərin sürətlənməsi gözlənilir. Ölkənin ÜDM-i 2,5% artmalıdır ki, bu da yüksək inkişaf etmiş dövlətlər sırasında ən yaxşı göstəricidir. İşsizlik faizi aşağı düşməlidir. Dollar digər dünya valyutalarına nisbətən daha da güclənməlidir. İqtisadiyyatda yüksəliş davam etməlidir. Panama kanalının üçüncü xəttinin istifadəyə verilməsi xarici ticarət üçün yeni imkanlar açacaqdır. Amerika 2016-cı ilə Transatlantik əməkdaşlığı gücləndirmək fikrindədir ki, bu da müsbət yeniliklərə səbəb ola bilər.

Neft ixracatına qoyulan qadağanın aradan qaldırılması isə büdcəyə əlavə gəlirlərin daxil olmasını şərtləndirəcək. ABŞ konqresmenləri bu hadisəyə böyük önəm verirlər. Onlar Rusiya, İran və Səudiyyə Ərəbistanını dünya enerji bazarında sıxışdıra biləcəklərini deyirlər (bax: "Мы вытесним российскую, иранскую и саудовскую нефть" проигравших / "Газета.Ру", 16 dekabr 2015).

Belə çıxır ki, 2016-cı ildə qlobal iqtisadi rəqabət daha da güclənə bilər. Bir daha vurğulamaq yerinə düşərdi ki, vəziyyət heç də yuxarıda adları çəkilən dövlətlərdən asılı deyil. Seçim şərtidir. Lakin dünya miqyasında iqtisadi trendlərin məzmunu baxımından əhəmiyyətli müqayisələrdir. Burada digər dövlətlərin də ciddi rəqabətə hazırlaşdığını nəzərə alsaq, daha mürəkkəb mənzərə formalaşmış olar. Həmin aspektdə mütəxəssislərin vurğuladığı bir məqamı da xatırlamaq yerinə düşərdi.

Hesab edilir ki, 2016-cı ildə dünya miqyasında orta sinfin zəifləməsi tendensiyası davam edəcək. Bu o deməkdir ki, həmin təbəqədən bir qisim daha varlı təbəqəyə, digəri isə kasıblar tərəfə keçməli olacaq. Bu prosesi bəzi ekspertlər "orta sinif dövrünün sonu" kimi qiymətləndirir (bax: məs., Петр Орехин. Россия среди проигравших / "Газета.Ру", 4 yanvar 2016). Doğrudur, planetdə zəngin insanların sayı artır, lakin müasir cəmiyyətlərin dayağı sayılan orta sinfin zəifləməsi yeni iqtisadi reallıq əlaməti kimi müəyyən çətinliklər yarada bilər. Statistik məlumata görə, hazırda dünyada 2,4 milyard adam gündə 2 ABŞ dollarından çox xərcləyə bilmir. Bu, yaxşı göstərici sayılmır (bax: əvvəlki mənbəyə). Ekspertlər onun sosial-siyasi və mənəvi təsirlərindən ehtiyat edirlər.

Bunların fonunda daha bir məqamı da vurğulamaq gərəkdir. Müstəqilliyini əldə etmiş ölkələrdə milli valyutaların devalvasiyası və inflyasiyanın güclənməsi gözlənilən bir hadisə kimi qəbul olunmalıdır. Dünyanın ən böyük iqtisadi gücləri və cəmiyyətləri belə çətinliklərlə qarşı-qarşıyadırlarsa, başqaları bundan necə sığortalana bilərlər? Əksinə, bütün mürəkkəbliklərə və qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycanda iqtisadi vəziyyətin nəzarətdə saxlanması ciddi şansdan xəbər verir. Ölkə rəhbərliyinin islahatlar planını həyata keçirməyə başlaması isə yeni uğurlu mərhələnin başlanğıcı ola bilər. Bütün hallarda cəmiyyətin baş verən proseslərə təmkinli və səbirli yanaşmasında fayda vardır. Azərbaycan 2016-cı ildə "daunşifterlər" ("öznəqapanmış", inkişaf tempi minimuma enmiş) yox, uğurlu ölkələr sırasında olacaq. Buna qətiyyən şübhə etmirik.

Newtimes.az

 





18.02.2016    çap et  çap et