525.Az

“Milli Mətbuat Muzeyi ictimai taleyimizi əks etdirən məktəb rolunu oynayacaq” (Müsahibə)


 

“Milli Mətbuat Muzeyi ictimai taleyimizi əks etdirən məktəb rolunu oynayacaq” <b style="color:red">(Müsahibə)</b>

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanvarın 16-da keçirilən iclasında qəbul olunan qərarına əsasən Milli Mətbuat Muzeyi yaradılıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə Milli Mətbuat Muzeyinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi binada yaradılması qərara alınıb.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyev Mətbuat Muzeyinin yaradılması ilə bağlı fikirlərini bizimlə bölüşüb. 

–  Şamil müəllim, Siz Azərbaycan mətbuat tarixinin tanınmış tədqiqatçısısınız.  Bildiyiniz kimi dünyanın bir sıra ölkələrində Mətbuat Muzeyləri, jurnalistika muzeyləri fəaliyyət göstərir. Azərbaycan mətbuat tarixini araşdıran bir şəxs kimi Milli Mətbuat Muzeyinin yaradılmasına sizin münasibətinizi öyrənmək maraqlıdır.

–  Düzü, hesab edirəm ki, belə bir muzeyin yaradılmasına çoxdan ehtiyac vardı. Amma atalar yaxşı deyib “Gec olsun, güc olsun”. Ümid edirəm ki, bu muzey də Azərbaycan mətbuatında öz gücü ilə çox şeylər edə biləcək.

Onu da qeyd edim ki, mən Bakıda ilk iş fəaliyyətimə muzey işçisi olaraq başlamışam. Bir müddət Səməd Vurğunun ev muzeyində çalışmışam. Bu səbəbdən həm də muzey işi ilə maraqlanan biri kimi hesab edirəm ki, mətbuat tarixi ilə bağlı müxtəlif fakt, hadisə və sənədlərin təbliği ilə məşğul olan bu muzey həm də  ictimai fikir institutunun formalaşması, inkişafı baxımından çox mühüm işlər görəcək. Azərbaycan mətbuat tarixi kifayət qədər maraqlı, indi də nələrsə öyrənə biləcəyimiz, zəngin inkişaf tarixi keçib. Bu mətbuat muzeyində də print medianın keçdiyi inkişaf mərhələləri, bu işdə əməyi olan mətbuat nümayəndələrinin fəaliyyəti, mətbuatın tarixi problemləri və s. sahələrdə materiallar öz əksini tapacaq.

– Yəni sizcə, işıqlı gələcəyi keçmişdə axtarmalıyıq?

– Hər nə qədər pafoslu səslənsə də, bu, danılmaz gerçəklikdir. “Tarix – təcrübə meydanıdır”. Düzdür, bütün həyatımızı keçmişə nəzərən planlaşdıra bilmərik, indiki zamanla da ayaqlaşmaq lazımdır, amma keçmişdən, tarixi təcrübələrdən öyrənəcəyimiz çox şeylər var. Bu fikirlər xüsusilə mətbuat tariximizə aiddir. Azərbaycan mətbuatı bugünkü dördüncü hakimiyyət statusunu qazanana qədər çoxmərhələli inkişaf tarixi keçmişdir. Bu tarix isə “Peşəkar jurnalist necə olmalıdır?” “Peşəkarlığa gedən yol haradan keçir?” və .s. bu  kimi suallara cavab tapmaqda bugünkü jurnalistikamıza, jurnalistlərimizə yol göstərəcək gücə malikdir. Sualınıza daha konkret cavab verəməyimi istəsəniz, onu deyərdim ki, işıqlı gələcək keçmiş və indiki zamanın vəhdətindədir.

– Mətbuat tariximizdə müəyyən dövrlərdə məlum səbəblərdən ləngimələr olsa da, bu gün Azərbaycan jurnalistikası inkişaf edir, günbəgün yeni mətbu orqanlar yaranır. Bəs Şamil müəllim jurnalistikamızın hansı mərhələsini inkişaf tarixinin zirvəsi hesab edir? Sizə görə belə bir konkret dövr varmı?

– Mən jurnalistikanın inkişafını ürəyin koordioqrammasının fəaliyyətinə bənzədirəm. Bu fikri bir neçə dəfə də vurğulamışam. Elə ki cəmiyyət inkişaf edir, onda jurnalistika da yüksələn xətlə zirvəyə doğru  istiqamət alır. Amma elə ki cəmiyyətdə müəyyən durğunluq özünü göstərir, o zaman bu hal jurnalistikaya da təsir edir. Ona görə birmənalı şəkildə deyə bilmərəm ki, məhz bu dövrdə jurnalistika daha yaxşı inkişaf edib, amma jurnalistikanın sürətli inkişaf dövründən danışırıqsa,  məncə bu, əsasən müstəqillikdən sonrakı dövrləri əhatə edir.

– Bəs necə hesab edirsiz, bu yeni muzeydə daha çox nəyin, nələrin təbliğinə geniş yer ayrılmalıdır?

– Bu muzey yalnız fakt, hadisə və sənədlərdən ibarət bir eksponat toplusu olmamalıdır. Burada mətbuatın inkişaf tarixinə təkan verən, mətbuat tarixinə yeni fikir gətirən hər bir mətbu orqanın, onların yaradıcılarının fəaliyyəti geniş işıqlandırılmalıdır. Ümumiyyətlə, mən belə hesab edirəm ki, əgər təyyarə hər hansısa bir nöqtədən digər nöqtəyə getmək üçün öz koordinatını dağ zirvələrinə nəzərən qurursa, cəmiyyətin inkişafı da ayrı-ayrı şəxsiyyətlərin yaratdıqları zirvələrə əsasən müəyyənləşdirilir. Mətbuat Muzeyində isə hər birimizin örnək götürməli olduğumuz bu zirvələrin fəaliyyətinin təbliğinə geniş yer ayrılmalıdır.

Biz bu yeni müəssisəyə yalnız adi muzey kimi yanaşmamalıyıq. Çünki bu muzey eyni zamanda ictimai taleyimizi əks etdirən məktəb rolunu oynayacaq. Mətbuat muzeyi adlanan bu müəssisə tarix, mədəniyyət, ədəbiyyat muzeylərinin məzmununu, fəaliyyətini özündə əks etdirəcək. Eyni zamanda hesab edirəm ki,  ümummilli dəyərlərimizin ifadəsi baxımından da bu muzey əhəmiyyətli olacaq, yaddaşsızlıq sindromuna qarşı bir növ antivirus əhəmiyyəti daşıyacaq.

–Cəmiyyətin inkişafında şəxsiyyətlərin rolundan danışdınız. Bəs sizin üçün mətbuat sahəsində elə bir ideal şəxs varmı ki, bu muzeydə də onun fəaliyyətinin, fikrlərinin daha çox qabardılmalı, işıqlandırılmalı olduğunu hesab edəsiniz?

– Mən belə deyərdim, mətbuatın cəmiyyət üçün əhəmiyyətini dərk edən və bütün fəaliyyəti boyu jurnalistikanın məlum kanonlarına əməl edərək insana, onun maraqlarına xidmət edən mütəfəkkirlərin, onların yaratdıqları mətbuat orqanlarının fəaliyyətinə yer ayrılmalıdır. Belə şəxslərin sayı isə mənə görə bir, iki deyil. Bura H. Zərdabidən tutmuş müasir media kapitanlarına qədər yüzlərlə şəxsin adını aid edə bilərik.

– Və sonda  muzeyi ziyarət etmək istəyənlərə ürək sözləriniz.

– Bayaq da qeyd etdiyim kimi tarixdə cəmiyyətə yol göstərənlər, öndərlər elə də çox olmur. Belə bir layihəni irəli sürən, onun həyata keçirilməsi üçün çalışan şəxslər isə bu fəaliyyətləri ilə tarixdə yaşamağa haqq qazanan şəxslərdir. Layihənin təşəbbüskarı, dəyərli ziyalılarımızdan olan professor Kamal Abdullayevə isə bir mətbuat nümayəndəsi kimi xüsusi təşəkkürümü bildirirəm. Kamal müəllimin Azərbaycan ədəbiyyatı üçün gördüyü işlər hamımıza məlumdur. Bu təşəbbüsü ilə isə o həm də “mətbuat mühafizəçisi” olduğunu sübut etdi. Hesab edirəm ki, Azərbaycan mətbuatı ilə az-çox maraqlanan hər kəs jurnalistikamız barədə daha geniş, hərtərəfli məlumata sahib olmaq üçün bu muzeyi mütləq ziyarət etməlidir.

– Dəyərli fikirlərinizə görə çox sağ olun. Müsahibə təklifimizi qəbul edib vaxt ayırdığınız üçün xüsusi təşəkkürlər.

– Siz sağ olun.

Aynur NƏBİLİ

 





30.01.2013    çap et  çap et