525.Az

Fəridə Hacıyevanın şeirləri


 

Fəridə Hacıyevanın <b style="color:red">şeirləri</b>

TƏNHALIQ 

Ürəyimdə

                   bir inilti,

            bir hicran.

Doğmalarım

Ah, yadıma düşübdü.

O qayğılı,

              o dünənki,

         günlərim

Saçlarımın ağ

               tağına düşübdü.

Nələr gəlir,

     nələr keçir

             önümdən

Qəribsəyib

               mən qalmışam

Tək-tənha.

Qardaşların

          tamarzısı olmuşam.

Əl uzalı,

   gümanım yox

                     sabaha.

Faniliyin

    sərt üzünə

                bələdəm.

Əyrisini,

      mən düzünü

                 görmüşəm.

Öz-özümü

          tanıyandan,

                        biləndən.

Bu dünyanın

                  hər üzünə

   gülmüşəm.

 

GÖRÜN

 

Ürəyimin yağı gedib.

Xoş günlərin ağı gedib,

Cavanlığın bağı gedib,

Qaldım boylana-boylana.

 

Dağlar duman içindədi,

Çölüm nədi, içim nədi?

Könlüm hələ seçimdədi,

Gəzdim yaylana-yaylana.

 

Gün dolanıb, ömür ötüb,

Kimlər məni gəlib ötüb,

Qəm qüssədən əl götürüb,

Görün, haylana-haylana.

    

KÖNLÜMƏ

 

Dərgahımın qapısına çatmışam,

Hu... ərənlər, mənə bir yol göstərin.

Nəfəsimdə gül-çiçəyin qoxusu,

Qoy açılsın bu cənnətdə gözlərim.

 

Sizi görüb mən bir hala düşmüşəm,

Könül dinir, könül mənim həmdəmim,

Ney səsinin həzinliyi içimdə,

Öz dünyamın xoş dəmidi, xoş dəmi,

 

İnsanlığın sevgisini gəzirəm,

Torpağımın cadar-cadar üzündə.

Yerdə, göydə hər nə varsa gözəldi,

Xoş nidadı öz Tanrımın gözündə.

 

Dərgahımın hər pilləsi nurdu, nur,

Zərrə-zərrə nur çilənsin könlümə.

İlahi de, bu ruhumu ovundur,

Sevgi dolu bir ömür ver könlümə.

   

DÖNDÜM OZANA-OZANA

 

O günlərdə nər idim,

Dərdə tuş olub əridim.

Dedim qismətim bəridi,

Qaldı yazana-yazana.

 

İnsanlığı uca tutdum,

Eh... nələri qoca tutdum,

Öz könlümü saca tutdum,

Yolum uzana-uzana.

 

Yeri-göyü mən hayladım,

Dostu, canları huyladım,

Nəğmə deyib boy-boyladım,

Yandım yazana-yazana.

 

Gedə-gedə işıqlandım,

Göz görəsi uşaqlandım,

Könül dindi, aşıqlandım,

Döndüm ozana-ozana.

 

GƏLİR GÖZƏLLİK DƏMİ

 

Ürəyimi gəl oxu,

Gör ürəkdə nələr var.

Daş-kəsəyi qoparan,

Coşub-daşan sellər var.

 

Arzum könül xoşluğu,

Haylayıram, gəzirəm.

Yol üstə pirə dönüb,

Xoş məramlı nəzirəm.

 

Gözü-könlü tox olan,

Bir ürəkdi həmdəmim.

Tanrım! Şükürlər olsun,

Gəlir gözəllik dəmi.

 

DÖRDLÜK

 

Könül ola bilməz nadan,

Könül dərin bir kuzədi.

Ürəklərə od paylayan,

Sevgisiylə göz-gözədi.

 

Ömrümüzün xoş məqamı

Tanrıdandı tanrıdan.

Gözəlliyi hali edib,

Yeri, göyü yaradan.

 

Göz önündən keçən deyil bircə an,

Ürəyimdə neçə nəğmə, neçə söz.

Öz könlümün ağrısıyla gedirəm,

Bu yolların dağ yükünə bircə döz.

 

Əfəndimin dərgahına çatmışam,

Bu yolların nuru gülür üzümə.

Dörd yanında gül-çiçəklər dövr edir,

Gözəlliklə zikr eyləyən özüməm.

 

DÜŞMÜŞƏM

 

Gecə yarı, yuxu itib gözümdən,

Səslənirəm vallah özüm-özümdən,

Bədirlənmiş ay süzülür sözümdən,

Ulduzların mən sehrinə düşmüşəm.

 

Kövrəkliyim bu gecənin qonağı,

Görən necə açılacaq sabahım,

Nə yaxşı ki, göylər mənim pənahım,

Tənhalığın tən qəhrinə düşmüşəm.

 

Öz könlümə həmdən gəzən mənəm, mən,

Nə gəlir ki, bu bəndənin əlindən,

Xəta çıxmaz neynəsəm də dilimdən,

Dualarla öz əhdimə düşmüşəm.

 

SÜZƏCƏM

 

Göydən yerə səpələndi ulduzlar,

Öz könülmün istisinə qızındım.

Hara baxdım sevgi gördüm dopdolu,

Allı-güllü söz dünyamı qazandım.

 

Gördüklərim mələkləndi gözümdə,

Üzərriyin topasına ad vurun.

Şirin-şəkər dəstə yığın sözümnən,

Qəlbi kövrək ürəkləri ovudum.

 

Arzularım-istəklərim təzə-tər,

Çiçəklənib, əl uzadıb üzəcəm.

Yerdə, göydə, bu aləmdə sehrə bax!

Gözəlliyin havasında süzəcəm.

 

NƏFƏS DÜŞÜB

 

Dünyam əlvan geyindi,

Bu yer, bu göy mənimdi,

Nəğmələrim dilləndi,

Könlümə bir səs düşüb.

 

Nəfsimə yiyələndim,

Göydən tutub yelləndim,

Aşıb-daşıb selləndim,

Eləcə səsə düşüb.

 

Arzularım qanadlı,

Yol yodlaşım ağ atlı,

Haray salıb ayıltdı,

Könlümə nəfəs düşüb.

    

PAYIZ

 

Payız duman içindədi,

Çən-çiskini ələ düşməz.

Günəşin qızıl telləri,

Soyuyubdu, gülə düşməz.

 

Payız halıma bənd olub,

Qəhərlənsəm leysan tökər.

Geyib xəzandan donunu,

Əl götürüb burdan köçər.

 

Payız toyum, büsatımdı,

Daşan da mən, coşan da mən.

Dərdi içimə yükləyib,

Qəm dağını aşan da mən.

 

ŞUŞAM HEY...

 

Könlüm para-paradı.

Yolum bilməm haradı,

Üzüm yaman qaradı,

Şuşam mənim, Şuşam hey...

Dərdlərimlə qoşam hey...

 

Həsrət qaldım havana,

Sevgi dolu yuvana,

Çən-çiskinlə dumana

Sözüm vardı, Şuşam hey...

Dərdlərimlə qoşam hey...

 

Qubarlayıb qalanım,

Məni məndən alanım,

Yol göstərin yollanım,

Şuşam mənim, Şuşam hey...

Dərdlərimlə qoşam hey...

 

TALAN CANIM

 

Ürəyimdə söz gəzdirdim,

Oda düşüb köz gəzdirdim,

Bir kölgəli üz gəzdirdim,

Üzü qara qalan canım.

 

Haray sallam dağa-daşa,

Ünüm yetməz yar-yoldaşa,

Dağ-dərəni aşa-aşa,

Saçlarımı yolan canım.

 

Yüyrükləri boşa gedən,

Ələyimlə başa gedən,

Şəhidləri qoşa gedən,

El-obasız talan canım.

 





30.01.2013    çap et  çap et