525.Az

Azərbaycanın artan uğurları və Qərbin “qəribə” narahatlığı


 

Azərbaycanın artan uğurları və Qərbin “qəribə” narahatlığı

Emin HƏSƏNLİ,
politoloq

Avropa Parlamentinin Ramil Səfərovun əfvi ilə bağlı əsassız və ədalətsiz qətnamə qəbul etməsi bir daha göstərdi ki, Azərbaycana münasibətdə Qərb hələ də öz ənənəvi ikili standart siyasətindən əl çəkmək niyyətində deyil. Bu addım həm də onun göstəricisi oldu ki, Avropada, ümumən dünyada bəzi qüvvələr Azərbaycanın müstəqil siyasət yürütməsini, öz milli və dövlətçilik maraqları ilə səsləşən qərarlar qəbul etməsini heç cür həzm edə bilmir.

Əslində, bunu onların nöqteyi-nəzərindən tamamilə təbii hesab etmək də mümkündür. Çünki rəsmi Bakı ən müxtəlif sahələr üzrə qətiyyətli mövqedən irəli gələn inamlı addımlar atır, ən müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərlə davamlı uğurlar əldə edir. Bütün bunlar isə neçə vaxtdan bəri özü siyasi və iqtisadi böhran içərisində olan Qərbdə, həmçinin Azərbaycana qeyri-səmimi münasibət bəsləyən digər beynəlxalq dairələrdə açıq qısqanclıq doğurur. Onlar hər zaman böyük maraq göstərdikləri, öz mənfəətlərinə cavab verən dərəcədə zəif, asılı görmək istədikləri, çox vacib bir regionda yerləşən Azərbaycan kimi önəmli bir dövlətin müstəqil hərəkət etməsi ilə barışa bilmirlər. Ancaq proseslər onların arzulamadığı yöndə cərəyan edir, nəticədə Azərbaycan artıq özü öz yolunu seçən və bu yolla dönmədən irəliləyərək inkişaf edən dövlət kimi dünyada nüfuzlu mövqeyini gündən-günə daha da əzmlə təsdiqləyir.

Məlumdur ki, Ermənistan terrorçuluğu rəsmi siyasət səviyyəsinə qaldırmış və bunu hətta ən yuxarı kürsülərdən açıq etiraf etmiş oyuncaq bir dövlətdir. Eyni zamanda, regionda və dünyada sülhə, sabitliyə ciddi təhlük mənbəyidir. Belə bir ölkəyə havadarlıq etmək, onun çirkin maraqlarının qorunması üçün bir vasitəyə çevrilmək Qərbin demokratiya və digər sahələrdə bəyan edilən prinsiplərini gözdən salmaqdan başqa bir şeyə yaramır.

Cinayət törətdiyi barədə hökm verilmiş və cəzasının mühüm bir qismini çəkmiş Azərbaycan zabitinin beynəlxalq qanunlara uyğun şəkildə təhvil alınaraq ölkə qanunvericiliyinə əsasən əfv olunmasına Avropa parlamentarilərinin bir qisminin yersiz, sərt reaksiyası da bu yöndə növbəti qərəzli və yanlış addımdır. Ədalət anlayışına, demokratik prinsiplərə dəxli olmayan bu addım, sadəcə olaraq, müəyyən dairələrdə Azərbaycana qarşı olan kinli münasibətin, məkrli niyyətlərin daha bir təzahürüdür.

Məsələ burasındadır ki, həmin dairələrin müxtəlif yollarla müdafiə və himayə etdikləri əldəqayırma dövlət, yəni işğalçı Ermənistan get-gedə daha ağır vəziyyətə düşməkdə, məhv olmaqdadır. Bir ölkə üçün zəruri olan bütün parametrlər üzrə yanaşdıqda Ermənistanın iflasa uğramaqda olduğu özünü büruzə verir. Həm siyasi və iqtisadi cəhətdən, həm də beynəlxalq aləmdə mövqeyi baxımından Ermənistan bu gün dünya ölkələri sırasında ən sonuncu yerlərdən birini tutur. Azərbaycan isə çox-çox üstün səviyyədə olan və davamlı qaydada artan geniş iqtisadi imkanlara, yüksək siyasi mövqeyə, dünya miqyasında dönə-dönə özünü göstərən, etiraf edilən beynəlxalq nüfuza malikdir. Bir sıra regional və beynəlxalq layihələrin iştirakçısı olmaqla bərabər, Azərbaycan artıq bu cür layihələrin təşəbbüskarı və birbaşa icraçısı kimi öz aparıcı mövqeyini çoxdan təsdiqləyib. Ermənistandan və digər neçə-neçə ölkədən fərqli olaraq, Azərbaycan artıq yardım istəyən yox, başqalarına yardım təklif edən və real köməklik göstərən qüdrətli dövlət kimi qəbul edilir.

İqtisadi gücü, geniş maliyyə imkanları, möhkəm daxili sabitliyə nail olması Azərbaycanı xarici siyasətdə, digər ölkələrlə münasibətlərdə də kifayət qədər müstəqil hərəkət edən, sayılan dövlətə çevirib. Bir çox dünya əhəmiyyətli toplantıların, istər siyasi-iqtisadi, istərsə də iri mədəni tədbirlərin, sanballı idman yarışlarının mərkəzi kimi seçilməsi də buna parlaq sübutdur.
Milli maraqları dönmədən müdafiə etdiyini, öz vətəndaşlarına sahib çıxdığını Azərbaycan dövləti təkcə zabitimizin azad olunmasıyla deyil, İranda saxlanılan gənc yazarlarımızın sərbəst buraxılıb vətənə qaytarılmasıyla da sübut etdi. Sonadək iradəli, qətiyyətli mövqe tutmaqla Azərbaycan dövləti öz qüdrətini yenidən bütün dünyaya nümayiş etdirmiş oldu. Digər tərəfdən, bu addımların həm Macarıstanla, həm də İranla münasibətlərə heç bir xələl gətirmədən, əksinə, tərəfdaşlığı daha da möhkəmləndirərək həyata keçirilməsi rəsmi Bakının çox dəqiq, mükəmməl hesablanmış xarici siyasi kurs yürütdüyündən xəbər verdi.

Qardaş Türkiyənin baş naziri, müasir dövrün ən nüfuzlu siyasi xadimlərindən olan Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi, Prezident İlham Əliyevlə səmimi və dəyərli görüşlər keçirməsi son günlərin ən önəmli hadisələrindən oldu. Daha sonra Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin Fransaya səfəri, oradakı tədbirlərdə və toplantılarda etdiyi çıxışlar dünyanın diqqətini özünə cəlb etdi. Xarici iş adamlarının, iri şirkətlərin ölkəmizlə əməkdaşlığa göstərdiyi böyük maraq da nəzərdən yayınmadı. Bunlar Azərbaycanın inkişaf yolunda növbəti uğurlarından xəbər verən vacib məqamlardır.
 
Nəhayət, son proseslərin yenidən sübuta yetirdiyi başqa bir önəmli həqiqət budur ki, Azərbaycan dövləti indi Qarabağın, işğal altındakı ərazilərimizin azad olunması yolunda hər zamankından daha qətiyyətli və dönməz mövqe tutmaqdadır. Dövlətimizin, onun rəhbərinin Silahlı Qüvvələrə, doğma ordumuza son dərəcə yüksək diqqət və qayğı ilə yanaşması hər bir zabitə və əsgərə münasibətdə öz parlaq təzahürünü tapır. Bu isə, ordumuzun gücünə, torpaqlarımızın tezliklə azad olunacağına bəslənən inamı daha da artırır. Silahlı Qüvvələrimizin bugünlərdə Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı və bütün qoşun növlərinin iştirakı ilə keçirilən irimiqyaslı hərbi təlimi Azərbaycanın regionda ən güclü orduya malik olduğunu növbəti dəfə, hər cəhətdən təsdiqlədi. Bu möhtəşəm hərbi təlim Azərbaycan Ordusunun Ali Baş Komandanın əmrilə Qarabağa doğru çıxacağı zəfər yürüşünə həlledici hazırlıqlardan biri kimi dəyərləndirildi. Azərbaycan dövlətinin digər uğurları kimi, ordumuzun bu mühüm təlimi də, təbii ki, xalqımızı ürəkdən sevindirdi, düşməndə və onun havadarlarında isə dərin təşviş doğurdu.

 





22.09.2012    çap et  çap et