525.Az

“Atropatena dastanı”nın Türkiyə uğuru


 

“Atropatena dastanı”nın Türkiyə uğuru<b style="color:red"></b>

“...Ədəbiyyatda yalnız bir qanun var: oxucunun ürəyinə yol tapa bilmək. Bunu bacardınsa, deməli, səni tez bir zamanda tanıyıb sevəcəklər. Yox, əgər oxucu sevgisini qazana bilmədinsə, deməli, tezliklə unudulacaqsan. Bu həqiqi sevgidir...”  Bu fikirlərin müəllifi, yazıçı, beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin əsərləri xarici oxucuların da qəlbinə yol tapmaqdadır. V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan “Eksmo”nun müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən (“Tunc Allahın yükü”- 2007, “Cəllad tələsməyi sevmir”- 2008, “Heksogenli yol yoldaşı”- 2010) əsərlərin müəllifi kimi tanınır. V.Məmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının (“Tunc Allahın yükü”), Azərbaycanda isə dastan janrında yazılmış ilk epik əsər olan “Atropatena dastanı” (2010) trilogiyasının müəllifidir.

Son dövrlərdə yazdığı povest və hekayələr dünyanın bir neçə ölkəsində oxucu marağına səbəb olub, onu istedadlı yazıçı kimi tanıdıb. Onun qısa müddət ərzində böyük oxucu kütləsinin rəğbətini qazanması intellektə, fəlsəfi düşüncəyə malik, maraqlı süjet xətti qurmağı bacaran və məhsuldar yazıçı olduğuna dəlalət edir. V. Məmmədlinin əsərləri Rusiyada, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Hindistanda və digər ölkələrdə çap olunub.

Türkiyənin məşhur “İz yayınçılıq” nəşriyyatı yazıçının “Atropatena dastanı” romanının nəşr hüququnu 10 il müddətinə alıb və kütləvi tirajla çap edib. Əsəri Türkiyə türkcəsinə Azərbaycanda yaxşı tanınan qələm adamı, İstanbul Universitetinin professoru Fəthi Gədikli çevirib. Kitab bu həftədən qardaş ölkənin oxucularına təqdim olunacaq. Artıq romanın digər dillərdə də çap olunması üçün dünyanın bir çox tanınmış nəşriyyatları ilə müəllif tərəfindən müqavilələr imzalanıb. Bu ilin may ayında dastanın Almaniya və Avstriyada, sentyabr ayında isə Bolqarıstan, Çexiya və Çində nəşrləri nəzərdə tutulur.

G.MUSA

 





30.01.2013    çap et  çap et