525.Az

Əsirlikdən azad olunan 31 nəfər cinayət əməllərinə görə məhkum olunub


 

Əsirlikdən azad olunan 31 nəfər cinayət əməllərinə görə məhkum olunub<b style="color:red"></b> Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır.
 
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin  yekunlarına həsr olunmuş iclasda Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.
 
Şahin Sayılov deyib ki, bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Fərəcov Firuz Mirzə oğludur. Onun sözlərinə görə, erməni tərəfinin bildirdiyinə görə, guya Firuz Fərəcov Vətənə qayıtmaqdan imtina edir. Ümumiyyətlə, azərbaycanlı əsirlərin qayıtdıqdan sonra repressiyalara, təzyiqlərə məruz qalması, incidilməsi, cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar Vətənə qayıtmaqdan imtina etmələri barədə ermənilər tərəfindən xeyli böhtan xarakterli məlumatlar yayılıb: “Bu iftiraların ortaya atılmasının əsas səbəblərinin ictimaiyyətə çatdırılması, mahiyyətinin açıqlanması Dövlət Komissiyasının vacib vəzifələrindən biri olmuş, bunların erməni tərəfinin siyasi oyunu olduğu, təxribat xarakteri daşıdığı dəfələrlə bəyan edilib. Əsirlərimiz saxlanma yerlərində mənəvi-psixoloji təzyiqlərə, guya Vətənə qayıtdıqda həbs olunacaqları, incidiləcəkləri barədə yalan və böhtanlara məruz qalıblar. Əslində, əsirlikdən azad olunmuş 1042 vətəndaşımızdan cəmi 31 nəfəri heç də əsir düşdüklərinə görə deyil, məhz konkret cinayət əməllərinə görə məhkum olunublar”.
 
Şahin Sayılov qeyd edib ki, 1994-cü il iyulun 3-də Bakı metropolitenin sərnişin qatarında xeyli insan tələfatı ilə nəticələnmiş partlayış törədən əsirlikdə məxfi əməkdaşlığa cəlb edilmiş vətən xaini Azər Aslanov erməni əsirliyində olarkən öz həmvətənlərinə işgəncələr verən, onları alçadan İlham Qurbanov, “ağ bayraq” qaldıraraq əlində silah düşmənə könüllü təslim olub, satqınlıq etmiş Nizaməddin Bayramov və başqaları bu qəbildəndir: “Çoxsaylı faktlar göstərir ki, erməni xüsusi xidmət orqanları Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyətində azərbaycanlı əsir və girovlardan fəal istifadə edir, onlar vasitəsi ilə terror və digər düşmənçilik əməllərini həyata keçirirlər. 107 nəfərin erməni əsirliyində olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilmişdir. Onların böyük əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmayıblar”.
 





30.01.2013    çap et  çap et